Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-190/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində polis şöbəsinin İTB-nin bölmə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi ev 11A, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Metropolitenində polis şöbəsindən daxil olmuş 18 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 06 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasında saxlanılmış, narkoloji müayinə zamanı sidiyində “MET., AMP.+ metamfetamin” aşkar edilmiş, bununla da o, qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Metropolitenində polis şöbəsinin İTB-nin bölmə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə saat 17 radələrində “Xalqlar Dostluğu” metrosuna daxil olan zaman şəxsiyyətini təsdiq edən sənəd üzərində olmadığından polis əməkdaşı onun şəxsiyyətini müəyyən etmək üçün ad və soyadını portal sisteminə daxil etmiş, Səbail RPİ-si tərəfindən mülki öhdəlikdən boyun qaçırdığına görə axtarışda olması müəyyən olunmuş, bu səbəbdən də onu saxlayıb Bakı Metropolitenində polis şöbəsinə dəvət etmişlər, videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt o, edilmiş təklif əsasında içərisində marixuana olan bir ədəd kibrit qutusunu və siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Polislər həmin siqaret və kibrit qutularını açıb baxanda onların içərisində ot kütləsi aşkar etmişlər. Sorğu zamanı o, həmin maddənin ona məxsus olduğunu, 10-15 gün əvvəl Badamdar qəsəbəsi, “Qurd qapısı” kimi tanınan ərazidən yerdən tapdığını bildirmişdir. Ekspertizada yoxlama zamanı həmin ot kütləsinin narkotik vasitə olmadığı müəyyən edilmişdir. Lakin narkoloji yoxlamadan keçirilərkən əvvəlcədən marixuanadan istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən səmimi peşmandır. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan ekspertizanın 07 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,684 qram və 2,894 qram bitki mənşəli kütlələrin tərkibində heç bir narkotik komponent yoxdur və onlar narkotik maddələrə aid deyil. İşdə olan 08 dekabr 2021-ci il tarixli 4369 nömrəli aktdan görünür ki, Şəxs narkoloji müayinəsi zamanı sidiyində “MET., AMP.+ metamfetamin” aşkar edilmişdir. İşdə olan 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, təhqiqatçı tərəfindən Şəxs barəsində toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərar Bakı Metropolitenində polis şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmin maddənin tələbinə əsasən hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməli olmadığından ona narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-190/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-190/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver