Məhkəmə qərarları › İş №3(007)-184/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-184/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-184/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, 13 dekabr 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi ev 24-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 15 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 15 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanında, Nizami rayon polis idarəsinin növbətçi hissəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, növbətçi hissənin iş fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 14 yanvar 2022-ci il tarixdə onu, X8 və X7 Nizami RPİ-nin müvəqqəti saxlama yerinə gətirmişlər, 15 yanvar 2022-ci il tarixdə məhkəmə onların həbsdə saxlanılma müddətini uzatmamış, bildirmişlər ki, onları buraxacaqlar. Əvvəlcə saat 4-də, daha sonra saat 5-də və 7-də onları buraxacaqlarını desələr də, həmin vaxtlar onları buraxmamışlar. Axşam saat 9-da onları buraxmışlar, bayıra çıxanda 25-ci polis şöbəsinin əməkdaşlarının gözlədiyini görmüşlər, həmin əməkdaşlar qollarına qandal vurmuş və onları bölməyə aparmışlar. Həbsdə saxlanılma müddətinin uzadılmasından imtina ilə bağlı verilmiş protestə apellyasiya məhkəməsində baxılmasınadək onları həbsdə saxlamaq üçün bu işi qurmuşlar. Polis idarəsində, növbətçi hissədə polislərin qanuni tələbinə tabe olmaqdan imtina etməmiş, polislərə qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Bu hadisənin kənar şahidləri və ya kamera görüntüləri yoxdur. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin növbətçi hissəsinin məsul növbətçisi X13 izahatında göstərmişdir ki, Nizami rayon polis idarəsinin növbətçi hissəsinin məsul növbətçisi kimi 15 yanvar 2022-ci il tarixdə xidmətdə olmuşdur. Onunla birikdə növbətçi köməkçisi Rüfət İbrahimov və növbətçi hissənin polis nəfəri Xəyyam Süleymanov xidmətdə olmuşlar. Həmin gün saat 19 radələrində idarənin müvəqqəti saxlama yerindən buraxılan üç nəfər şəxs, yəni X12, X11 və Şəxs səs-küylə növbətçi hissənin qarşısından keçərkən onları saxlayıb sakitçiliyə riayət etmələrini tələb etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini daha da artırmış, gülə-gülə polisin ünvanına nalayiq ifadələr işlətmiş, yaxşı etdiklərini, məhkəmənin qərarı ilə azad olunduqlarını, səlahiyyətləri çatırsa onların qarşılarını almalarını, polisdə işləyənlərin haqsızlıq etdiklərini, əcəb edib cinayət törətdiklərini, onların acığına yenə də öz cinayət əməllərini davam etdirəcəklərini bildirmişlər. Həmin şəxslərdən daha aqressiv olan Şəxs qolundan tutaraq tərbiyəli olmağa dəvət etdikdə, həmin şəxs növbətçi köməkçisi Rüfət İbrahimovun sinəsindən itələyərək çıxış qapısına tərəf getmiş, digər iki nəfər isə ucadan qışqıraraq ünvansız nalayiq söyüşlər söymüşlər. Onlar həmin şəxslərin təhqiramiz hərəkətlərinə dözməyib əməliyyat qrupunun köməyi ilə hər üç şəxsi saxlamış və raportla idarə rəhbərliyinə müraciət edərək barələrində müvafiq tədbir görülməsini xahiş etmişlər. X1 qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı inzibati xətaya yol vermədikləri halda barələrində əsassız raport yazılması və inzibati məsuliyyətə cəlb edilmələri halına yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin növbətçi hissəsinin növbətçi köməkçısi X9, şahid Y.R.Əliyevinu izahatında göstərilənlərə uyğun, eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, onun irəli sürdüyü dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməklə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 15 yanvar 2022-ci il tarixdə saat 21:00-da tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X10 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar