Məhkəmə qərarları › İş №3(007)-1851/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1851/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1851/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Ş.Ə.Vahidov tərəfindən 25.06.2021-ci il tarixdə AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı və Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru S.Quliyev ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 14.06.2021-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus avtomobilə aid məlumatların verilməsi barədə sənəd daxil olmuşdur. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin sənədə 16.06.2021-ci il tarixdə cavab verilmiş və məktub şirkətin işçisi tərəfindən 17.06.2021-ci il tarixdə X3 Şöbəsinə verilmişdir. "Heavy Crane FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı avtomobilə aid məlumatların verilməsi barədə sənədə 3 gün müddətində cavab vermiş və buna görə də hər hansı bir inzibati xəta daşımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış sorğudan görünür ki, 31.05.2021-ci il tarixdə, saat 10:48-də Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “Toyota Fortuner” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən Bakı şəhəri, Nizami küçəsində dayanma qaydaları pozulmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialından inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin sorğuya əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, xəbərnamədə sorğunun 10.06.2021-ci tarixdə qəbul edilməsi qeyd olunmuşdur. - Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru S.Quliyev tərəfindən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış 16.06.2021-ci il tarixli, GM/SG21/071 saylı məktubdan görünür ki, filialın balansında olan “Toyota Fortuner” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 31.05.2021-ci il tarixdə X1 tərəfindən idarə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilmiş 31.05.2021-ci il tarixdə, saat 10:48-də “Toyota Fortuner” minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomaşının iştirakı ilə törədilmiş qayda pozuntusu ilə bağlı tərtib edilmiş protokolun icrası ilə əlaqədar olaraq avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi barədə sorğu 14.06.2021-ci il tarixdə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qəbul edilmiş və həmin avtomobili idarə etmiş şəxs haqqında məlumat 16.06.2021-ci il tarixli məktubla Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar