Məhkəmə qərarları › İş №3(007)-1870/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1870/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1870/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul olunmuş 11 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, 2500 manat məbləğində cərimə edilmişdir. O, sözügedən qərarla razı deyil. Belə ki, çalışdığı 46 nömrəli Şəhər Poliklinikasında adıçəkilən qurum tərəfindən aparılan yoxlamalar zamanı o iştirak etməmişdir. Həmçinin o, 46 nömrəli Şəhər Poliklinikasında baş həkimin müavini işləyir. Aşkarlanmış inzibati xətaya görə məsuliyyətə cəlb edilməli olan vəzifəli şəxs o deyildir. Belə ki, aşkarlanmış inzibati xətanın qarşısını almaq səlahiyyəti olmadığı üçün baş vermiş hər hansı bir inzibati xətaya görə barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qəbul edilməzdir. Hesab edir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul olunmuş 11 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində əsassız olaraq protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərara əsasən cərimə olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İşlədiyi müəssisə "Bakı Baş Səhiyyə Mərkəzi" X14in tabeliyində olduğundan rentgen otağının xüsusi icazəsinin alınması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. İcazənin alınması ilə bağlı rəsmi yazışmalar tibb müəssisəsinin müavininin adından deyil, birbaşa baş həkimin adından həyata keçirilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, xx.xx.2025xx.xx.2025 tarixlərində 46 nömrəli poliklinikada yoxlama tədbirləri vaxtı 6 pozuntu aşkar olunmuşdur. Ən əsası isə gigiyenik pasport və xüsusi icazə olmadan fəaliyyət göstərmə ilə bağlı pozuntu aşkar olunmuşdur. İnspektorlar qeyd edir ki, yoxlama zamanı ilk öncə Abdullayev Umud orada iştirak etməmişdir, lakin daha sonra gəlmişdir. Yoxlama olduğu zaman ya direktor, ya da onun müavini barədə protokol tərtib olunur. Xüsusi icazə və gigiyenik pasportun alınmasında ən məsul şəxs direktor və ya onun müavinidir. Müəssisənin yeni direktoru mart ayının 18-də təyin olunmuş, xx.xx.2025 tarixində isə yoxlama keçirilmişdir. Bu zaman yeni direktorun 10 gün ərzində bu vəzifələri yerinə yetirməsi, pozuntuları aradan qaldırması mümkünsüzdür. Əgər müavinin fəaliyyətinin dayandırılması ilə bağlı yazılı etiraz olsaydı, yaxud FHN-ya hər hansı müraciət edilmiş olsa idi protokol tərtib olunmazdı. Rəhbər şəxs olduğu üçün müavinin adına protokol tərtib olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 46 nömrəli şəhər poliklinikasında radiasiya təhlükəsizliyinin müayinəsi zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin 03 aprel 2025-ci il tarixli, QN-25/097 nömrəli Yoxlama tədbirlərinin nəticələri üzrə qərarından görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X14 46 nömrəli Şəhər Poliklinikasının ünvan 1 ünvanında yerləşən inzibati binasında keçirilmiş yoxlama nəticəsində ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin olmadığı, müəssisənin radioloji-gigiyenik pasportunun olmaması, radiasiya təhlükəsizliyinə cavabdeh şəxs və radiasiya təhlükəsizliyi xidmətinin heyət üzvlərinin xüsusi hazırlığa malik olmaması, fərdi dozimetriya nəzarəti üzrə məlumatların uçotunun aparılmadığı, radioloji şəraitin istehsalat nəzarətinin daimi olaraq aparılmadığı və rentgen avadanlığının texniki profilaktik yoxlanılmasının təyin edilmiş dövriliklə həyata keçirilməməsi aşkar edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 tərəfindən imzalanmış əmrdən görünür ki, 26 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini X6 xx.xx.2024-cü il tarixdən 46 nömrəli Şəhər Poliklinikasında baş həkimin müavini vəzifəsinə keçirilmişdir. - 46 nömrəli Şəhər Poliklinikasının Baş həkimi tərəfindən imzalanmış Baş həkim müavininin 2025-ci il üçün müəyyən edilmiş iş planında X4 görəcəyi işlərin siyahısında ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarət vəzifəsi qeyd edilməmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 46 nömrəli Şəhər Poliklinikası tərəfindən 09 yanvar 2025-ci il tarixdə imzalanmış əmrdən görünür ki, X13 şüa diaqnostika və radiologiya təhlükəsizliyinə cavabdeh şəxs şüa diaqnostikası üzrə həkim X7 təyin edilmişdir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir Azərbaycan Respublikasının “Əhalinin radiasiya təhlükəsizliyi haqqında“ 30 dekabr 1997-ci il tarixli, 423-İQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, emalı (istehsalı), daşınması, nəqli, saxlanılması, istifadəsi, məhv edilməsi və basdırılması sahəsindəki işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 inzibati xətanın konkret olaraq kim tərəfindən törədildiyini, aşkarlanmış inzibati xətaya görə məsuliyyətə cəlb edilməli olan vəzifəli şəxsin kim olmasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etmədən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin rəis müavini X12 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar