Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1778/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın inspektorları X2, X3, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru, polis mayoru Məmməd Əliyevin iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nin əməkdaşları ilə mübahisə edərək onları təhqir etmişdir. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin sahə inspektoru Məmməd Əliyev izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu zaman Şəxs narazı qalaraq səs-küy salmağa başlamış, polis əməkdaşları tərəfindən 25-ci PŞ-nə gətirilmişdir. Burada raportla məruzə edildikdən sonra tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Şəxs polis şöbəsində də polis əməkdaşlarını təhqir etmədiyini, onlara söymədiyini bildirmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nın inspektoru polis kapitanı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində “Toyota Prius” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işığında hərəkəti davam etdirdiyi üçün onun və X7 tərəfindən saxlanılmış, sürücü Şəxs hüquq və vəzifələri izah olunduqdan sonra X7 tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu zaman sürücü səs-küy salaraq onlara qarşı hörmətsizlik etməyə başlamış, ətrafdakı insanların diqqətini cəlb etmiş, həmçinin “sizin xidmətiniz mənim yanımda heçnədir, şərəfsiz, kişi deyilsiniz” kimi ifadələr işlədərək onları təhqir etmişdir. Bundan sonra Şəxs 25-ci Polis Şöbəsinə gətirilmiş, orada raportla müraciət etdikdən sonra barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Bakı şəhər BPİ-nin DYPİ-nin YPXA-nın inspektoru polis baş serjantı X1 Elşən Səhədulla oğlunun izahatına uyğun izahat verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirdi ki, özü taksi fəaliyyəti ilə məşğul olur. 29 mart 2023-cü il tarixdə səhər 09:30 radələrində saatlarında Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində “Toyota Prius” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən svetoforun yaşıl işığı yandığından hərəkəti davam etdirmiş, lakin bu zaman qarşıdakı avtomobillər qəflətən sürəti azaltmış, nəticədə özü də bilmədən svetoforun sarı işığında yolu keçmişdir. Bundan sonra avtomobili saxlamış, polis əməkdaşları ona yaxınlaşaraq barəsində inzibati xəta haqqında protokol tərtib etdikləri zaman o, müharibə iştirakçısı olduğunu, döyüşlərdə xəsarət aldığını, hazırda cəriməni ödəməyə imkanı olmadığını bildirmiş və barəsində protokol tərtib edilməməsini xahiş etmişdir. Bundan əlavə heç bir söz deməmiş, polis əməkdaşlarını təhqir etməmiş, onlara qarşı heç bir hörmətsizlik əlaməti nümayiş etdirməmişdir. Daha sonra polis əməkdaşlarını tələbinə tabe olaraq onlarla birlikdə 25-ci Polis Şöbəsinə getmiş, polis şöbəsində olarkən də təqsirsiz olduğunu, polis əməkdaşlarına qarşı hörmətsizlik etmədiyini, ictimai qaydanı pozmadığını bildirsə də barəsində əsassız olaraq İXM-nin 510cu maddəsi ilə protokol tərtib olunmuşdur. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nın inspektorları Elşən Məmmədov və Sənan Əlizadə tərəfindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin ünvanına tərtib etdikləri raportda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində “Toyota Prius” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işığında hərəkəti davam etdirdiyi üçün saxlanılmış, sürücü Şəxs hüquq və vəzifələri izah olunduqdan sonra X7 tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu zaman Şəxs səs-küy salaraq polis əməkdalarına hörmət etməmiş, qışqır-bağır salaraq ətrafdakı vətəndaşların diqqətini cəlb etməyə başlamışdır. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inibati xəta törədilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyib və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinin məzmunundan görünür ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati xətanın törədilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1778/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1778/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver