Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1878/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 20 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən stomotoloji kabinetində 20 may 2021-ci il tarixdə saat 11:25-də aparılan planlı yoxlama zamanı lisenziyadan kənar özəl tibb (diş texniki) fəaliyyəti aşkarlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”ndan görünür ki, özəl tibb fəaliyyəti üzrə stomotologiya sahəsində hansı işlərin görülməsinə lisenziya alınmalı olduğu müəyyən edilmişdir. Hansı ki, Şəxs MMC-yə bu işlərdən yalnız “Terapevtik stomatoloji” və “Ortopedi stomotoloji” istisas növləri üzrə stomatologiya tibbi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. MMC-yə aid olan stomotoloji kabinetdə yoxlama zamanı aşkar olunmuş özəl tibb fəaliyyəti (diş texniki) üçün isə lisenziya olmamışdır. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inaibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X5 izahatında göstərmişdir ki, MMC-nin stomatologiya ixtisası üzrə özəl tibb fəaliyyəti göstərməyə lisenziyası olmuşdur, lisenziya və ona əlavə əsasında tibbi xidmət göstərmişlər və stomotoloji xidmətin göstərilməsinə qadağaları olmamışdır. Protokolu tərtib edən orqanın nümayəndəsinin izahatında göstərilənlərlə razı deyil, hesab edir ki, “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na düzəlişlər edilməlidir, hazırkı halda MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorunun 03 may 2021-ci il tarixli 210 nömrəli qərarından görünür ki, 18 may 2021-ci il - 21 may 2021-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlanılması qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlanılmasının aparılması 03 may 2021-ci il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-nin “F-Dental” stomotoloji klinikasının baş həkimi X4 iştirakı ilə tərtib etdikləri 20 may 2021-ci il tarixli 189 nömrəli planlı (növbəti) yoxlama aktından və fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus stomotoloji kabinetdə planlı (növbəti) yoxlama keçirilərkən yoxlamanın “Lisenziyanın şərtlərinə riayət olunurmu?” sualı üzrə qeyd etmişlər ki, stomotoloji xidmət sahəsində tibbi alətlərin sterilizasiyadan öncə dezinfeksiyası və sterilizasiyasına dair tələblər tam gözlənilmir, steril materialların istifadə müddətlərinə təlimata uyğun nəzarət edilmir. “Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərini sertifikasiyaya cəlb edirmi?” sualı üzrə diş həkimi kimi çalışan X6 hər hansı hüquqmüəyyənedici sənəd təqdim etmədi. “Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi?” sualı üzrə otaqların birində diş texniki fəaliyyətinə aid alətlər aşkarlanmışdır. X10 diş texniki kimi qanuni çalışdıqlarını bildirsə də, bununla bağlı lisenziyanın əlavəsini təqdim edə bilmədi. Video və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir; -Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəxs MMC-də “Terapevtik stomatoloji” və “Ortopedi stomotoloji” istisas növləri üzrə stomatologiya tibbi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir; -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”ndan görünür ki, özəl tibb fəaliyyəti üzrə stomotologiya sahəsində digər işlərlə yanaşı “terapevtik stomotoloji”, “cərrahi stomotoloji”, “ortopedik stomotoloji”, “ortodontik stomotoloji” və “diş texniki” işlərinin görülməsinə lisenziya alınmalıdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işin, yəni lisenziyada nəzərdə tutulmayan, icazə verilməyən diş texnikinə aid işin görülməsi tədqiq olunmuş iş materialları, hüquqi şəxsin qanuni təmsilçisinin yoxlama zamanı verdiyi izahatı ilə tam təsdiq olunur. Hüquqi şəxsin qanuni təmsilçinin məhkəmə iclasında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, işin icraatına xitam verilməsi üçün qanunda nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1878/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1878/2021
30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver