Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1883/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X3 və X16, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi X11 iştirakları ilə, Şəxsn 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 08 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, ünvan 1 ünvanında yerləşən xəstəxanada 08 avqust 2022-ci il tarixdə ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş, yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması və ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları ilə yerinə yetirilməsi müəyyən edilmişdir, nəticədə Şəxsn 11 nömrəli BŞX phş tərəfindən Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 protokolda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlama qərar əsasında aparılmışdır, onun təklifinə əsasən baş tibb bacısı cihazları göstərmiş və bildirmişdir ki, həmin cihazlar istismar olunmuşdur. Həmin cihazların siyahısı tərtib edilmiş, şəkillər çəkilmişdir. Səhv etmirsə, həkim demişdir ki, göz cihazını bir neçə dəfə istifadə etmişlər. Yoxlama zamanı özü xəstəxanada xəstə görməmişdir. Lakin, xəstəxananın qapısı açıq olmuşdur, bəlkə onlar orada olduqları vaxt xəstə gəlməmişdir. Hesab edir ki, əgər cihazlar varsa, demək istifadə olunur. Məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 protokolda qeyd edilənlərə uyğun izahat vermişdir. Məhkəmənin sonrakı iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X20 göstərmişdir ki, Şəxs məhkəmənin sorğusuna cavab verən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərir, ona görə də cavab məktubu Mərkəzin məsuliyyətdən azad olunmasına əsas verəcək formada tərtib edilmişdir. Bəlkə də “Təbib”in xəbəri yoxdur ki, həmin Mərkəz fəaliyyət göstərir, siyahıda qeyd olunan aparatlarla xəstələrin müayinəsi aparlır. Mərkəz fəaliyyət göstərmirdisə, qapısı bağlı olmalı idi. Yoxlama qanuni əsaslarla keçirilmiş, sübut qismində fotoşəkillər də məhkəməyə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokol əsasında inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn nümayəndəsi X18 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Standartlaşma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin əməkdaşları aparıcı məsləhətçi X5 və aparıcı metroloq M.R.Hacıyev xx.xx.2022-ci il tarixdə Şəxs publik hüquqi şəxsə gələrək, direktorun qəbulunda olmuş, xx.xx.2022-ci il tarixli DMN-10/2022 nömrəli “Dövlət meteoroloji nəzarətinin aparılması haqqında” qərarı təqdim edərək, yoxlama aparacaqlarını bildirmişlər. İlk növbədə direktorun şəxsiyyət vəsiqəsini və müəssisənin VOEN-i tələb olunmuş və onların istəkləri dərhal təmin olunaraq, təqdim olunmuşdur. Direktor qərarla tanış olunduqdan sonra həmin qərarın ümumi şöbədə qeydiyyata alınması üçün təqdim olunmasını E.Şıxcanovdan xahiş etmişdir. Lakin E.Şıxcanov həmin qərarın 1 nüsxədən ibarət olduğunu, qeydiyyata alınması üçün təqdim etməyəcəyini bildirərək, yalnız surətini çıxararaq təqdim edə biləcəyini bildirmişdir. Məlum olduğu kimi, sənədin verildiyi müəssisənin təsdiqi və ya notarial qaydada təsdiqi olmadığı halda heç bir məktub və ya sənədin hüquqi qüvvəsi ola bilməz və rəsmi sənəd kimi qeydiyyata alına bilməz. Bütün bunlara baxmayaraq, qərarda göstərildiyi kimi 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aid olmuş, hansı ki, hal-hazırda o adda rəsmi tibb müəssisəsi yoxdur, 4 adda 7 ədəd tibbi avadanlıqların: Avtomatik dozator LA0004385 (1 ədəd); Biokimyəvi analizator açıq Bio Screen MC-2000 (1 ədəd); Dozator dəsti laboratoriya üçün AR 11343; AR 17108; LA 0004323; LA ******* (4 ədəd); məsafədən ölçən termometr 1 Health PT3 (1 ədəd), hər birinin şəhadətnaməsi olduğu yoxlama üzvlərinin nəzərinə çatdırılmış və onlara təqdim olunmuşdur. Lakin yoxlama komissiyası tərəfindən həmin avadanlıqlara baxış keçirilməsinə baxmayaraq, hələ ki, istifadə olunmayan, hal hazırda təhvil-təslimi aparılan digər tibbi avadanlıqlara da baxış keçirilmişdir. Həmin avadanlıqlar adları üzrə aşağıda göstərilən tarixlərdə müəssisəyə təhvil verilmiş, müəssisə həkim mütəxəssislərlə tam formalaşmadığı üçün, bu iş yekunlaşdırılıqdan sonra qeyd olunan aparatlardan əlavə, digər aparatlar üçün şəhadətnamələrin alınması məqsədi ilə Metrologiya İnstitutundan mütəxəssislərin bu işə cəlb olunması nəzərdə tutulmuşdur. Şəxsn strukturuna daxil olunmuş bütün müəssisələr üzrə tibbi avadanlıqlar standartlaşmadan keçirilmiş, xx.xx.2022-ci il tarixli şəhadətnamələri əldə edilmişdir. Yoxlama komissiyası tərəfindən aktda qeyd olunmuş tibbi aparatlar istifadədə olmuş olsaydı, sözsüz ki, çox uzaq olmayan tarixdə standartlaşması aparılmış aparatların siyahısına onlar da daxil edilmiş olardı. Aidiyyəti olmadığı halda istifadə olunmayan yoxlama komissiyası tərəfindən protokolda qeyd olunmuş 5 adda və 8 ədəd tibbi avadanlığa: Avtorefkeratometr - 1 ədəd xx.xx.2022; İnhalyator, ultrasəslə işləyən - 3 ədəd xx.xx.2022; Ultrasəs terapiya cihazı, 1 kanallı, Medison L3 - 1 ədəd xx.xx.2022; EKQ İnnomet HeartScreen 80 G-L1 - 2 ədəd xx.xx.2022; Biorinoskop Slit lamp TSL 800Z Toney - 1 ədəd xx.xx.2022. Baxış keçirilərkən, heç birində xəstə müayinəsi aşkar olunmamış, aparatlar yerləşən kabinetlərin tibb işçilərindən həmin aparatların istifadə olunub-olunmaması barədə izahat alınmamış, hətta yoxlama aparan komissiya üzvü M.R.Hacıyev tərəfindən aparatların şəkili çəkilərkən, müayinədə heç bir xəstə aşkar olunmamışdır. Beləliklə, həmin tibbi aparatların əvvəldən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aid olmamasına və yeni olmasına baxmayaraq, yoxlama komissiyası tərəfindən tərtib olunmuş protokolda göstərilənlər heç bir obyektiv və subyektiv əsaslarla öz təsdiqini tapmamışdır. Bundan əlavə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər. Metrologiya İnstitutundan xx.xx.2022-ci il tarixdə mütəxəssislər dəvət olunmuş, protokol qeyd olunmuş və digər yeni avadanlıqların siyahısı tərtib olunmuş və bu günkü günə həmin tibbi aparatlar standartlaşmadan keçirməklə şəhadətnamələrin alınması təmin edilmişdir. Digər yandan, nəzərə alınmalıdır ki, İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi Mərkəzin fəaliyyət göstərdiyi halda deyil, ölçmələrin tipi təsdiq edilməmiş və yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılması halında yarana bilərdi, hansı ki, bu hal yoxlama zamanı aşkar edilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Standartlaşma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokolunun əsassız hesab olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Şəxsn 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında aparılan yoxlamada iştirak etmişdir. Yoxlama ilə bağlı getdikləri vaxt xəstəxananın yerləşdiyi ikinci mərtəbədə həkimlər olmuşdur, tibb bacısı bildirmişdir ki, xəstə qəbul olunmuşdur, yeni xəstələr gəlsə, müayinə oluna bilərlər. Həkimlər də bildirmişlər ki, siyahıda qeyd olunan 5 aparatla xəstə müayinə etmişlər. Lakin, özləri həkimlərin həmin aparatlarla xəstə müayinə etmələrini müşahidə etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Şəxsn fizioterapiya şöbəsində tibb bacısı işləyir. Mərkəzin açılışı 27 aprel 2022-ci il tarixdə olmuş, lakin, fəaliyyətə başlamamışdır. 08 avqust 2022-ci il tarixdə Mərkəzdə yoxlamaya iki nəfər gəlmişdir, həmin vaxt Mərkəzdə heç bir xəstə olmamış, həkimlər tərəfindən xəstə qəbul edilməmiş və siyahıya alınmış 5 ədəd aparatla müayinə aparılmamışdır. Xəstələr qəbul edilmədiyinə görə onların qeydiyyatı da mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Şəxsn poliklinika şöbəsində həkim-kardioloq işləyir. 11 saylı Birləşmiş Şəhər Xəstəxanası həmin Mərkəzin tabeliyindədir. Mərkəzin açılışı olsa da, fəlaiyyət göstərmir. O cümlədən 08 avqust 2022-ci il tarixdə yoxlama zamanı onun özü xəstə qəbul etməmiş, tibbi aparatla müayinə aparmamışdır. Digər həkimlərin də aparatlar vasitəsi ilə müayinə aparmasının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı-aparıcı məsləhətçi X9 və Azərbaycan Metrologiya İnstitutunun aparıcı metroloqu X1 Xidmətinin 03 avqust 2022-ci il tarixli DMN-10/2022 nömrəli Dövlət metroloji nəzarətin aparılması haqqında qərarına əsasən ünvan 2 ünvanında yerləşən “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsin xəstəxanasında ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlamış və Şəxsn 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsinin direktoru X2 iştirakı ilə akt tərtib etmişlər. Müəyyən etmişlər ki, ünvan 2 ünvanında yerləşən “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxs 1 korpus, 5 mərtəbəli binadan ibarətdir. Xəstəxananın 3-cü, 4-cü və 5-ci mərtəbələri (terapiya, nevroloji, reanimasiya, mətbəx) fəaliyyət göstərmir. Yoxlama zamanı aşağıda qeyd olunan nöqsanlar aşkar edilmişdir: 1. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 5 sayda ölçmə vasitələrindən istifadə olunmaları müəyyən edildi. Bununla da, “Ölçmələrin vəhdətinin təmin edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbləri pozulmuşdur; 2. Ölçmə vasitələrinin ölçmələrin nəticələrinin təhrif olunmasına səbəb ola bilən icazəsiz saxlanması (və ya) ölçmə vasitələrinə müdaxilə edilməsi halları aşkar edilmədi; 3. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılması halları aşkar edilmədi. - 08 avqust 2022-ci il tarixli akta əlavə edilmiş yoxlanılan ölçmə vasitələrinin siyahısının surətindən görünür ki, aşkar edilən, tipi təsdiq edilməmiş ölçmə vasitələri aşağıdakılardır: 1. Mikroskop TSL-800Z adlı 1 ədəd müayinə aparatı; 2. Avtorefraktometr Tip-Tomey RC-5000 adlı 1 ədəd laboratoriya aparatı; 3. EKQ aparatı Heartscreen adlı 1 ədəd diaqnostik aparat; 4. İnqalyator F.208 adlı 1 ədəd müayinə aparatı; 5. Fonofarez TİP- BTL adlı 1 ədəd müayinə aparatı. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 12 oktyabr 2022-ci il tarixli PHŞ/6-2-2022-9032 nömrəli cavab məktubundan görünür ki, Şəxs publik hüquqi şəxs (Mərkəz) TƏBİB-in İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarına əsasən təsis edilmişdir. “Azərsutikinti” Xəstəxanası, 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli X15 Xəstəxanası və 7 nömrəli X23 strukturuna daxil olmuşdur. Mərkəzin struktur vahidi olan 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası xx.xx.2022-ci il tarixdən etibarən fəaliyyət göstərmir. Bu günədək həmin müəssisədə xəstə qəbulu aparılmamış və heç bir ölçmə cihazları istifadə edilməmişdir. Eyni zamanda aşağıda adları qeyd olunan tibbi cihazlar yeni olduğu üçün istifadə olunmadığı halda, yoxlama tərəfindən istifadə olunmuş kimi qeyd olunmuşdur. 1. Avtorefkeratometr - 1 ədəd, xx.xx.2022. 2. İnhalyator, ultrasəslə işləyən - 3 ədəd, xx.xx.2022. 3. Ultrasəs terapiya cihazı, 1 kanallı, Medison L3 - 1 ədəd, xx.xx.2022. 4. EKQ İnnomet HeartScreen 80 G-L1 - 2 ədəd, xx.xx.2022; 5. Biorinoskop Slit lamp TSL 800Z Tomey - 1 ədəd, xx.xx.2022. Göstərilən tarixlər həmin cihazların müəssisəyə təhvil verilmə tarixini nəzərdə tutur. Siyahıda göstərilən ölçmə vasitələri isə xx.xx.2022-ci il tarixdə sertifikatlarla təmin olunduqdan sonra istifadəsinə icazə verilmişdir. Hal-hazırda ünvan 3 ünvanında yerləşən Mərkəzin yeni binasında xəstələrin stasionar deyil, sadəcə ambulator qəbulu həyata keçirilir. xx.xx.2022-ci il tarixdən ambulator qəbulun aparılmasına başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin və şahidlərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, baxılan 08 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxsn 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsinin barəsində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsi ilə tərtib edilmişdir. Hansı ki, Şəxs publik hüquqi şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin 27 aprel 2021-ci il tarixli 8 nömrəli qərarına əsasən təsis edilmiş, “Azərsutikinti” Xəstəxanası, 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 nömrəli X15 Xəstəxanası və 7 nömrəli Doğum Evi həmin Mərkəzin strukturuna daxil olmuşdur, Mərkəzin struktur vahidi olan 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 05 yanvar 2022-ci il tarixdən etibarən fəaliyyət göstərməmişdir. Törədilməsi ehtimal edilən inzibati xətanın isə 08 avqust 2022-ci il tarixdə aşkar olunması ilə bağlı həmin tarixdə 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, təsdiq olunur ki, inzibati araşdırma və inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı pozuntuya yol verilmiş, inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilməməklə, 8 ay əvvəldən fəaliyyətini dayandırmış müəssisənin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı və Azərbaycan Metrologiya İnstitutunun aparıcı metroloqu tərəfindən Dövlət Xidmətinin 03 avqust 2022-ci il tarixli DMN-10/2022 nömrəli “Dövlət metroloji nəzarətin aparılması haqqında” qərarına əsasən ünvan 2 ünvanında yerləşən “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsin xəstəxanasında ölçmələrin vəhdətinin təmin edilməsi vəziyyətini yoxlayarkən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin yoxlamadan keçirilməmiş 5 sayda ölçmə vasitələrindən istifadə olunmasının müəyyən edildiyinə dair akt tərtib etmələrinə baxmayaraq, buna dair hər hansı, o cümlədən mötəbər hesab ediləcək sübut aşkar olunmamış, protokolda bu barədə qeyd olunaraq ona əlavə edilməmişdir. Yoxlamanı apararaq nəticələrinə dair akt tərtib etmiş X9 və Məhəmməd Ramazan oğlu yuxarıda göstərilən nöqsanı aşkar etdiklərini aktda göstərdiklərinə və məhz həmin akt əsasında inzibati xəta haqqında protokolun tərtib olunmasına baxmayaraq, onların özləri də məhkəmədə verdikləri izahatlarında yoxlama zamanı Mərkəzdə hər hansı xəstə olmadığını, siyahıda qeyd olunan ölçmə vasitələri ilə xəstələrin müayinəsinin aparıldığını müşahidə etmədiklərini bildirmişlər. Sübut qismində təqdim olunan fotoşəkillərə gəldikdə, məhkəmə qeyd edir ki, fotoçəkiliş aparılması barədə inzibati xəta haqqında protokolda qeyd olunmamış, fotoşəkillər protokola əlavə edilməmiş, yalnız məhkəmə iclasında sonradan təqdim edilmişdir. Müxtəlif tibbi avadanlıqların, o cümlədən içərisində uşaq olan kuvezin təsviri olan fotoşəkillərin hansı tarixdə, hansı məkanda çəkildiyi isə müəyyən deyil, həmin tibbi avadanlıqların tipi təsdiq edilməmiş və yoxlamadan keçirilməmiş ölçmə vasitələri olmaqla onlardan istifadə edilməsinin sübutu qismində qəbul edilməsi üçün hər hansı əsas yoxdur. Xüsusən qeyd edilməlidir ki, üzərində “Tomey” adı qeyd olunan ölçmə vasitəsinin ekranında olan şəffaf sellofan açılmamış vəziyyətdədir, istifadə olunduğu halda həmin sellofan açılmış olmalı idi, bir ölçmə vasitəsinin üzərində “K.Fərəcova adına ETPİ” sözləri, xx.xx.2022 tarixi və saat olaraq 11:48:24 yazılmışdır, hansı ki, yoxlama aktı və inzibati xəta haqqında protokol bundan daha əvvəl, 08 avqust 2022-ci il tarixdə tərtib edilmişdir, “K.Fərəcova adına ETPİ” isə “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsin strukturuna daxil deyil. Göründüyü kimi, həmin fotoşəkillərin sübut qismində, həmçinin mötəbər sübut qismində qəbuluna əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxsn (inzibati xəta haqqında protokolda qeyd olunan həmin publik hüquqi şəxsin 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsin) əməlində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsn (inzibati xəta haqqında protokolda qeyd olunan həmin publik hüquqi şəxsin 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası publik hüquqi şəxsin) əməlində Azərbaycan Respublikası İXM-nin 538.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1883/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1883/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver