Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1903/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, “X1” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 29 iyul 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan “X1” MMC-nin ünvanına İran İslam Respublikasından “Nader Ashaveri” şirkətindən 30D85510/30D85610 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 0322-1 nömrəli xx.xx.1022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük idarəsində **********2279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yükə xx.xx.2022-ci il tarixdə “Xocasən” gömrük postunda həyata keçirilən yoxlama zamanı “X1” MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********2279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların 4-cü mal mövqeyində göstərilən “narşərab” yükünün ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “narşərab” yükünün netto çəkisinin 202 kq artıq olduğu, 5-ci mal mövqeyində “limon suyu” yükünün ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “limon suyu” yükünün netto çəkisinin 211 kq artıq olduğu və 19-cu mal mövqeyində “falqa” yükünün ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “falqa” yükünün netto çəkisinin 2256 kq artıq olduğu aşkar edilmiş, bununla da, “X1” MMC **********2279 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 4658,18 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş raportlar, gömrük bəyannamələri və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası”na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, “X1” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2-ci hissəsinə əsasən isə, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında törədilmiş inzibati xəta nəticəsində iyirmi min manatdan yuxarı olmayan məbləğdə - 4658,18 manat məbləğində gömrük ödənişinin ödənilmədən yayındırıldığı müəyyən edilmiş, “X1” MMC-nin müvafiq qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs “X1” MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, barəsində ödənilməli olan 4658,18 manat gömrük ödənişi məbləğinin 80 faizi miqdarında - 3726,54 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1903/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1903/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver