Məhkəmə qərarları › İş №3(007)-1910/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1910/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1910/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri X2 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1975-ci il tarixdə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi qismində fəaliyyət göstərən, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi ev 33/15-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş 11 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi qismində fəaliyyət göstərən Şəxs tərəfindən 11 avqust 2022-ci il tarixdə saat 16:36-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 47 ünvanında yerləşən “Məhəllə” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndələri X4 və X3protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, inzibati xəta faktı müəyyən edilərkən “Məhəllə” adlı obyektdə VÖEN əsasında Şəxs fəaliyyət göstərmişdir. Həmin şəxs protokolu imzalamaqdan və onu almaqdan imtina etmiş, buna görə protokol ona sürətli poçt vasitəsi ilə göndərilmiş, lakin o, həmin poçt sənədini almaqdan da imtina etmişdir. Bunu təsdiq edən sənədlər iş materiallarında vardır. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, adına olan VÖEN-i 15 may 2021-ci il tarixdən bağlatdırmışdır, “Məhəllə” adlı obyekti təhvil vermiş, fəaliyyət göstərməmişdir. Eyni zamanda 11 avqust 2022-ci il tarixdə reklam idarəsinin əməkdaşları tərəfindən protokol tərtib edilərkən o, həmin obyektdə fəaliyyət göstərməmişdir. Reklam idarəsinin əməkdaşları protokolun tərtib olunmasında onun iştirakını təmin etməmiş, protokolu ona verməmiş və ya göndərməmişlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs Şəxs tərəfindən törədilmişdir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən 11 avqust 2022-ci il tarixdə Şəxs işlətdiyi obyektdə yoxlama zamanı həmin obyektin üzərində, açıq havada reklam yerləşdirilmiş vəziyyətdə olmuşdur. Burada, reklam yayıcısı hesab olunan Şəxs reklam yerləşdirmək üçün müvafiq qurumdan, yəni Bakı şəhər Reklam İdarəsindən icazə almamış, bunun üçün yazılı müraciət etməmiş, icazənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur, ona görə Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, onun irəli sürdüyü dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, işin icraatını istisna edən, xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir. Belə ki, izahatında göstərilənlərlə əlaqədar, **********1 VÖEN nömrəsi ilə qeydiyyata alınmış vergi ödəyicisi Şəxs fəaliyyətinin və əməliyyatlarının dayandırılıbdayandırılmaması, müsbət halda bu müddətin hansı tarixləri əhatə etməsi, o cümlədən həmin vergi ödəyicisinin 11 avqust 2022-ci il tarixdə fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edilməsi üçün sorğu verilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən daxil olmuş 03 oktyabr 2022-ci il tarixli **********304300 nömrəli məktubda göstərilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlarına əsasən Şəxs (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2013-cü il tarixdə uçota alınması, xx.xx.2014-cü il tarixdən vergi uçotunun ləğv edilməsi, xx.xx.2019-cu il tarixdən fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası, fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırması, xx.xx.2021-ci il tarixdən bərpa olunması və hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Qeyd olunanlara dair müvafiq sənədlər məktuba əlavə edilmişdir. Göründüyü kimi, həmin şəxsin izahatında göstərilənlər məhkəmə tərəfindən əldə edilərək tədqiq olunmuş rəsmi sənədlərlə təkzib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar