Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1911/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Səmirə Tofiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1972-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 3, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi ev 202-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 05 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 25 may 2021-ci il tarixdə saat 12:15 radələrində yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqda dayanmış vəziyyətdə olan “BMC Procity 18M CNG” markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtobusun sağ yan hissəsi ilə toqquşmuş, toqquşma zamanı Şəxs idarə etdiyi avtobusda sərnişin qismində olan Zərərçəkmiş şəxs sol alın-gicgah nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrığından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 25 may 2021-ci il tarixdə saat təxminən 12:15 radələrində yol vərəqəsi ilə idarə etdiyi “İveco” markalı ** JX *** dövlət qeydiyyat nişanlı şərnişin avtobusu ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının arxa hissəsində nəzərdə tutulmuş avtobus dayanacağına daxil olan zaman dayanacaqda avtobus olduğunu görərək idarə etdiyi avtobusu saxlamışdır. Bu zaman avtobusda olan sərnişin xanım, sonradan tanıdığı Zərərçəkmiş şəxs ona burada düşmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs gözləməsini, qarşıda saxlayacağını bildirmişdir. Zərərçəkmiş şəxs isə irəli gələrək qabaq sağ qapıda güzgünün qarşısında dayanmış, buna görə o, sağ hissəsini görmədiyi üçün təxminən 5 km/saat sürətlə hərəkətə başlayan zaman idarə etdiyi avtobusun sağ yan orta hissəsi dayanmış vəziyyətdə olan “BMC” markalı ** JB *** dövlət qeydiyyat nişanlı digər sərnişin avtobusunun arxa sol hissəsi ilə toqquşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs eynəyi yerə düşərək sınmış, Zərərçəkmiş şəxs onunla mübahisə edərək çıxıb getmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında onun 25 may 2021-ci il tarixdə saat təxminən 12:15 radələrində 24 saylı marşurut üzrə “İveco” markalı ** JX *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda ayaqüstə dayanmış vəziyyətdə olduğunu, həmin avtobusun sürücüsünün “Koroğlu” metrostansiyasının arxa hissəsində avtobuslar üçün nəzərdə tutulmuş dayanacağa sürətlə daxil olan zaman avtobusun sağ yan hissəsi ilə dayanmış vəziyyətdə olan avtobusun sol hissəsindən toqquşduğunu, zərbənin təsirindən onun avtobusda yerə yıxıldığını, baş nahiyəsinin avtobusun oturacağının alt hissəsinə dəyərək xəsarət aldığı üçün bir anlıq huşunu itirdiyini, özünə gələn zaman avtobusda olan sərnişinlərin ona köməklik göstərdiklərini gördüyünü, orada olan sərnişinlərdən birinin təcili tibbi yardıma zəng vurub məlumat verdiyini, təcili tibbi yardım stansiyasının əməkdaşlarının gələrək ona ilkin yardım göstərib onu 3 saylı ŞKX-na apardıqlarını, həmin xəstəxanada həkimlərin ona ilkin yardım göstərdikdən sonra evə buraxdıqlarını, baş vermiş hadisə ilə əlaqədar sürücüdən şikayətçi olduğunu göstərmiş və sürücünün məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 05 iyun 2021-ci il tarixli 428 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol alın-gicgah nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin qançırı, sol dirsək nahiyəsinin sıyrığı olmuşdur, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 25.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, HK1-255 saylı araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs izahatına münasibətdə qeyd edir ki, törədilmiş inzibati xəta hadisəsi zamanı Zərərçəkmiş şəxs dərəcələrinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması və həmin xətanın törədilməsində Şəxs təqsirli olması məhkəmədə tədqiq olunmuş iş materialları, o cümlədən hadisə yerinə baxış protokolu, yol-nəqliyyat hadisəsinin sxemi və məhkəmətibbi ekspertizasının rəyi ilə tam təsdiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1911/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1911/2021
22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver