Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1825/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş 07.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC qəbul edilmiş 10.05.2021-ci il tarixli sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində (5 gün müddətində) məlumat təqdim etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin barəsində olan 07.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək inizibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın və hüquqi şəxsin nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Tərəflərin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb hesab edir ki, Şəxs MMC-nin barəsində 07.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və Şəxs MMC-nin direktoru tərəfindən Bakı şəhəri Nizami RPİ-nə ünvanlanmış 13.03.2021-ci il tarixli məlumatdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri və idarə edən sürücülər barəsində məlumat verilmişdir. Bundan başqa, işə əlavə olunmuş bildirişdən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X1 tərəfindən müvafiq bildiriş Şəxs MMC-yə 07.06.2021-ci il tarixdə ünvanlanmışdır. Göründüyü kimi, Şəxs MMC mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri və idarə edən sürücülər barəsində məlumatı 13.03.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nə göndərmiş, habelə Bakı şəhər Nizami RPİ-nin DYPŞ tərəfindən müvafiq bildiriş Şəxs MMC-yə 07.06.2021-ci il tarixdə göndərildiyi halda, qanunla müəyyən olunmuş 5 gün müddət gözlənilmədən Şəxs MMC-nin barəsində 07.06.2021-ci il tarixdə AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yəni, inzibati orqan tərəfindən müvafiq sorğu göndərildiyi tarixdə MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasında, hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş 07.06.2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1825/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1825/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver