Məhkəmə qərarları › İş №3(007)-1895/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1895/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1895/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx xxxxxxx 1973-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, ünvan 1 ünvanda yaşayan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə yetirilə biləcək hər hansı qanunsuz hərəkətlər "xxxx" Mənzil-Tikinti Kooperativinə qadağan edilmişdir. İnzibati işdə olan 05.07.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 05.07.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Qasımov tərəfindən tərtib olunmuş 05 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra tədbirləri zamanı ərazinin (tikilinin) qəzalı vəziyyətdə olduğu, həmçinin həmin əraziyə giriş-çıxışın məhdudlaşdırıldığı müəyyən edilmiş, qanunsuz hərəkətin aradan qldırılması xahiş edilsə də borclu təmin etməmiş və bununla "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs barəsində tərtib edilmiş 05 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və müddəti barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın və borclu Şəxs iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə yetirilə biləcək hər hansı qanunsuz hərəkətlər "xxxx" Mənzil-Tikinti Kooperativinə qadağan edilmişdir. İcra sənədlərindən görünür ki, 05.07.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icra sənədinin icrasına başlanılmış və tələbin könüllü icrası barədə borcluya məlumat göndərilmişdir. İşə əlavə olunmuş 05.07.2021-ci il tarixli aktdan görünür ki, icra qrumu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə baxış keçirilmiş, icra sənədinin tələbləri borclunun diqqətinə çatdırılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin tarixdə (05.07.2021-ci il) borclu "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 05 iyul 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs qeyd olunmuş izahatında, qanunsuzluğa yol vermədiyini və həmin hərəkətləri məhkəmə qərarınadək etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyət - məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “İcra Haqqında” Qanunun 10.1-ci maddəsinə əssən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, icra sənədləri aşağıdakı müddətlərdə icraya yönəlməlidir: bu Qanunun 13.1.3-2-ci, 13.1.4-1-ci və 13.1.5-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri - bir ay ərzində; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal; notariusun icra qeydləri dərhal; bu Qanunun 13.1.3-2-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları – on gün ərzində; inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar – Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri - üç il ərzində; şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal; qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal. Həmin Qanunun 13.2-ci maddəsinə əssən, bu Qanunun 13.1-ci maddəsi ilə müəyyən olunmuş müddətlər aşağıdakı qaydada hesablanır: bu Qanunun 13.1.1-ci və 13.1.4-cü maddələrində göstərilmiş icra sənədlərinin (məhkəmə əmrləri istisna olmaqla) icraya yönəldilməsi zamanı - məhkəmə qərarının qanuni qüvvəyə mindiyi yaxud onun icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan, məhkəmə qərarı dərhal icra edilməli olduqda - onun qəbul edildiyi günün ertəsi günündən; məhkəmə əmrlərinin icraya yönəldilməsi zamanı - onların verildiyi vaxtdan 10 gün müddət keçdikdən sonra; bu Qanunun 13.1.3-cü maddəsində göstərilmiş icra sənədlərinin icraya yönəldilməsi zamanı müvafiq qərarın qəbul edildiyi vaxtdan. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər məcburi icra tədbirləri hesab olunur. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı qərardadının icrası ilə əlaqədar verilmiş icra vərəqəsinin dərhal icrası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri Şəxs tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2 (007) 1910/2021 saylı qərardadının icrası ilə əlaqədar verilmiş icra vərəqəsinin icrasına zidd olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Qasımov tərəfindən tərtib olunmuş 05 iyul 2021-ci il tarixli Aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 42 saylı binanın yaxınlığındakı ümumi sahəsi 160 kv.m olan tikili və torpaq sahəsinə baxış keçirilərkən foto və videoçəkliş aparıldığı qeyd olunsa da həmin dəlillər inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs oğlunun təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar