Məhkəmə qərarları › İş №3(007)-1823/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1823/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1823/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X5 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxs X1, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin sahə inspektoru X7 iştirakları ilə, xx.xx.1994-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Nizami rayonu 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs X2 məxsus olan Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən evindən 2 ədəd profili, evin üstündə olan dəmir boruları və 1 ədəd armaturu oğurlayaraq, xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 23-cü Polis Bölməsinin sahə inspektoru X11 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında törətdiyi əməli etiraf etməyərək bildirdi ki, 2023-cü ilin fevral ayında öz evinin üstündə olan 1 ədəd profili həyətinin qarşısında olan bağa qoymuş, daha sonra evində aparılan təmir işləri üçün istifadə etmişdir. Həmin profilin Rahilə Haqverdiyevaya məxsus olduğundan xəbəri olmamışdır, lakin problem yaranmasın deyə Rahilə Haqverdiyevaya profilin pulunu təklif etmiş, o isə pulu qəbul etməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmək fikri yoxdur, yalnız oğurlanmış boru və materialların Rahilə Haqverdiyevaya məxsus olduğu sübut olunacağı təqdirdə dəymiş zərəri ödəyəcəkdir. Qeyd olunan səbəbdən təqsirsiz olduğunu bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X10 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs həmin profil və digər tikinti materiallarının Rahilə Haqverdiyevaya məxsus olmasından xəbərsiz olmuşdur. Qeyd olunanları əsas gətirərək şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən evinə baş çəkməyə getmiş, bu zaman evində olan 2 ədəd profilin, evin üstündə olan boruların və 1 ədəd armaturun qonşusu Elçin tərəfindən oğurlandığını aşkar etmişdir. Belə ki, Elçin həmin profilləri evində olan üzüm tənəklərinin üzərini örtmək üçün istifadə etdiyinin şahidi olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir, ona məxsus olan 2 ədəd profilin və 4 ədəd borunun geri qaytarılmasını tələb edir. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-ci Polis Bölməsinin sahə inspektoru X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Elnur Əvəzlinin xx.xx.2023-cü il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qəra, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəməyə verdiyi izahat və işin digər halları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut yoxdur, dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 05 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X8 30 (otuz) manat (5x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar