Məhkəmə qərarları › İş №3(007)-1837/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1837/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1837/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 24 fevral 2023-cü il tarixdə saat 17:00-da idarə etdiyi “Tufan M50” markalı mopedlə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində orta hərəkət zolağı ilə şəhər istiqamətində hərəkətdə olarkən “500 Cars” avtomobil satışı mağazasına çatmağa az qalmış yol hərəkəti qaydalarını pozaraq mopedi sağa istiqamətləndirmiş, mopedin sağ yan hissəsi ilə sağ hərəkət zolağında öz yolu ilə hərəkət edən “Skoda Rapid” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vuraraq onunla toqquşmuş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər yetirilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, “Tufan M50” markalı mopedi idarə edərək “Wolt” şirkətində kuryer işləmişdir. 24 fevral 2023-cü il tarixdə saat 17 radələrində həmin mopedi 40 km/saat sürətlə idarə edərək Bakı şəhəri, Nizami rayonu, Babək prospektində orta hərəkət zolağı ilə şəhər istiqamətində hərəkət etmişdir. “500 Cars” avtomobil satışı mağazasına çatmağa az qalmış o, mopedi sağa istiqamətləndirərək sağ hərəkət zolağına daxil olmaq istəyəndə mopedin sağ yan hissəsi sağ zolaqla hərəkət edən “Skoda” markalı avtomobilin qabaq sol qapısına dəyərək onunla toqquşmuşdur. Hadisə zamanı moped aşmış və o, xəsarət almışdır. Sonra onu təcili tibbi yardım avtomobili ilə X1 aparmışlar. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini və tələbə olduğunu nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, o, 24 fevral 2023-cü il tarixdə saat 17 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Skoda Rapid” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili 60 km/saat sürətlə idarə edərək Bakı şəhəri, Nizami rayonu, Babək prospektində sağ hərəkət zolağı ilə şəhər istiqamətində hərəkət etmişdir. Həmin vaxt “500 Cars” avtomobil satışı mağazasına çatmağa az qalmış sol tərəfdə orta hərəkət zolağı ilə hərəkət edən moped ani olaraq sürətini azladıb sağa dorğu istiqamətlənmiş, arada məsafə az olduğu üçün o, əyləcdən istifadə etsə də həmin moped onun idarə etdiyi avotmobilin qabaq sol qapısına dəymişdir. Mopedin sürücüsü yerə yıxılmışdır. O, avtomobili saxlamış və avtomobildə olan tanışı Sənanla birlikdə düşmüş, həmin şəxsə yaxınlıqda olan mağazada su vermişlər. Mopedin sürücüsü təcili təbbi yardım çağırmış, o isə 102 xidmətinə zəng vurub hadisə barədə xəbər vermişdir. O, avtomobili idarə edərkən ayıq olmuş, hadisə zamanı xəsarət almamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, zərərçəkmiş şəxs prosesdə iştirak etmədiyinə görə belə tələbin olubolmadığını müəyyən etmək mümkün olmamışdır, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar