Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1822/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 mart 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 144000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 25 fevral 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Şəxs MMC (“Sifarişçi”) və "xxxx" Production Association LLC (“Təchizatçı”) şirkətləri arasında xx.xx.2018-ci il tarixli 353 nömrəli təchizat müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Təchizatçı malları spesifikasiyalara uyğun tədarük etməyi, Sifarişçi isə onların dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Lakin məlum olduğu kimi, 24 fevral 2022-ci il tarixdə Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüz aktı həyata keçirməsi ilə əlaqədar Ukraynada hərbi vəziyyət elan edilmişdir. Hərbi vəziyyətin elan edilməsi ilə bağlı Təchizatçı tərəfindən öhdəliklərin yerinə yetirilməsi mümkünsüz olmuşdur. Sifarişçi tərəfindən dəfələrlə malların çatdırılması ilə bağlı müraciətlər edilmiş, Təchizatçı isə Sifarişçinin rəsmi elektron poçtuna ünvanladığı cavab məktubu ilə bildirmişdir ki, məhsullar göndərilməyə hazırdır, lakin təəssüf ki, işğal olunmuş ərazidə (Zaporoje vilayətində) yerləşən zavodda saxlanıldığından onların çatdırılması qeyri-mümkündür. Ödənişin geri qaytarılması tələb edilsə də, hərbi vəziyyət Ukraynanın bank sisteminin fəaliyyətinə mənfi təsir göstərdiyindən, yəni Ukrayna Milli X8 24 fevral 2022-ci il tarixli, 18 nömrəli qərarı əsasında, transsərhəd valyuta ödənişlərinə moratorium tətbiq edildiyindən, bu da mümkün olmamışdır. Bununla bağlı e-mail yazışmaları etiraza əlavə edilir. Mövcud faktlar səbəbindən hesab edirlər ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirib bilər (məsələn, fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla bu hallan barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İş üzrə mövcud materiallardan da görünür ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların ölkəyə idxal edilməsi və ya avans ödənişin geri qaytarılması fors major halın (Ukraynada müharibənin başlanması ilə bağlı hərbi vəziyyətin elan olunması, transsərhəd valyuta ödənişlərinə moratorium tətbiq edilməsi) baş verməsi səbəbi ilə mümkünsüz olmuş və İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməmişdir. Qeyd edilən faktlara əsasən hazırkı işdə İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinin tərkibi, ümumiyyətlə, mövcud olmadığından hesab edirlər ki, inzibati xəta haqqında protokol ləğv edilməli, Şəxs MMC inzibati məsuliyyətə cəlb edilmədən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, pul vəsaiti Ukraynaya aid "xxxx" Production Association LLC-nə ödənilmişdir, həmin şirkət tərəfindən mallar ölkəyə idxal edilməli idi. Ukrayna ərazisində məlum müharibə başladıqdan sonra elə həmin gün də hərbi vəziyyət elan edilmiş, ona görə mallar idxal oluna bilməmişdir. Bu halı fors major hal hesab edirlər. Normanın qoyulmasında məqsəd cinayətin qarşısının alınması üçündür. Lakin bu halda onlar zərər çəkmişlər, fors major hal baş vermişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 qeyd olunanları müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin əsas məqsədi çirkli pul məsələsi, ölkədən kiminsə qanunsuz yolla pul çıxarmasının qarşısının alınmasıdır. Hansı ki, Şəxs MMC-nin belə bir şey etməsi mümkün deyil. Ukraynaya aid "xxxx" Production Association LLC-nin direktoru tərəfindən məktub yazılmış və onunla əsaslandırılmışdır ki, ölkədə hərbi vəziyyətlə əlaqədar olaraq idxal mümkün olmamışdır. Mərkəzi Bank da bildirir ki, onlara məlumdur ki, müharibə var və belə çətinliklər yaranır, lakin onlar protokolu məhkəməyə təqdim etməlidirlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 24 fevral 2022-ci il tarixdə 144000.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X8 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəməyə təqdim olunmuş sübutlarla, o cümlədən Ukrayna Respublikası Zaporojya Ticarət və Sənaye Palatasının Şəxs MMC ilə "xxxx" İstehsalat Birliyi MMC arasında yaranmış cari vəziyyətlə bağlı 01 may 2024-cü il tarixli 03.2/384 nömrəli məktubu ilə müəyyən olunur ki, 24 fevral 2022-ci il tarixindən etibarən Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında başlanmış müharibə nəticəsində Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli “Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında” Fərmana uyğun olaraq Ukrayna ərazisində hərbi rejim elan olunmuşdur. Eyni zamanda, X5 Olunmuş Ərazilərinin Yenidən İnteqrasiyası Nazirliyinin “Rusiya Federasiyası tərəfindən hərbi əməliyyatların hal-hazırda həyata keçirildiyi (keçirilmiş) və ya müvəqqəti işğal olunmuş ərazilərin siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 309 saylı əmrinə əsasən Zaporojya vilayətinin bütün ərazisi (Zaporojya şəhəri də daxil olmaqla) xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək aktiv döyüş əməliyyatları zonasında olmuşdur və Zaporojjya vilayətinin Dneprudne şəhəri (Müqavilə üzrə malların çatdırılma yeri) 2022-ci il mart ayının 13-dən etibarən müvəqqəti olaraq Rusiya Federasiyası tərəfindən işğal olunmuşdur. 2022-ci ilin 24 fevral tarixindən etibarən yaranmış yuxarıdakı vəziyyət müqavilələr üzrə təsərrüfat subyektləri üçün fövqəladə, qaçılmaz və obyektiv hal hesab olunur ki, belə fors major halların baş verməsi ilə müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin müqavilə üzrə müəyyən edilmiş müddətdə icrası qeyrimümkün olur. Bununla da, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 24 fevral 2022-ci il tarixdə müvafiq məbləğdə pul vəsaiti ilə bağlı köçürülmə aparıldıqdan sonra, həmin MMC-nin müqavilə bağladığı Ukrayna Respublikasında yerləşən "xxxx" Production Association LLC müqavilə öhdəliklərinə əməl edə bilməmişdir, buna səbəb isə 24 fevral 2022-ci il tarixindən etibarən Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında başlanmış müharibə nəticəsində Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli “Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında” Fərmana uyğun olaraq Ukrayna ərazisində hərbi rejim elan olunması, Zaporojya vilayətinin bütün ərazisinin (Zaporojya şəhəri daxil olmaqla) 12 mart 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək aktiv döyüş əməliyyatları zonasında yerləşməsi, bundan sonra isə Zaporojjya vilayətinin Dneprudne şəhərinin, yəni müqavilə üzrə malların çatdırılma yerinin 13 mart 2022-ci il tarixdən etibarən Rusiya Federasiyası tərəfindən ilhaq olunması olmuşdur. Belə olan halda, məhkəmə işin faktiki hallarını Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarı ilə gəlinən hüquqi mövqe baxımından qiymətləndirməklə, Şəxs MMC tərəfindən 144000.00 ABŞ dolları məbləğində olan vəsaitin bank hesabından 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsindən sonra, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal olunmamasını və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasını fors major hal kimi qəbul edir, belə qənaətə gəlir ki, bu, həmin hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir, ona görə Şəxs MMC-nin qeyd olunanlarla bağlı hərəkətlərində inzibati xəta tərkibi yoxdur, MMC-nin həmin xətanın törədilməsində təqsiri istisna olunur, ona görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1822/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1822/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver