Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1802/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 25 may 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini 19 aprel 2021-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X4 göstərmişdir ki, işdə olan sənədlərə əsasən polis orqanının sorğusu poçtla Bakı şəhəri, B.Nuriyev küçəsi, 30 ünvanına göndərilmişdir. Lakin sorğunu aldığı qeyd edilən "xxxx"un kim olduğu məlum deyil. Müəssisəyə məxsus avtomobil Fəxrəddin Novruzov adlı sürücü tərəfindən idarə edilsə də, həmin şəxs ünvan 1 ünvan satılmışdır və müəssisə Bakı şəhəri, Q.Qarayev prospekti, 125 ünvanında yerləşir. Bundan başqa müəssisə təxminən 7-8 il olar ki, fəaliyyətini dayandırmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, müəssisənin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxsnə ünvanlanmış bildirişdən görünür ki, müəssisəyə məxsus ** AS *** dövlət qeydiyyat nişanlı “Mercedes S500 minik” markalı avtomobilin iştirakı ilə 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, sorğunu alan şəxs “Novruzov F.M.” kimi qeyd olunaraq imza edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, həmin sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, müəssisəyə daxil olması öz təsdiqini tapmır. Xəbərnamədə göstərilən kimliyi, vəzifəsi, ümumiyyətlə müəssisəyə münasibətdə kimliyi məlum olmayan “Novruzov F.M” soyadlı şəxs isə qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Bu zaman nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs faktiki olaraq Bakı şəhəri, Q.Qarayev prospekti, 125 ünvanında yerləşir, DYPŞ-nin sorğusu isə müəssisənin fəaliyyət göstərdiyi ünvana göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusunun həmin müəssisəyə daxil olduğu öz təsdiqini tapmadığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1802/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1802/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver