Məhkəmə qərarları › İş №3(007)-1824/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1824/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1824/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında material baxılması üçün məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə baxışının keçirilməsi, işdə iştirak edən şəxslərin dəvət olunması üçün müvafiq tədbirlər görülmüşdür. Bu zaman, müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 1(011)-74/2023 nömrəli hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə, eyni zamanda Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmün həmin hissədə icrası ilə əlaqədar, Şəxs 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsinə məcburi müalicəyə yerləşdirilmişdir, hazırda müalicəsi davam etdirilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb, borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanların qərarlarının (03 ədəd) qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi olmuşdur. Şəxs onun barəsindəki hökmün icrası ilə əlaqədar 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsinə məcburi müalicəyə yerləşdirildiyinə, hazırda müalicəsi davam etdirildiyinə görə həmin şəxsin məhkəmə qərarlarını icra etməməsi ilə bağlı inzibati qaydada məsuliyyətə cəlb olunub tənbeh verilməsi məsələsi həll oluna bilməz, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs özü olmadan isə, onun həmin qaydada inzibati məsuliyyətdən azad edilməsinə əsasların olubolmadığının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda məhkəmədə işə mahiyyəti üzrə baxılması üçün əsaslar qalmamışdır, ona görə də material geri qaytarılmalı, Şəxs “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ixtisaslaşdırılmış şöbəsində məcburi müalicəsi başa çatdıqdan sonra, əsaslar olduğu halda, onun inzibati məsuliyyət məsələsinə yenidən baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 10 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar