Məhkəmə qərarları › İş №3(007)-1836/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1836/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1836/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanda yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Mehrac Niftəliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə təxminən 07:10 radələrində Şəxs idarə etdiyi ** DJ *** dövlət qeydiyyat nişanlı “Toyota-Prius” markalı avtomaşınla Nizami rayonu, Q.Qarayev prospekti ilə Babək prospekti istiqamətində hərəkətdə olan zaman dayanacaqda dayanmış vəziyyətdə olan Karsan markalı ** JZ *** olan sərnişin avtobusunun arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobilin sürücüsü Şəxs, sərnişinlər Zərərçəkmiş şəxs1, X10, X11 və X4 xəsarət almaları ilə əlaqədar Nizami RPİ-nə daxil olmuş ərizəsi üzrə toplanmış 1-HK-419 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhər Nizami rayon DYPŞ YNH polis leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Toyota-Prius hibrid” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində X8 bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi, Zərərçəkmiş şəxs1, X10, X11 və X8 naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə icraat materialları və tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 581 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs1 sağ gözətrafı nahiyənin hematoması, sağ qaşın ön səthinin cərrahi müdaxiləyə ehtiyacı olan əzilmiş yarası, sağ yanağın iri ölçülü şişkinlik halında əzilməsi və sıyrıqları, alnın sağ yarısının ön səthi və sağ qaş nahiyəsi, burun qanadları, üst dodağın sağ yarısının ön səthi, sağ dirsək nahiyəsinin arxa səthi, sol diz nahiyəsinin ön səthi, sol baldırın orta 1/3 ön səthinin sıyrıqları, sol bazunun yuxarı 1/3 ön səthi, qarnın ön səthində sol qabırğaaltı nahiyənin qançırları müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 582 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 əlin arxa səthinin şişkinlik halında əzilməsi və sağ dirsək nahiyəsinin bayır səthinin sıyrığı müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 583 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs sol dirsək nahiyəsinin arxa səthi, sağ diz nahiyəsinin bayır səthi və sağ budun aşağı 1/3ün iç hissəsinin sıyrıqları müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli TS 34 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 ayağın İ barmağın əzilmiş-sıyrılmış yarası müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İnzibati işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 623 №-li rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 dizin ön səthinin qançırı müəyyən olunmuş və həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşə əlavə olunmuş AE № 533377 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyası xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Məhkəmə Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar