Məhkəmə qərarları › İş №3(007)-178/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-178/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-178/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 15 yanvar 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, məh.3205, ev 1, mənzil 32-də yaşayan, X2 barəsində Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 15.09.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 60 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Həmin qərardan X3 şikayət verərək, Bakı şəhər DYPİ tərəfindən barəsində qəbul edilmiş, inzibati tənbeh vermə haqqında 16.12.2021-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 15 sentyabr 2021-ci il tarixdə müvafiq icra hakimiyyətinin informasiya sisteminə inteqrasiya olunmamış, “Təhlükəsiz şəhər” xidmətinin kamerası vasitəsi ilə inzibati xəta hadisəsi aşkarlanmışdır. Hadisədən 1 ay sonra Bakı şəhər DYPİ əməkdaşı onunla əlaqə saxlayaraq protokol tərtib olunması üçün idarəyə yaxınlaşmalı olduğu bildirilmişdir. Qeyd olunan halın İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinin tələblərinə uyğun olmadığını bildirərək idarəyə yaxınlaşmaqdan imtina etmişdir. Təxminən 04 ay sonra 16.12.2021-ci il tarixdə qərar qəbul olunaraq inzibati protokol tərtib olunmuş və elektron kabinetə yerləşdirilmişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən ona ünvanlanmış 05.01.2022-ci il tarixli məktubda müraciətinin təmin olunmadığı qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi haqqında məhkəməyə ərizə təqdim etmişdir. İnzibati işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, verilmiş şikayəti inzibati xəta haqqında iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, şikayətin dəlillərinə münasibətdə X2 “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 15.09.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində törətmiş olduğu inzibati xətanın X1 tələblərinə uyğun olaraq qeydə alınması faktı araşdırılmalı və bundan sonra faktla bağlı müvafiq qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, araşdırma materiallarının olmaması səbəbindən R.A.Kazımovun barəsində qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsi barədə qəti qənaətə gəlmək mümkün qeyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin, 100.1-ci madəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər DYPİ tərəfindən X2 barəsində qəbul edilmiş 16.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar