Məhkəmə qərarları › İş №3(007)-18/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-18/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-18/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ Baş Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ Baş Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şəhid ailəsidir, himayəsində 2 qız övladı var. Tək başına baxır. Həyatın bütün çətinliyinə baxmayaraq bu övladlarını böyüdüb bu günə çatdırmışdır. Biri tələbədir. Özü 3 dəfə xəstəlikləri ilə əlaqədar ağır əməliyyatlar keçirmişdir. Anası şəkər xəstəsi və İİ qrup gözdən əlildir. Həyatının qalan günlərini daima əlil arabasında keçirir. Bütün bunları yazmaqla necə ağır bir həyat, maddi cəhətdən nə qədər çətinliklər çəkdiyinin bilinməsini istəyir. Yaşı və xəstəlikləri imkan versəydi, bu gün də işləyərdi. Müavinət ümidinə qalmazdı. Hazırda yaşlı və xəstə anasına qulluq edir, baxmayaraq ki, özü də ağır xəstədir. Anasının ağır xəstəliyi və yeriyə bilməməsinə görə vaxtı ilə mərhəmətli bir qohumları özünə məxsus bir maşını anasının adına keçirmişdir ki, onunla anasını çöl-bayıra çıxarıb gəzdirə bilsinlər və həmin maşını da anası etibarnamə ilə ona vermişdir. Uzun vaxtdır ki, bu maşınla anasının və özünün əziyyətlərini qismən yüngülləşdirir. Son vaxtlar pandemiya ilə əlaqədar anasının və özünün dərmanlarını apteklərdən tapmaqda çətinlik çəkmişdir. Növbəti çətinlik zamanı Neftçilər prospekti ərazisində yaşayan qohumuna zəng edərək, axtardığı dərmanın onların aptekində olubolmadığını soruşmuşdur. Qohumu bildirmişdir ki, dərman onların yanındakı aptekdə var. Bundan sonra axşamla qohumgilə, qohumdan borc götürərək lazımlı dərmanları götürmüş və anası ilə əlaqə saxlamışdır ki, səhər tezdən dərmanları çatdıracaq. Səhər tezdən Neftçilər prospektindən gələrkən DYP-nin əməkdaşları onu saxlamışlar. Bundan əlavə həmçinin Nizami rayon prokurorluğunda müstəntiq Tural Hümmətzadə 09:00-da başqa bir iş üçün ona çağırış vermişdir. SMS yoxlaması aparanda ona demişlər ki, SMS yazmamışdır, qaydanı pozmuşdur. Telefonu onlara vermiş və göstərmişdir ki, həm telefonun “zaryatkası” qurtarıb, həm də xəstəliyi ilə əlaqədar yaddaş pozğunluğu var, bu da aldığı dərmanlardır. Bundan əlavə arayışını təqdim etsə də, özünü çox kobud aparan və protokol tərtib edən əməkdaş dediklərinə heç bir məhəl qoymamışdır. Məcbur qalıb şəhid ailəsi olduğunu, qanunla ona xəbərdarlıq etməli olduğunu desə də, istehza ilə gülməyə başlamışdır. Bütün bunlardan sonra şikayət edəcəyini dedikdə, nə bacarırsan et, etməsi ilə onu yola salmışdır. Bir şəhid ailəsi olmağını və yuxarıda qismən sadaladığı maddi çətinliklərini nəzərə alaraq, istisna hal kimi ona yazılmış 200 manat cərimənin ləğvini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ Baş Dövlət X9 nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünü YPX inspektoru X5 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 08:08-də Neftçilər prospektində X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində protokol tərtib edilmişdir; -Bakı şəhər BPİ Baş Dövlət X9 əməkdaşı X3 tərəfindən qəbul edilmiş xx xxxx 2020ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin” tələblərini pozduğuna görə xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxx 2020-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri X2 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, müvafiq iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmış; müəyyən edilmiş şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə icazə verilmiş; digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və zəruri sahələr üzrə orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi müəyyən edilmiş; belə şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməsi şərti ilə icazə verilmişdir. Qərarın 2-ci bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli qərarına əsasən Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti xx xxxx 2020-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən (inzibati xəta hadisəsinin törədildiyi xx xxxx 2020-ci il tarixdə qüvvədə olmuş) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edildiyi kimi, Nazirlər Kabinetinun müvafiq qərarları ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhəri və digər ərazilərdə müvafiq dövlər üçün, o cümlədən inzibati xəta hadisəsinin törədildiyi xx xxxx 2020-ci il tarixi əhatə edilməklə, məhdudiyyətlər tətbiq edilmiş, fəaliyyət və hərəkət etmələrinə icazə verilmiş şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə imkan verən hallar dəqiq müəyyən edilmiş, qərarlarda öz əksini tapmış, görülən tədbirlər, qəbul edilən qərarlar, insanların gözləyən real təhlükə (virusun geniş yayılma ehtimalı), ondan qorunmağın yolları barədə ictimaiyyət geniş məlumatlandırılmışdır. Qərardan şikayət vermiş X1 özünün də etiraf etdiyi kimi, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri ərazisində hərəkətdə olarkən, o, müvafiq indeks üzrə müəyyən olunmuş saat çərçivəsində SMS icazə almamışdır. Belə olan halda, həmin halla bağlı əlavə yoxlama, araşdırma aparılması zərurəti qalmamışdır. Çünki, X2 qərardan şikayətinin əsasını təşkil edən hal kimi yalnız Nizami rayon prokurorluğunun müstəntiqi Tural Hümmətzadənin icraatında olan işlə bağlı xx xxxx 2020-ci il saat 09:00 üçün ona çağırış vərəqəsi verildiyini göstərmişdir. X1 irəli sürdüyü dəlil yoxlanılmış, qeyd edilən tarix və vaxt üçün Bakı şəhəri Nizami rayon prokurorluğuna dəvət olunması ilə bağlı onun adına çağırış vərəqəsi verilibverilməməsi barədə məlumat verilməsi, həmin çağırış vərəqəsinin təsdiq olunmuş surətinin məhkəməyə göndərilməsi üçün rəsmi sorğu verilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 880-xid-20 nömrəli məktubda göstərilmişdir ki, X1 övladı X4 tərəfindən “İnstaqram” sosial şəbəkəsində “Sonndeyqee” adlı səhifə vasitəsilə müxtəlif şəxslərin şəkillərinin paylaşılaraq nalayiq ifadələrlə təhqir edilməsi barədə ayrı-ayrı şəxslərin müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda hər hansı cinayətin tərkib əlamətləri olmadığından xx xxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Nüşabə Abdullayeva xx xxxx 2020-ci il tarixdə saat 09:40-da öz təşəbbüsü ilə rayon prokurorluğunun inzibati binasına gələrək, şifahi müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş qərarın surəti ona təqdim edilmiş və həmin gün saat 09:55-də sonuncu inzibati binanı tərk etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilən xx xxxx 2020ci il tarixli 208 nömrəli qərarının 1.9-cu bəndində müəyyən edilmişdir ki, şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. Göründüyü kimi, X1 həmin dəlili araşdırılmış, onun xx xxxx 2020-ci il tarixdə saat 08:08-də saxlanılıb, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol verib-vermədiyinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, həmin vaxt o, hüquq mühafizə orqanına, konkret olaraq Bakı şəhəri Nizami rayon prokurorluğuna çağırılmamış, bu barədə çağırış vərəqi verilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, X2 faktiki yaşadığı Nizami rayonunun ərazisində deyil, Nəsimi rayonunun Neftçilər prospektində saxlanılmışdır. Bununla da, X1 xx xxxx 2020-ci il tarixdə saat 08:08də yaşayış yerini və olduğu yeri tərk etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş qaydada icazəsi olmadığına görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarlarına, qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhər BPİ Baş Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar