Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1909/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 03 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “borclu X5 aliment və alimentə görə yığılmış 5233 manat borcu ödəməkdən yayınır”. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun verilməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədini üzrsüz səbəbdən icra etmir. Bu mənada, icra sənədi üzrə tələbi icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə isə o halda qərəzli olur ki, borclunun müvafiq qərarın icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə aliment tutulmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 1(005)-2663/2021 nömrəli qətnaməsi mövcud olmuşdur, daha sonra həmin məhkəmənin 13 iyul 2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə ilkin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 30 iyun 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin və 300 manat miqdarında əlavə xərcin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə 16 avqust 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, 06 sentyabr 2022-ci il tarixdə icraya yönəldilmişdir. İnzibati xəta haqqında protokolda borclunun ümumi borcunun 5233 manat olduğu qeyd olunsa da, borclu həmin məbləği mübahisələndirmişdir. Belə ki, inzibati xəta törətmiş Fəxri İlqar oğlu müvafiq sənədlər təqdim etməklə verdiyi izahatında göstərmişdir ki, borc məbləği düzgün hesablanmamış, onun işlədiyi dövr üçün əmək haqqından aparılan tutulmalar, ayrıca etdiyi ödənişlər və Gürcüstan Respublikasında olarkən etdiyi ödənişlər, habelə 2022-ci ilin dekabr ayında Gürcüstandan qayıtdığı vaxt sərhəddə saxlanıldıqdan sonra etdiyi ödənişlər nəzərə alınmamışdır. Hansı ki, etdiyi ödənişlər protokolda ödənilməmiş kimi qeyd olunan 5233 manat borcdan çıxılmalıdır. Tələbkar Zərərçəkmiş şəxs borclunun ödədiyi məbləğlərin 5233 manat borca aid olmadığını, onun hazırda əlavə borcunun da yarandığını, lakin həmin borcun protokolda əksini tapmadığını göstərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru isə 5233 manat borcun hansı qaydada hesablandığı, 04 iyun 2021-ci il tarixli 1(005)-2663/2021 nömrəli icra sənədinin icrasının başa çatıb-çatmadığı, həmin icra sənədi üzrə borcun qalıb-qalmadığı, 13 iyul 2022-ci il tarixli 2(005)-2624/2022 nömrəli icra sənədi üzrə borc məbləğinin alimentə görə və ya əlavə xərcə görə yarandığı, borclu tərəfindən ümumilikdə hansı məbləğdə borc ödənildiyi, borclunun məhkəməyə təqdim etdiyi və izahatında göstərdiyi ödənişlərin inzibati xəta haqqında protokolda ödənilməyən borc kimi qeyd olunmuş 5233 manat borc məbləğinə aid olub-olmadığı, habelə tələbkarın qeyd etdiyi əlavə borcun necə yarandığı ilə bağlı yaranmış suallara aydınlıq gətirə, izah verə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Göründüyü kimi, baxılan işə münasibətdə həmin qaydaya əməl edilməmiş, tərəflərin təqdim edə biləcəkləri sübutlar və digər sübutlar aşkar edilib götürülərək icra işində olan digər sübutlarla birlikdə araşdırılmamış, borclunun və tələbkarın ödənilməmiş qalan borcun məbləği ilə bağlı izahatları alınmamış, müvafiq sübutlar yetərli qaydada toplanmamış, icra sənədi üzrə borcun dəqiq məbləği Ailə Məcəlləsinin 106.3-cü maddəsində göstərilən qaydada müəyyən edilməmişdir. Belə olan halda, əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətlərinin mövcud olması şübhə altında qalmışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 03 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1909/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1909/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver