Məhkəmə qərarları › İş №3(007)-1920/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1920/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1920/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “X8” MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, ev 35/1-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 85, mənzil 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 18 avqust 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “X8” MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən polad yayma zavodunda ocaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs 05 iyul 2022-ci il tarixdə saat 05 radələrində qızdırıcı sobanı işə salmaq istəyərkən yaranmış ani alovlanma nəticəsində yanıq xəsarətləri alması faktı üzrə rayon prokurorluğunun müstəntiqi İlham Xankişiyev tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən müstəntiq İlham Xankişiyev tərəfindən 05 avqust 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, “X8” MMC-nin direktoru Şəxs MMC-yə məxsus polad yayma zavodunda 21 iyun 2022-ci il tarixli 74 nömrəli əmrlə MMC-də ocaqçı vəzifəsində işləmiş Zərərçəkmiş şəxs iş vaxtından kənar saatda istehsalat prosesinə başlamasına yol vermiş, nəticədə ocaqçı Zərərçəkmiş şəxs 05 iyul 2022-ci il tarixdə səhər saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən “X8” MMC-yə məxsus polad yayma zavoduna gələrək zavodun içərisində olan yayma xəttinin qızdırıcı sobasını işə salmaq məqsədilə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237 bəndinin tələbinə əsasən sobanın odluqlarının qaz kranlarını, alışdırıcını (forsunka) yaxınlaşdırdıqdan sonra açmalı olduğu halda, həmin bəndin tələbini pozaraq sobanın işə salınması zamanı sobanın odluqlarının qaz kranlarını, alışdırıcını (forsunka), yaxınlaşdırmazdan əvvəl açması ilə əlaqədar yaranmış ani alovlanma nəticəsində ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid gövdənin ön və arxa səthlərinin İİİ dərəcəli (18 faiz), sifətin (2 faiz), boynun (1 faiz) və hər iki yuxarı ətrafın bazunun aşağı 1/3-nin (3+3 faiz) və hər iki saidin (9+9 faiz) sirkulyar, ümumilikdə (27 faiz)-İİ dərəcəli termiki yanıq xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən “X8” MMC-nin direktoru Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan MMC-nin ocaqçısı Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, “X8” MMC-nin fəaliyyəti təmir-tikinti, istehsalat sahələrindən ibarətdir. Eyni zamanda MMC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika küçəsi-3 ünvanında da polad yayma fəaliyyətini həyata keçirir. Belə ki, həmin ünvanda yerləşən zavodun ərazisi "xxxx" ASC-yə məxsusdur və direktoru olduğu MMC həmin zavodda icarədar kimi fəaliyyət göstərir. Zavodun hazırda MMC-nin fəaliyyət göstərdiyi binasında digər bir şirkət də fəaliyyət göstərir ki, həmin şirkət metal külçələr istehsal edir, “X8” MMC isə metal külçələri şirkətdən alıb, külçələri qızdıraraq armatur istehsalı ilə məşğul olur. Zavodda armaturların istehsalı qızdırıcı sobada həyata keçirilir. 05 iyul 2022ci il tarixdə səhər saatlarında direktoru olduğu MMC-nin fəaliyyət göstərdiyi istehsalat sahəsində hadisə baş verməsi, yəni MMC-də ocaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs sobanı işə salarkən yanıq xəsarətləri alması barədə ona məlumat verilmiş, bundan sonra dərhal xəstəxanaya getmiş, ona Zərərçəkmiş şəxs 05 iyul 2022-ci il tarixdə səhər saat 05 radələrində işə gəlib sobanı qızdırmaq üçün işə salmağa çalışması, bunun üçün sobaya qoşulmuş qaz xəttinin kranlarını açması, daha sonra qaz xəttinə qoşulmuş rezin şlanqın sonuna qoşulmuş dəmir boruya alov salması, sobanın içərisinə daxil etdikdə isə sobanın pəncərəsindən çıxan alovun onu yandırması barədə bildirilmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı, həmçinin əvvəllər zəruri iş geyim və ləvazimatları ilə təchiz edilmişdir, lakin Zərərçəkmiş şəxs hadisə günü qeyd olunan geyimləri geyinmədən işləməyə başlamışdır. MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssis X5 tərəfindən işçilərin, o cümlədən Zərərçəkmiş şəxs zəruri geyim və zəruri təhlükəsizlik ləvazimatları ilə təchiz olunmasına, geyinməsinə nəzarət edilmişdir. Zərərçəkmiş şəxs hansı səbəbdən saat 05 radələrində işə gəlib qızdırıcı sobanı işə salmasını bilməmişdir, Zərərçəkmiş şəxs, həmçinin digər fəhlələrin üzərində gündəlik nəzarət X6 tərəfindən həyata keçirilmişdir, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs üzərində hər hansı nəzarət olmamışdır. Lakin Zərərçəkmiş şəxs bilik və bacarıqlarının yoxlanılması həyata keçirildikdən sonra o, iş prosesinə buraxılmışdır. Zavodda sex rəisi vəzifəsinə ştat nəzərdə tutulmamış, sex rəisi vəzifəsinin funsiyaları da onun tərəfindən icra edilmişdir. Baş vermiş inzibati xətaya görə səmimi peşmandır, həmin halı və Zərərçəkmiş şəxs müalicəsi üçün lazım olan maddi köməkliyi göstərdiyini, zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs prokurorluqda araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, əvvəllər müxtəlif iş yerlərində ocaqçı vəzifəsində çalışmış, 21 iyun 2022-ci il tarixdən etibarən isə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən “X8” MMC tərəfindən icarə əsasında işlədilən polad yayma zavodunda həmin işdə çalışmağa davam etmişdir. Onun vəzifəsi zavodda metalı əritmək üçün istifadə edilən qızdırıcı sobanı işə salmaqdan, istiliyini tənzimləməkdən ibarət olmuş, işə qəbul olunarkən ona MMC-nin əməkdaşı tərəfindən giriş və iş yerində təlimatları keçirilmişdir. 05 iyul 2022ci il tarixdə saat 05 radələrində qeyd olunan ünvanda yerləşən iş yerinə getdiyi vaxt işdə hər hansı şəxsin olmadığını, qızdırıcı sobanın qeyri-işlək vəziyyətdə olmasını, sobanın ətrafını yoxlayıb işə salınması üçün hər hansı problemin olmadığını müşahidə etdikdən sonra ehtiyatla qaz kranını açıb, sobaya qoşulmuş vəziyyətdə olan rezin şlanqı alışqan vasitəsilə yandırmış, daha sonra alovlandırdığı şlanqı qızdırıcı sobanın pəncərəsindən içəriyə salmışdır. Həmin vaxt yaranmış ani alovlanma nəticəsində əynində olan paltarları yanmağa başlamışdır. Qarın nahiyəsində paltarları əriməyə başlamış, işçilər ona yaxınlaşıb əynində olan koftanı çıxarmışlar. Daha sonra aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilmiş və müalicə olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə zamanı əynində iş geyimləri olmuş, yanında hər hansı şəxs olmasa da, ətrafda digər işçilər olmuşdur. İş saatı 08-də başlamış və 18-də bitmiş, ilkin izahatında hadisənin təsiri nəticəsində yalnışlıqla əynində iş geyimlərinin olmaması barədə bildirsə də, əynində iş geyimləri və təhlükəsizlik avadanlıqlarının olmuş, sobanın səhər saat 05 radələrində yandırılması həmin gün baş tutacaq istehsalatın vaxtında başlanması üçün vacib olmuş, ona səhər saat 05 radələrində qızdırıcı sobanın işə salınmalı olması ilə əlaqədar hər hansı şəxs tərəfindən göstəriş verilməsə də, bunu öz işinin yaxşı alınmasına görə etmişdir. Baş vermiş hadisə ilə əlaqədar “X8” MMC-dən və ya digər şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən “X8” MMC-nin fəaliyyət göstərdiyi polad yayma zavodunun içərisidir; -“X8” MMC-nin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 74 nömrəli əmrdən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli ərizəsi əsasında ocaqçı vəzifəsinə təyin edilmişdir; - 21 iyun 2022-çi il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs və “X8” MMC arasında həmin tarixdə əmək müqaviləsi bağlanmışdır; -“Heyətin giriş təlimatının qeydə alınması” və “İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması” jurnallarından görünür ki, Zərərçəkmiş şəxs hər iki təlimatın keçirilməsi barədə jurnallarda 22 iyun 2022-ci il tarixdə imza etmişdir; - 22 iyun 2022-ci il tarixli vəzifə təlimatından görünür ki, Zərərçəkmiş şəxs Əmək Məcəlləsi üzrə vəzifəsi barədə təlimat keçirilmiş, o, təlimatın keçirilməsini imzası ilə təsdiq etmişdir; -“X8” MMC-nin “Yayma xəttinin istismar pasportu”ndan görünür ki, sənəddə qızdırıcı sobanın texniki göstəriciləri, yayma xəttinin avadanlıqlarına texniki xidmət, yayma xəttində avadanlığın istismarı zamanı təhlükəsizlik qaydaları, sobanın istismarına cavabdeh şəxs haqqında məlumat, sobanın sazlığına cavabdeh şəxs haqqında məlumatlar göstərilmişdir; -“Xüsusi geyim, ayaqqabı və digər mühafizə vasitələrinin qeydiyyatının şəxsi kartoçkası”ndan görünür ki, Zərərçəkmiş şəxs qeyd olunan xüsusi geyim, ayaqqabı və digər mühafizə vasitələrinin MMC tərəfindən ona təqdim olunması barədə qeydiyyat vərəqəsində 21 iyun 2022-ci il tarixdə imza etmişdir; -Məhkəmə-tibbi ekspertizasının 02 avqust 2022-ci il tarixli 571 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs olan gövdənin ön və arxa səthlərinin İİİ dərəcəli (18 faiz), sifətin (2 faiz), boynun (1 faiz) və hər iki yuxarı ətrafın bazunun aşağı 1/3-nin (3+3 faiz) və hər iki saidin (9+9 faiz) sirkulyar, ümumilikdə ( 27 faiz)-İİ dərəcəli termiki yanıqlar-yüksək hərarətin yerli təsirindən törənmişlər, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 05 iyul 2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, xəsarətlər dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinadən qeyd edilən xəsarətlərin, qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi, yəni şəxsin özü tərəfindən yetirilməsi nəticəsində almamaları inkar olunmur; -Məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 05 avqust 2022-ci il tarixli 10/4513 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237 bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər”. 12.0.008-90 saylı DÜST-nm 4.4 bəndinin tələbi pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında “X8” MMC-yə məxsus polad yayma zavodunda quraşdırılmış qazla işləyən sobanın işə salınması zamanı odluqlarının kranlarını alışdırıcı (forsunka) yaxınlaşdırılmadan əvvəl açılması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında “X8” MMC-yə məxsus polad yayma zavodunda quraşdırılmış qazla işləyən sobanın işə salınması prosesi onun odluqlarının kranlarını alışdırıcını (forsunka) yaxınlaşdırmadan əvvəl açıb icra etdiyinə görə “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.237 bəndinin tələbi “X8” MMC-də ocaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs tərəfindən pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında “X8” MMC-yə məxsus polad yayma zavodunda ocaqçı vəzifəsinə cəlb olunmuş işçinin (konkret Zərərçəkmiş şəxs) bilik səviyyəsinin yoxlanılması aparılmadan işə buraxıldığına görə, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər”. 12.0.004-90 saylı DÜST-nin 4.4 bəndinin tələbi, cəmiyyətdə vəzifə təlimatının tələblərinə əsasən işçilərinin biliklərinin yoxlanılmasını təşkil etməli olan şəxs(lər) tərəfindən pozulmuşdur. (Konkret şəxslər araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında “X8” MMC-yə məxsus polad yayma zavodunda iş saatından kənar olaraq işçiyə istehsalat prosesinə başlanılmasma yol verildiyinə görə, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”nın sex rəisinin əmək funksiyasının tələbləri həmin sexin rəisi tərəfindən pozulmuşdur. (Konkret şəxs araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). -Bakı şəhəri Nizami rayon prokurorluğunun 05 avqust 2022-ci il tarixli qərarından görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Energetika-3 ünvanında “X8” MMC-yə məxsus polad yayma zavodunda MMCnin ocaqçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs qızdırıcı sobanı işə salmaq istəyərkən yaranmış ani alovlanma nəticəsində yanıq xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162 və 222-ci maddələrinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “X8” MMC-nin direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlər rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin müalicəsi üçün maddi köməklik etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar