Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1912/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi ilə, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində fərdi evdə yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi “Nissan Note” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Heydər Əliyev prospektində, metronun “Koroğlu stansiyası yaxınlığında yolun hərəkət hissəsində, taksilərin toplaşdığı yerdə dayanmış piyada, sonradan adını bildiyi xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ayağının pəncəsinin üstündən avtomobilin sağ təkəri ilə keçmişdir. Nəticədə piyada Zərərçəkmiş şəxs yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Emil Hacıyevin xx.xx.2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Nizami rayonu, Heydər Əliyev prospektində baş vermişdir. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi “Nissan Note” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə metronun “Koroğlu stansiyası yaxınlığında yolun hərəkət hissəsində, taksilərin toplaşdığı yerdə dayanmış piyada sonradan adını bildiyi xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ayağının pəncəsinin üstündən avtomobilin sağ təkəri ilə keçmişdir. Baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs ondan vurulmuş zərərin qarşılığı olaraq 50 manat pul tələb etmiş, lakin onun həmin məbləği ödəməyə imkanı olmamışdır. Hazırda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmadığını, ona dəymiş zərərin ödənilmədiyini və şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi İXM-in 327.8-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Təhqiqat materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 175 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldır-aşıq nahiyəsinin bayır səthinin hematoması olmuşdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Eyni zamanda təhqiqat materialların əlavə edilmiş xx.xx.2023-cü il tarixli 8/535 saylı rəyə əsasən “Nissan Note” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, Nizami RPİ təhqiqat şöbəsinin baş təhqiqatçısı Emil Hacıyevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qafarov X1 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 03 ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1912/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1912/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver