Məhkəmə qərarları › İş №3(007)-1896/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1896/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1896/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 13 iyun 2022-ci il tarixli İXP ******* nömrəli elektron protokoldan verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 13 iyun 2022-ci il tarixli İXP ******* nömrəli elektron protokoldan məhkəməyə şikayət vermişdir. Şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətin məzmunundan görünür ki, X3 13 iyun 2022-ci il tarixli İXP ******* nömrəli elektron protokoldan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Hansı ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. X3 isə mübahisələndirdiyi qərarı təqdim etməmiş, şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətdən görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta 13 iyun 2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində baş vermişdir. Qərardan şikayət verən X3 isə, Bakı şəhəri Nizami rayonunda yaşayır. Mübahisələndirilən qərar təqdim olunmadığına görə inzibati xətanın H.Əliyev prospektinin hansı rayonun inzibati ərazisinə düşən hissəsində törədilməsini, yəni şikayətin ərazi aidiyyətini müəyyən etmək mümkün deyildir. İzah edilməlidir ki, qərardan şikayət vermək hüququ olan şəxs yuxarıda qeyd edilənlərə uyğun olaraq, şikayəti inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən özünün yaşadığı yer üzrə verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bununla bağlı qeyd edilməlidir ki, 13 iyun 2022-ci il tarixdə qəbul edildiyi qeyd edilən qərardan şikayət 11 avqust 2022-ci il tarixdə poçt vasitəsi ilə verilmişdir. Hansı ki, qərar rəsmi qaydada alındıqdan sonra, qərarın alındığını təsdiq edən sübutu, habelə qərarın rəsmi qaydada verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxıldığı halda, bunun üzrlü səbəbi göstərilməklə və müvafiq sübut təqdim edilməklə müddətin bərpasına dair vəsatət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 şikayəti geri qaytarılmalı, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 13 iyun 2022-ci il tarixli İXP ******* nömrəli elektron protokoldan verdiyi şikayət geri qaytarılsın. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar