Məhkəmə qərarları › İş №3(007)-1870/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1870/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1870/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı mütəxəssisi Fərhad Yadigarov tərəfindən tərtib edilmiş 16.06.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 18475,72 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 29.05.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 18475,72 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, "xxxx" MMC ilə “ZHANG KE CHU CO.,LTD” şirkəti arasında bağlanmış 07.05.2019-cu il tarixli müqavilə üzrə 29.05.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinin hesabına 18475,72 ABŞ dolları köçürülmüşdür. Köçürülmüş pulun məbləğində malların göndərilməsi barədə dəfələrlə şifahi və rəsmi olaraq “ZHANG KE CHU CO.,LTD” şirkətinə müraciət etmişlər. Həmin şirkət tərəfindən "xxxx" MMC-yə məktub göndərilərək pandemiya ilə əlaqədar müəssisənin ziyana uğradığını, köçürülmüş 18475,72 ABŞ dolları məbləğində pulu geri qaytara bilmədiklərini, yaxın zamanlarda 18475,72 ABŞ dolları məbləğində şüşə və ya keramik qablar göndərəcəklərini bildirmişlər. “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən onlara göndərilən mallar 08.06.2021-ci il tarixdə sərhədi keçmiş, 10.06.2021-ci il tarixdə bəyan etmişlər, 12.06.2021-ci il tarixdə isə portala oturmuşdur. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04.06.2021-ci il tarixli, 16-01773-2021 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-dəki bank hesabından 29.05.2019-cu il tarixdə 18475,72 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 18475,72 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilmədiyindən əməldə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin müşahidə edildiyi, göstərilən faktla bağlı cəmiyyətin əməldə inzibati xəta tərkibinin olmasını istisna edən sübutların 16.06.2021-ci il tarixədək təqdim edilmədiyi təqdirdə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmişdir. - 24.05.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “ZHANG KE CHU CO.,LTD” şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 07.05.2019-cu il tarixli, WX17E311 saylı müqavilə üzrə 29.05.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinin hesabına 18475,72 ABŞ dolları köçürülmüşdür. - "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinə ünvanlanmış 16.06.2021-ci il tarixli, E-06 nömrəli məktubdan görünür ki, 18475,75 və 19487,84 ABŞ dolları məbləğində pul Çin Xalq Respublikasında yerləşən “ZHANG KE CHU CO.,LTD” şirkətinə malların alınması ilə əlaqədar göndərilmişdir. Lakin “ZHANG KE CHU CO.,LTD” şirkətindən onlara mal daxil olmamışdır. Onlara dəfələrlə şifahi və rəsmi məktubları olmuşdur. Eyni ilə "xxxx" ASC-yə onların dəfələrlə bu barədə şifahi bildirişləri olmuşdur. - "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinə ünvanlanmış 15.01.2020-ci il tarixli, 05 nömrəli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinə 29.05.2019-cu il tarixdə WX17E311 saylı müqavilə üzrə və WX17E311 saylı invoysa əsasən 18475,72 ABŞ dolları məbləğində şüşə malların Azərbaycana çatdırılmasına görə pul göndərilmişdir. Lakin onlara dəfələrlə şifahi müraciətlərinə baxmayaraq bu günə kimi heç bir mal göndərməmişlər. Həmçinin bu mallar Azərbaycana göndərilməsə və ya onlara göndərdikləri 18475,72 ABŞ dolları geri "xxxx" MMC-yə köçürülməsə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən cərimələnəcəklərini bildirmişlər və 18475,72 ABŞ dolları məbləğində olan malları təcili olaraq göndərmələrini xahiş etmişlər. - “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktubdan görünür ki, "xxxx" MMC ilə bağlanmış WX17E311 saylı, 07.05.2019-cu il tarixli müqaviləyə əsasən köçürülmüş 18475,72 ABŞ dolları məbləğində pulu onlara geri hesaba qaytara bilmirlər. Hal-hazırda müəssisələri pandemiya vəziyyətinə görə ziyana uğrayır. Yaxın zamanlarda isə 18475,72 ABŞ dolları məbləğində şüşə və ya keramik qabları Azərbaycana göndərəcəklərinə söz verirlər. - 10.06.2021-ci il tarixli, **********4524 nömrəli gömrük bəyannaməsindən görünür ki, 07.05.2019-cu il tarixli, WX17E311 saylı müqavilə üzrə 29.05.2019-cu il tarixdə ödənilmiş 18475,72 ABŞ dolları vəsaitin müqabilində “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən "xxxx" MMC-yə 25498 ədəd şüşədən süfrə və mətbəx qabları göndərilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 07.05.2019-cu il tarixli, WX17E311 saylı müqavilə üzrə 29.05.2019-cu il tarixdə "xxxx" MMC tərəfindən “ZHANG KE CHU CO.,LTD” şirkətinin hesabına 18475,72 ABŞ dolları köçürülmüşdür. Dünyada baş vermiş pandemiya ilə əlaqədar “ZHANG KE CHU CO.,LTD” şirkəti tərəfindən həmin məbləğdə mallar 2 il ərzində deyil, yəni 29.05.2021-ci il tarixə qədər deyil, 10.06.2021-ci il tarixdə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, pandemiya ilə əlaqədar malların bir neçə gün gec gəlməsi üzrlü hesab olunmalı və "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar