Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1929/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Aftandil qızı Qədirlinin sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X1, protokol tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin sahə rəisi X3 iştirakları ilə, xx.xx.1959-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində ünvan 2 ünvanının qarşısında YPX-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə rəisi X6 oğlu məhkəməyə verdiyi izahatında protokolun məzmununa uyğun ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektoru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:20 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsinin arxasınca gedib qayıdan zaman qarşıda hərəkətdə olan “Mercedes” markalı, **-ES-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dönmə işıqlarında istifadə etmədən sağa-sola hərəkət etdiyi və stop işıqları yanmadığı üçün saxlayaraq sürücüyə etdiyi qayda pozuntusu izah olunmuş, bu zaman sürücünün sərxoş olmasından şübhələnmiş, alkotestr vasitəsilə yoxlanılmış, lakin sürücüdə alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Sürücü həkim müayinəsinə dəvət olunmuş, bu zaman sürücü müayinədən imtina etmiş, avtomobilə əyləşərək öz ünvanına getmişdir. Onlar onu izləyərək yaşadığı ünvanın qarşısında saxlamış, həkim müayinəsinə aparmaq istəsələr də, o, yenə də imtina edərək müqavimət göstərmiş, əl-qol hərəkətləri etmiş, uca səslə qışqıraraq ictimai asayişi pozmuşdur. Daha sonra PPXB-nün əməkdaşlarının köməyi ilə sürücü müayinə məntəqəsinə aparılmış, müayinə nəticəsində sürücüdə narkotik sərxoşluğu aşkar olunmuşdur. Daha sonra 23-cü PB-nə təmin olunmuş, orda barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsaslanaraq şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Həmçinin verilən suallara cavab olaraq bildirdi ki, sürücü ilk dəfə saxlanılarkən ona maşında olan valideynin evə getməsi üçün köməklik göstəriləcəyi, polis əməkdaşı tərəfindən evə aparıla biləcəyi bildirilmiş, lakin sürücü buna məhəl qoymayaraq özü polis əməkdaşlarının qanuni tələbləri tabesizlik göstərərək onların icazə olmadan nəqliyyat vasitəsini idarə edərək oradan uzaqlaşmışdır. Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin manqa komandiri X7 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, “İlahə” gözəllik salonun qarşısına efir vasitəsilə kömək istənilmiş, onlar dərhal həmin ünvana getmişlər. Bu zaman şəxsin səs-küy salaraq YPX-nin əməkdaşlarına müqavimət göstərdiyi aşkar olunmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymamış, onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən fiziki qüvvə tətbiq olunaraq həmin şəxs bölməyə təmin olunmuşdur. Həmçinin verilən suallara cavab olaraq bildirdi ki, şəxsin saxlanıldığı küçə dar, keçilməz küçə olduğu üçün orada hər hansı bir dava-dalaş olması, şəxsin döyülməsi, vurulması halları fiziki cəhətdən mümkün deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Saxlanılarkən pmüayinəyə getməkdən imtina etməsinin səbəbi avtomobildə yaşlı və xəstə anasının olması olmuşdur. O, polis əməkdaşlarına bildirmişdir ki, anası xəsətədir, onu evə düşürdükdən sonra istənilən yerə gedə bilər. Bu səbəbdən avtomobilə əyləşərək yaşadığı ünvana gəlmiş, gələrkən yol boyu isə heç bir qayda pozuntusuna yol verməmişdir. Yaşadığı ünvanda avtomobildən düşüb anasını evə ötürmək istəyən zaman polis əməkdaşları tərəfindən yaxalanaraq kobud şəkildə xidməti maşınlarına mindirmək istəmişlər. Bu zaman bildirmişdir ki, qardaşı 3-5 dəqiqəyə evə çatır, qardaşı gəlsin, sonra onlarla istədikləri yerə gedər. Ancaq polis əməkdaşları buna məhəl qoymamışlar. O, heç bir nalayiq ifadə işlətməmiş, söyüş söyməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 məhkəməyə verdiyi izahatında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları və Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportlarla Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 02:45-də tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs qeyd olunan inzibati xətanı narkotik maddələrin təsiri altında sərxoş vəziyyətdə törətməsi məhkəmə iclası zamanı təqdim olunmuş rəyə əsasən müəyyən edilmişdir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X4 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1929/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1929/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver