Məhkəmə qərarları › İş №3(007)-1911/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1911/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1911/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonunun Aşağı Yeməzli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 137, mənzil 36-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 mart 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində idarə etdiyi “BMW X5 minik” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə avtomobil bazarı istiqamətindən şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etdiyi vaxt, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yolun solundakı “Aysun” şadlıq sarayının qarşısından keçən hissədə onunla eyni istiqamətdə qarşısında hərəkət edən “Mercedes Benz C180” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq toqquşmuş, nəticədə sonuncu avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs2 gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, işə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla və mobil telefon nömrəsinə zəng edilməklə) dəfələrlə bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs gəlməmişdir. Məhkəmə işin faktiki hallarını, Şəxs işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermədiyini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, inzibati araşdırma zamanı təhqiqat orqanına verdiyi izahatı elan edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 08 yanvar 2023cü il tarixdə bacısı oğlu Orxanın toy məclisi olmuş, həmin gün gecə saat təxminən 23 radələrində toy şənliyi başa şatdıqdan sonra o, bacısı oğlu Orxan və yeni ailə qurduğu həyat yoldaşı Aygün birlikdə onun əri Eldar Bağırova məxsus “Mercedes C180” markalı **- TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər ki, Eldar onları getdikləri ünvana aparsın. Orxan həyat yoldaşı ilə avtomobildə arxa oturacaqda oturmuşlar, o isə Eldarın yanında qabaq oturacaqda oturmuşdur. Onlar Babək prospektində yerləşən avtomobil bazarı istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etmişlər. Yolun solundakı “Aysun” şadlıq sarayının qarşısından keçən hissədə qəflətən onların getdikləri avtomobilin arxasından başqa avtomobil zərbə ilə dəymişdir. Zərbədən onların avtomobili yolun ortasında fırlanmış, toqquşma nəticəsində onun alın nahiyəsi avtomobilin alın şüşəsinə dəyərək xəsarət almış, Orxan isə boynundan xəsarət almışdır. Avtomobildən düşdükdə məlum olmuşdur ki, onları arxadan “BMW” markalı avtomobil vurmuşdur. Hadisəni törətmiş Şəxs qarşı şikayəti yoxdur. Təhqiqat zamanı inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, “BMW” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə “BC” koteqorialı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 08 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində o, təxminən 70-80 km/saat surətlə idarə etdiyi həmin avtomobillə Babək prospektində yerləşən avtomobil bazarı istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. Yolun solundakı “Aysun” şadlıq sarayının qarşısından keçən hissədə ona məlum olmayan səbəbdən avtomobil sürüşdüyü üçün onunla eyni istiqamətdə qarşısında hərəkət edən “Mercedes C180” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ hissəsindən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə ehtiyyatsızlıqdan vurmuşdur. Zərbədən avtomobili yolun ortasında fırlanmışdır. O və avtomobilində olan sərnişinlər avtomobildən düşmüşlər, həmin avtomobilin sürücüsü də avtomobildən düşüb onlara yaxınlaşmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə YPX-nın avtopatrulu yaxınlaşmış, o, həmin avtopatrula yaxınlaşmışdır. Lakin həmin YPX-nın avtopatrulu başqa ərazinin avtopatrulu olduğu üçün avtomobili sürüb getmişdir. Sonra hadisə yerinə Bakı şəhər BPİnin YPX-nın avtopatrulu yaxınlaşmışdır. Qardaşı Sənan onların yanına yaxınlaşdıqda onlar Sənanın spirtli içki təsiri altında olduğunu görüb onu avtomobilə mindirərək sərxoşluq müayinəsinə aparmışlar. Həmin vaxt ona imkan yaranmamışdır ki, onlara bildirsin ki, sürücü özü olmuşdur. Hadisə yerinə adını sonradan Elvin kimi bildiyi inspektor yaxınlaşıb onun idarə etdiyi avtomobili cərimə meydançasına aparmışdır. Digər avtomobildə olan sərnişinlər xəsarət almışlar. Həmin gün o, spirtli içki qəbul etməmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, “Mercedes C180” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xalasının həyat yoldaşı Eldara məxsusdur. xx.xx.2023-cü il tarixdə onun toy məclisi olmuşdur. Həmin günün gecəsi saat təxminən 23 radələrində toy şənliyi başa şatdıqdan sonra o, yeni ailə qurduğu həyat yoldaşı Aygün və xalası Sevil Eldarın avtombilinə sərnişin kimi əyləşmişlər ki, Eldar onları ünvanlarına aparsın. O, həyat yoldaşı ilə arxada, xalası Sevil isə Eldarın yanında qabaq oturacaqda oturmuşdur. Eldar avtomobilini idarə edib Babək prospektində yerləşən avtomobil bazarı istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etməyə başlamışdır. Yolun solundakı “Aysun” şadlıq sarayının qarşısından keçən hissəsində qəflətən sərnişin kimi olduğu avtomobilin arxasından nəqliyyat vasitəsi zərbə ilə dəymişdir. Zərbədən avtomobilləri yolun ortasında fırlanmışdır. Hadisə nəticəsində başı arxaya atıldığı üçün yüngül əzilmiş, xalası Sevil yüngül xəsarət almışdır. Həyat yoldaşı ümumiyyətlə heç bir xəsarət almamışdır. Onlar avtomobildən düşdükdə ona məlum olmuşdur ki, “BMW” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobillərinin arxasından vurmuşdur. Hər üçü taksiyə əyləşib evlərinə getmişlər, Eldar isə hadisə yerində qalıb polisin gəlməsini gözləmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 yanvar 2023-cü il tarixli 40 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 ənsə nahiyəsinin sağ yarısının şişkinlik halında əzilməsi müəyyən edilmişdir. Həmin xəsarətin 08 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınması mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 yanvar 2023-cü il tarixli 41 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 burun belinin S-vari deviyasiyası (əyilməsi) ilə müşayiət olunan hər iki gözaltı nahiyənin hematoması, burun belinin şişkinlik halında əzilməsi, alının sol yarısının qançırı müəyyən edilmişdir. Həmin xəsarətlərin 08 yanvar 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 fevral 2023-cü il tarixli 8/327 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW X5” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Mercedes Benz C180” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini tədqiqi xüsusi texniki bilik tələb etmir. İşdə olan 16 mart 2023-cü il tarixli qərardan görünür ki, HK1-756 nömrəli materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd ediliş, material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə bir nəfər zərərçəkmiş şəxsin inzibati xəta törətmiş Şəxs qarşı şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar