Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1911/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, X2 Bakı şəhər DYPİ-nin TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 13:08-də idarə etdiyi “Hyundai Sonata” minik markalı ** PG *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək, qərarın ləğv edilməklə inzibati işə xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ei ol tarixində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti istiqamətində hərəkətdə olan vaxt DYPİ-nin inspektorunun idərə etdiyi DYP avtomobili tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt inspektor heç bir sübut olmadan heç bir video görüntü olmadan əsassız, şəkildə onun idarə etdiyi avtomaşını saxlamış və şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur. O, buna qətiyyətlə etirazını bildirmiş amma buna baxmayaraq ona qərarsız protokol tərtib edərək ərazidən çıxıb getmişdir. Bildirmişdir ki, qanunun tələbləri inspektor tərəfindən kobud surətdə pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, inspektorun bu kimi hərəkətlərinə kəskin şəkildə qanun çərçivəsində etirazını bildirmişdir. Sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. Heç bir pozuntuya yol verməmiş, hərəkətdə olan vaxt hərəkət zolağını dönmə işiqları yandırmaqla heç bir avtomobilin hərəkətinə mane olmadan dəyişmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, H.Əliyev prospekti istiqamətində olan yolda xətlənmə qırıq -qırıqdır, orada zolaq dəyişməyə heç bir məhdudiyyət yoxdur. Bundan başqa orada sürət həddi isə saatda 90-110 km/saatdır. Protokoldan şikayət verməsinə baxmayaraq qərar ona təqdim edilməmişdir, o, özü BDYP-yə xx.xx.2022-ci il tarixdə müraciət edərək qərarı əldə etmişdir. X3 məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqan naməlum səbəbdən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edimişdir. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən şəxsin izahatını dinləyib, şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, inzibati iş üzrə TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən, bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, X2 idarə etdiyi “Hyundai Sonata” minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 13:08-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktının aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitələrin göstəriciləri Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmamışdır. Eyni zamanda, sübutların kifayət etməməsi səbəbindən X2 xx.xx.2022-ci il tarixdə saat 13:08-də idarə etdiyi “Hyundai Sonata” minik markalı ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospektində inzibati xəta törətməsi haqqında TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın əsaslı olması barədə qəti qənaətə gəlmək mümkün qeyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1911/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1911/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver