Məhkəmə qərarları › İş №3(007)-1787/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1787/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1787/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi ev 4, mənzil 33-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 20 mart 2023-cü il tarixdə saat 17:46-da idarə etdiyi **-DA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, 30 mart 2023-cü il tarixdə dostunun toy karvanında hərəkət edərkən Nizami rayon DYP əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. Əmrə tabe olaraq idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və bu zaman çox kobud polis məmuru avtomobilə yaxınlaşaraq, özünü təqdim etmədən, ona nəyə görə saxla əmri verdiyini bildirmədən sənədlərini tələb etmişdir. O, sənədlərini təqdim etmiş və hər şey bundan sonra başlamışdır. Polis məmuru avtomobilin üzərinə bəzək kimi vurulmuş fatanın dövlət nömrə nişanının üzərini bağladığını bəhanə gətirərək nəqliyyat vasitəsini cərimə meydançasına aparacağını demişdir. O isə fatanın küləyin təsiri ucbatindan nömrənin üzərinə düşdüyünü, bəzək kimi vurulmuş fatanın tül materialından olduğunu və nömrənin oxunduğunu, avtomobildə digər şəxslərin olduğunu, cərimə meydançasına aparılmağının qeyri-qanuni olduğunu bildirsə də DYP əməkdaşı buna məhəl qoymamışdır. Tutaq ki, o, həqiqətən də hazırda icraat aparılan inzibati xətanı törətmişdir, DYP əməkdaşı sistem vasitəsi ilə görə bilərdi ki, o, ilk dəfədir bu tip qayda pozuntusu edir. Ümumiyyətlə isə qayda pozuntularının xarakterinə baxıb, onunla fərdi söhbət əsnasında özü üçün onun psixoloji portretini müəyyən edə bilərdi. Bundan sonra isə ona yazılı xəbərdarlıq tətbiq edə bilərdi. Yəni, bir sözlə, DYP əməkdaşı sadə bir xəbərdarlıqla məsələni həll edə bilərdi. Çünki o, heç bir qayda pozuntusuna yol verməmişdir. O, sadə bir vətəndaşdır, saç ustası kimi fəaliyyət göstərir. Ailə-uşaq sahibidir, bundan başqa vergi və icarə haqqı da ödəyir. DYP əməkdaşının onu bu yol ilə sıxmaqla 500 AZN cərimə onun büdcəsi üçün çoxdur. O, bəlkə də DYP əməkdaşının istədiyini ona versəydi ona bu cərimə yazılmayacaqdı. Amma o, nümunəvi vətəndaş olmağa çalışır. Qayda pozuntusu törətsə də, törətməsə də, qanundan kənar sövdələşmələrə getmir. Bu halda isə o, ümumiyyətlə inzibati xəta törətməmişdir. Göstərilənlərə əsasən barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, yazılı etirazda göstərilənlərin əsasının olmadığını, Şəxs saxlanılması və protokolun tərtibi zamanı qanunsuz hərəkətə yol verilmədiyini göstərmiş və protokol əsasında həmin şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazının dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, avtomobilin qabaq nömrəsinin üzərinin açıq olduğunu, bəzək kimi vurulmuş fatanın isə küləyin təsiri ucbatindan nömrənin üzərinə düşdüyünü göstərmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakları ilə iş materiallarına əlavə olunmuş 01 ədəd CD diskdə olan video görüntülərə baxış zamanı inzibati xəta haqqında protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs yazılı etirazında və izahatında göstərilənləri onun şəxsi mülahizələri kimi qəbul edərək qeyd edir ki, həmin hallar inzibati xəta hadisəsinin baş verdiyini istisna etmir, onun həmin xətanın törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Bununla əlaqədar, məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük, yəni bəzək üçün olan fata hal-hazırda mövcud olmamaqla dəyəri olmadığından həmin predmetin müsadirə edilməsi mümkün deyil, mövcud olmayan əşyanın müsadirəsi ilə bağlı qərar qəbul edilməsi isə onun icrasız qalması ilə nəticələnəcəkdir, ona görə inzibati xəta törətmiş şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin tətbiq olunması kifayət edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar