Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1922/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhər BPİ X9 İdarəsinin Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X5 Bakı şəhər BPİ X9 İdarəsinin Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə onun barəsində YPX inspektoru tərəfindən İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Asfalt örtüyünə çəkilmiş 1.18 nişanlama xətti ilə dirəyə vurulmuş 4.1.1 işarəsi (yalnız düzünə hərəkət) düz gəlmir, ziddiyyət yaradır. YPX əməkdaşına bu iki nişan arasında ziddiyyət olmasını bildirməsinə baxmayaraq barəsində protokol tərtib edilmişdir. Qanunvericiliyə görə yol nişanları və nişanlanma xətləri arasında ziddiyyət olmamalıdır. Əgər ziddiyyət olarsa sürücülər təhlükəsizlik qaydalarına riayət etmək şərtilə iki nişandan birini üstün götürə bilər. Qanunvericiliyin tələblərinə görə məcburi hərəkət istiqamətləri nişanları ilə 1.18 nişanlanma xətləri birgə tətbiq edilə bilməz. “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 4-cü hissəsində deyilir ki, yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. İşarələnməyə gəldikdə isə 4.1.1 nişanlanması vurulduğu yer sürücüyə görsənsə belə, sürücü sağa dönəndən sonra heç bir metr getməmiş 3.1 nişanının təsir zonasına düşür. Hansı ki, o halda sürücünün nişanı görmək faizi 0-dır. Bunlar bir-birinə zidd olur, sürücünü çaşdırır. Faktla bağlı E-Polis tətbiqinə, asan ödəni*şin qaynar xəttinə, habelə X9 İdarəsinə müraciət etmişdir. Buna baxmayaraq ona heç bir kömək göstərilməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ X9 İdarəsinin Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, əgər dirəkdə nişan varsa həmin nişanın tələbi məcburidir. Bu da göstərir ki, sürücü yalnız düz getməlidir. Sürücü yerdəki nişana əsasən dönmüş, lakin sonradan giriş qadağandır işarəsini görmüşdür. Yerdəki nişan vaxtilə zolaqlar üzrə çəkilmişdir və düzünə istiqamətin növbəti nişana qədər məcburi olduğunu bildirir. “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsi sürücü üçün tələb qoyur ki, sürücü həmin qanunu mükəmməl bilməli və icra etməlidir. Eyni zamanda həmin Qanunun 37-ci maddəsinə əsasən sürücünün vəzifələri nizamlayıcının və svetoforun göstərişlərinə əməl etmək, yollarda qoyulmuş nişanların və yolun nişanlanmasının tələblərinə əməl etməkdir. Tərəfin təqdim etdiyi şəkildən görünür ki, həmin istiqamətdə 4.1.1 məcburi hərəkət istiqamətini bildirən nişan var, sürücü isə müəyyən səbəblərdən həmin nişanın tələbini pozaraq manevr edərək dönmək istəmiş və giriş qadağandır işarəsinin təsir dairəsinə daxil olmuşdur. Bu hadisə tam olaraq qanun pozuntusudur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. - Bakı şəhər BPİ X9 İdarəsinin Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 15:57-də Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində idarə etdiyi “Kia Rio” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət etməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1 və 327.2-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhər BPİ X9 İdarəsinin Müşayiət-eskort bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1922/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1922/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver