Məhkəmə qərarları › İş №3(007)-1807/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1807/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1807/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-13924 saylı, xx.xx.2024--cü il tarixli icra sənədindən görünür ki, Şəxs 15056,25 manat əsas borc, 1,36 manat cərimə, 25 manat ödənilmiş dövlət üsumunun əvəzi olmaqla, cəmi 15082,61 manat borc pul Zərərçəkmiş şəxs ASC-nin xeyrinə tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar ilə Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-13924 saylı, xx.xx.2024--cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nizami rayon İcra Şöbəsinin icraatında olan 8İ-13924 saylı, xx.xx.2024--cü il tarixli icra sənədinə əsasən 15082,61 manat borcunu tam şəkildə ödəməmişdir. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı şəhəri 30 saylı Notariat ofisinin 8İ-13924 saylı, xx.xx.2024--cü il tarixli və 8İ-8161 saylı, xx.xx.2024-cü il tarixli icra qeydləri üzrə icra işi mövcuddur, müvafiq qərarlarla icra sənədinin icrasına başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu əmək haqqı və pensiya alır. Son 2 aydır pensiyasında "xxxx" ASCnin xeyrinə tutulmalar aparılır. Digər icra vərəqəsi üzrə isə "xxxx" ASC-yə olan borcun bir hissəsi ödənilmiş, 1386 manat borcu qalmışdır. Həmin öhdəlik başa çatdıqdan sonra bütün tutulmalar Zərərçəkmiş şəxs ASC-nin xeyrinə aparılacaqdır. Hazırkı halda tutulmalarla bağlı hər hansı problem yoxdur, lakin tələbkar Zərərçəkmiş şəxs ASC borcun tam şəkildə birdəfəlik ödənilməsini tələb edir, tutulmalarla razı deyil. Bu səbəbdən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, borcludan borcun hissə-hissə tutulması, pensiyasına yönəldilməsi onları qane etmir. Çünki borclunun başqa öhdəlikləri var. Həmçinin gələcəkdə də yenə başqa öhdəlikləri yarana bilər və tutulmalar həmin öhdəliklərə yönələ bilər. Bu səbəbdən borcun tam şəkildə birdəfəlik ödənilməsini tələb edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, banklardan kredit götürən zaman polis işçisi olmuş, daha sonra ixtisara düşdüyü və işdən çıxdığı üçün borcunu ödəyə bilməmişdir. Lakin hazırda başqa bir iş tapmışdır, həmçinin öhdəliklər pensiyasına yönəldilmiş, hər ay pensiyasının 50% miqdarında pul tutulur. Həmçinin 3-4 ay özü də 366 manat olmaqla borcundan ödənişlər etmişdir. Lakin sonra maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilməmişdir. Borcun ödənilməsindən yayınmır, "xxxx" ASC-yə olan borcu bitdikdən sonra 475 manat olmaqla hər ay Zərərçəkmiş şəxs ASC-yə ödənişlər edəcəkdir. Bütün bunları nəzərə alaraq barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, borclu borcun ödənməsindən qərəzli olaraq yayınmır, maddi imkanı olmadığı üçün ödənişlər edə bilməmişdir. Maddi imkanı olduqca ödənişlər etmiş, həmçinin pensiyasında da hər ay öhdəliklər üçün pul tutulut. Bütün bunları nəzərə alaraq məhkəmədən onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödənişlər etməsi, həmçinin tutmanın pensiyasına yönəldilməsi və hər ay pensiyasında öhdəliklər üçün tutulmaların aparılması icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar