Məhkəmə qərarları › İş №3(007)-1900/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1900/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1900/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 05.06.2021-ci il tarixdə saat 07:05 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində idarə etdiyi “Opel Vectra” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı M.Ü.Tahirov tərəfindən 05.06.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 04.06.2021-ci il tarixdə saat 19:30 radələrində bir bokal pivə içmişdir. 05.06.2021-ci il tarixdə idarə etdiyi “Opel Vectra” minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedən zaman “Koroğlu” metrostansiyasının yaxınlığında DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlayaraq sərxoş olduğunu demişdir. O, polis əməkdaşına sərxoş olmadığını, axşam bir bokal pivə içdiyini bildirmişdir. O, işə gecikdiyindən və bu barədə təcrübəsi olmadığından polis əməkdaşlarının dedikləri ilə razılaşmış, onların dediyi məzmunda izahat yazıb imzalamışdır. Sonra avtomobilini cərimə meydançasına aparmışlar. Məhkəmədən barəsində qərar qəbul edərkən cəriməni ödəməyə maddi imkanının olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ-nin X2 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, 05.06.2021-ci il tarixdə saat 07:00-da müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “söz verirəm ki, bir daha spirtli içki, yəni pivə qəbul edib maşın idarə etməyəcəm, yerində müayinə olundum, alkotesterin göstəricisi ilə tanış oldum, həkimə getməyə ehtiyac yoxdur” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs 05.06.2021-ci il tarixdə saat 06:52-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,322%o olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1980-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuş, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar