Məhkəmə qərarları › İş №3(007)-1843/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1843/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1843/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 11 aprel 1988-ci il tarixdə Lerik rayonunun Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan, X1, barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən tərtib edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun kserosurətindən görünür ki, X2, O.Vəliyev 40 ünvanda Cənub Kafesində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. X2 barəsində qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, xəbəri olmadan Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar barəsində qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsində yerləşən “Cənub Kafesinə” 23-cü polis bölməsinin əməkdaşları jurnalistlər qrupu tərəfindən çağırılmışdır. Həmin jurnalistlər qrupu “Cənub Kafesinə” icazəsiz daxil olaraq, kafedə müştəri qismində əyləşmiş 35-36 yaşlı qadını çəkdikləri üçün vurulmuşlar. Həmin insidentdən onun xəbəri olmamış, kafenin çölündə iki qadın dalaşmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 gəlməməsinin səbəbi barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati iş üzrə verilmiş şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesb etmişdir. Məhkəmə verilmiş şikayəti təqdim olunmuş materiallarla əlaqəli yoxlayıb hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə göndərilməlidir. Belə ki, məhkəmə zamanı, X1 barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən tərtib edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan və 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlumatının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci madəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən X1 barəsində tərtib edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun kserosurətindən görünür ki, həmin protokol X1 iştirakı olmadan və İnzibati Xətalar Məcəlləsinin 100.1-ci madəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, X1 iştirakı olmadan Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən onun barəsində 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Bundan başqa, X2 barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların kifayət etməməsi və araşdırma materiallarının olmaması səbəbindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qəti qənaətə gəlmək mümkün qeyil. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati orqan tərəfindən 03.05.2021ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, həmin sənədlərə dair şübhələri digər sübutlarla (müəyyən olunmadığından) aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər Nizami RPİ-nin 23-cü PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi polis mayoru Lətif Əliyev tərəfindən X1 barəsində qəbul edilmiş 03.05.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Nizami RPİ-nin 23-cü BP-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar