Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1778/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 22 mart 2024cü il tarixli, EQ/ seriyalı, 20093787 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 22 mart 2024cü il tarixli, EQ/ seriyalı, 20093787 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 5.9 yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) üçün sürücülük hüququnun məhdudlaşdırılması əsas gətirilərək AR İXM-nin 327.1-ci və 332.3-cü maddələri ilə barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bildirir ki, Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarına əsasən barəsində yazılmış cəriməni ödəmədiyindən sürücülük hüququ məhdudlaşdırılmışdır. Yazılmış cəriməni ödədikdən sonra Lerik Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərarına əsasən həmin məhkəmənin 06 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş və sürücülük hüququ bərpa olunmuşdur. Sürücülük hüququnun bərpa edilməsi barədə qərar icra edilməsi üçün müvafiq orqana göndərilməsinə baxmayaraq, qərar icra edilməmişdir. Qərarda göstərilən ünvanda, yəni Nizami rayonu, Q.Qarayev prospektində AR İXM-nin 327.1-ci və 332.3-cü maddələri ilə ona yazılmış cərimə əsassızdır. Belə ki, həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə həmin avtomobili o, idarə etməmişdir, bu barədə şahidləri də vardır. Dəfələrlə etdiyi müraciətdən sonra həmin qərarın surəti ona xx.xx.2024-cü il tarixdə verilmiş və əsasında Nizami rayon DYP əməkdaşları tərəfindən ona bildirmişlər ki, son etibarnamə onun adına olduğundan həmin nəqliyyat vasitələrinə yazılmış bütün cərimələr onun adına gəlir. O, etmədiyi inzibati xətaya görə niyə cərimə ödəməlidir? Həmçinin o, nəqliyyat vasitəsi idarə edərkən bu səbəbə görə əsassız yerə DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılacağı ilə hədələnir. Bu da onun dəhşətli iztirab, mənəvi əzab çəkməyinə səbəb olur. Son illər ölkədə gedən islahatlarla bağlı hüquq sisteminin təkmilləşdirilməsi, əlavə süründürməçilik, lazımsız inzibatçılığa yol verilməməsi ilə bağlı ölkə başçısının qəti göstərişləri vardır. Lakin buna baxmayaraq belə halların baş verməsi ölkə başçısının daxili siyasətinə kölgə salır, eləcə də məhkəməyə olan inamı sarsıdır. Çünki, məhkəmə qərarlarının məmurlar tərəfindən haqsız yerə icra edilməməsi vətəndaşlarda məhkəmə sisteminə olan inamı sarsıdır. Qeyd olunanları nəzərə alaraq, barəsində tərtib edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 22 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, axırıncı etibarnamə onun adına olsa da, maşını 22 mart 2024-cü il tarixdə qardaşı idarə etmişdir. Buna baxmayaraq, hər hansı araşdırma aparılmadan onun barəsində protokol tərtib edilmiş və tənbeh olunmuşdur. Həmçinin, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarına onun vəsatəti əsasında həmin məhkəmənin 06 mart 2024-cü il tarixli qərarı ilə xitam verilmiş, 14 mart 2024-cü il tarixdə rəsmi qaydada poçtla göndərilmiş və 18 mart 2024-cü il tarixdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə çatdırılmışdır. Bunu təsdiq edən poçt sənədlərini məhkəməyə təqdim etmişdir. Lakin həmin hal nəzərə alınmadan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi 22 mart 2024-cü il tarixdə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Hesab edir ki, bununla da onun hüquqları pozulmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 22 mart 2024-cü il tarixli, EQ/ seriyalı, 20093787 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Q.Qarayev prospektində 22 mart 2024-cü il tarixdə saat 13:44-də “VAZ 21074 minik” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “5.9 yol nişanının tələbinə riayət edilməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq), nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 300 manat cərimə tənbeh növü tətbiq edilmişdir; -Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 3(048)-306/2023 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmuşdur; -Lerik Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 3(048)-306/2023 nömrəli qərarından görünür ki, X1 vəsatətinə əsasən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair həmin məhkəmənin 06 noyabr 2023-cü il tarixli qərarına xitam verilmişdir; -Lerik Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 3(048)-306/2023 nömrəli məktubundan görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair həmin məhkəmənin 06 noyabr 2023-cü il tarixli qərarına xitam verilməsi barədə 06 mart 2024-cü il tarixli qərar icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir; -Poçt qaiməsindən görünür ki, Lerik Rayon Məhkəməsinin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış 06 mart 2024-cü il tarixli 3(048)-306/2023 nömrəli məktubu 14 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə göndərilmişdir; -"xxxx" MMC-nin poçt göndərişlərinin izlənilməsinə dair məlumatından görünür ki, qeyd olunan məktub 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir; 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur; 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır; 153.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin Xİİİ hissəsinin 1-ci 2-ci hissələrinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X1 İXM-nin 332.3-cü maddəsi ilə inzibati qaydada tənbeh olunmasına, onun Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 3(048)-306/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunması səbəb olmuşdur. Belə ki, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə Lerik Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 3(048)-306/2023 nömrəli qərarı ilə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış X2 inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən, həmin şəxsin vəsatəti əsasında, İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinin tələbinə uyğun olaraq, 06 noyabr 2023-cü il tarixli qərara onu qəbul etmiş məhkəmə tərəfindən 06 mart 2024-cü il tarixdə xitam verilmişdir. Sözügedən 06 mart 2024-cü il tarixli qərar 14 mart 2024-cü il tarixdə icra olunması üçün poçt vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, 18 mart 2024-cü il tarixdə həmin idarəyə çatdırılmışdır. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, onun icrası barədə məlumat dərhal Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sisteminə daxil edilməmişdir. Məhkəmə qərarının müvafiq orqan, onun vəzifəli şəxsi tərəfindən icra edilməməsi və ya vaxtında icra edilməməsi nəticəsində X2 əsassız olaraq inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilmişdir. Hansı ki, məhkəmənin qənaətinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, onun icra edilməyib şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatın mərkəzi informasiya sistemindən silinməməsi, sonda vətəndaşın daha ağır inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsinə əsas ola bilməz. 22 mart 2024-cü il tarixdə saat 13:44-də “VAZ 21074 minik” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 5.9 yol nişanının tələbinə riayət etməməsi (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) ilə bağlı məsələyə gəldikdə, nəzərə alınmalıdır ki, qərarı mübahisələndirən X1 bildirdiyinə görə, o, qeyd olunan vaxt həmin nəqliyyat vasitəsini idarə etməmişdir. Burada, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olması barədə qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın məhz X2 tərəfindən idarə olunmasına dair sübutlar mövcud deyildir, mübahisələndirilən qərarı qəbul etmiş orqan tərəfindən isə belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati qərar qəbul edilərkən digər prosessual pozuntuya da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X2 mübahisələndirilən qərar əsasında Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsə də, İnzibati Xətalar Məcəlləsinin Ümumi hissəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərkən həmin Məcəllənin 34.3-cü maddəsinə istinad olunmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələri ilə 300 manat məbləğində inzibati cərimə edilməsinə dair 22 mart 2024-cü il tarixli, EQ/ seriyalı, 20093787 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1778/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1778/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver