Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1873/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə Məcid oğlunun iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomatoloji klinikada 19 may 2021-ci il tarixdə saat 12:50-də planlı yoxlama keçirilərkən lisenziya olmadan şüa-diaqnostika ixtisasının rentgenoloji işi ilə məşğul olması faktı aşkarlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X2nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi Ə.A.Nəsrullayev tərəfindən 19.05.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə Məcid oğlu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X2nin Hüquq sektorunun hüquq məsləhətçisi X3 izahat verərək bildirmişdir ki, 19 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomatoloji klinikada planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama zamanı klinikada şüa mənbəyi hesab edilən ortopantomoqraf aparatı ilə təchiz olunmuş otaq və stomatoloji kabinetdə prototip rentgen aparatı aşkarlanmışdır. MMC-nin direktoru ortopantomoqraf aparatından istifadə etmədiklərini bildirsə də, aparat kompüterə qoşulmuş, kompüter isə işlək vəziyyətdə olmuş və ekranda çənə, diş şəkilləri olmuşdur. Aparatın qoşulu vəziyyətdə olması həmin aparatdan istifadə edildiyini göstərir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 19.05.2021-ci il tarixdə Səhiyyə Nazirliyinin X2nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi Ə.A.Nəsrullayev tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ortoponaram aparat otağının ölçüsü FHN-nin standartlarına uyğun olmadığı üçün fəaliyyət göstərmir. Otağın standart ölçüləri bərpa edəndən sonra aidiyyəti orqana müraciət etməli, bundan sonra lisenziya verilməli və fəaliyyət göstərməlidir. Həmçinin planlı yoxlama aktında da qeyd edilmişdir ki, “sertifikasiya ilə bağlı sənədləri yaxın zamanlarda təqdim edəcəyik”. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə şəxslər cərimə edilir. Lakin Şəxs MMC sözügedən fəaliyyətlə ümumiyyətlə məşğul olmamışdır. Çünki qeyd olunan aparatlar fəaliyyət göstərməmişdir. Bu izahatı MN ******* saylı inzibati xəta haqqında protokolda da öz əksini tapmışdır. Göstərilənlərə əsasən 19.05.2021-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X2nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin baş mütəxəssisi Ə.A.Nəsrullayev tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 03 may 2021-ci il tarixli, KY211577142 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan subyekt Şəxs MMC, yoxlamanın müddəti 18.05.2021-21.05.2021, yoxlanılan dövr cari fəaliyyətdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 03.05.2021-ci il tarixli, 209 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən stomatoloji klinikada 18.05.2021- 21.05.2021-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin əməkdaşlarının və sahibkar X1 iştirakları ilə tərtib olunmuş 19.05.2021-ci il tarixli, 187 saylı planlı yoxlama aktından görünür ki, həmin tarixdə saat 12:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomatoloji klinikada planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən lisenziya şərtlərinə riayət edilib-edilməməsi, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilib-edilməməsi, habelə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilib-keçirilməməsi yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə yenidənqurma işləri aparıldığına görə stomatoloji kabinetlərdən biri birbaşa təbii işıqlandırma ilə təmin edilmir. Təsərrüfat və işçi heyəti otağı yoxdur. Pasiyentlərin qeydiyyatı Səhiyyə Nazirliyinin təsdiq edilmiş qaydalarına uyğun aparılmır. Bəzi sahələrin cari təmirə ehtiyacı var. Tibb işçilərinin sertifikasiya sənədləri təqdim edilmədi. Müəssisədə şüa mənbəyi hesab edilən ortopantomoqraf aparatı ilə təchiz olunmuş otaq və stomatoloji kabinetdə prototip rentgen aparatı aşkarlandı. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X2” X8 daxil olmuş Şəxs MMCnin barəsində olan məlumatdan görünür ki, MMC tərəfindən ixtisas növləri üzrə görülən işlər terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji işlərdir. - fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2nin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Şəxs MMC-yə məxsus klinikada yerləşən tibbi otağında şüa-diaqnostika ixtisasının rentgenoloji işi ilə əlaqədar olan tibbi ləvazimatları aşkar edilmişdir İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 mülahizəsində əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, E.E.Şəfəqqətovun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən rentgenoloji xidmətlərin həyata keçirilməsi üçün xüsusi lisenziyalaşdırılması vacibdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1873/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1873/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver