Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1930/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli MN ******* nömrəli protokolu ilə "xxxx" MMC-nin direktoru kimi X5 tərəfindən vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı aşkar edilmişdir. Belə ki, həmin protokolda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən-1, korpus 5 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:15-də X10 və digər bir nəfərin əmək müqaviləsi və ya digər hüquqi müqavilə olmadan işləri yerinə yetirməsinin müəyyən olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında 28 mart 2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 4300 (dörd min üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati orqanın sözügedən qərarı inzibati qanunvericiliyin tələblərinə riayət olunmamaqla qəbul olunmuş, qanunsuz və əsassız qərar olduğundan ləğv olunmalıdır. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Həmin Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İlk öncə işin mahiyyətinə keçmədən əvvəl inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə əsasən inzibati xəta faktını aşkar edən inzibati orqan tərəfindən müvafiq protokolun tərtibolunma qaydalarına riayət edilməmiş və protokol kifayət qədər pozuntularla tərtib olunmuşdur. Hazırki iş üzrə inzibati protokol ən geci iki (02) gün ərzində tərtib olunamalı idi. Lakin inzibati orqan (protokol tərtib edən orqan) qanunvericiliklə üzərinə qovulmuş imperativ tələbləri verinə yetirməmiş və qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. İş üzrə tərtib olunmuş protokoldan görünür ki, həmin orqan Məcəllənin tələblərinə dəqiq riayət etməmişdir və bu hala işə baxan Məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması" prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. X9 məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə görə protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalı olduğu bildirilmişdir. Göründüyü kimi Plenum Qərarında protokolda çatışmayan sənədlərin məhkəmə iclasında təqdim olunmasının mükün olduğu hallarda protokolun geri qaytarılmaması bildirilmişdir. Lakin qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş inzibati xəta haqqında protokol hər bir halda qanuni deyildir və geri qaytarılmalıdır. İşin faktiki hallarından müəyyən olur ki, inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən inzibati xəta halı 14 fevral 2024-cü il tarixdə aşkar olunmasına baxmayaraq bu sahədə mövcud olan inzibati protokolun tərtib olunmasına dair inzibati xətalar qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla 13 mart 2024-cü il tarixdə protokol tərtib edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərindən müəyyən olur ki, inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmçinin inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı özünü sözügedən protokola qeyd olunmuş “X10 və digər bir nəfər” ifadəsində göstərir. Görünür ki, inzibati orqan həmin şəxsin şəxsiyyətini müəyyən etməmiş, qanunvericiliklə ciddi şəkildə riayət edilməsi tələb olunan müddəalara səthi və formal şəkildə yanaşmışdır. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Bundan başqa işin mahiyyətinə, yəni inzibati xətanın törədilməsinə gəldikdə qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halının əsası kimi inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq ünvanda X10 və şəxsiyyəti inzibati orqan tərəfindən müəyyən olunmayan digər bir nəfərin əmək müqaviləsi və ya digər hüquqi müqavilə olmadan işləri yerinə yetirməsi çıxış edir. İnzibati xətalar qanunvericiliyin tələblərinə nəzərə saldıqda görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbindən irəli gəlir. Yuxanda qeyd olunan normaların təhlilindən görünür ki, inzibati məsuliyyətin əsasında ilk növbədə inzibati xəta hadisəsinin olması dayanır. Hazırkı halda isə etirazın qoşma hissəsinə əlavə edilmiş əmək müqaviləsi bildirişindən və işə qəbul ərizəsindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə işə qəbul olmaqla bağlı ərizə yazmış və "xxxx" MMC ilə arasında əmək müqaviləsi bağlanılmış, onun işə başlama tarixi xx.xx.2024-cü il kimi qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib edilsə də, ümumiyyətlə inzibati xəta hadisəsi olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən irəli gələrək hazırki protokol onu tərtib etmiş orqana qaytarılmalı, həmçirin ondan bunu düzəltməsi tələb edilməlidir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbeh vermə haqqında 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunmasını və qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, yoxlama Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış və pozuntu aşkar edilmişdir. Yoxlama zamanı qeydə alınmış görüntülərə uyğun olaraq protokol tərtib olunmuş və "xxxx" MMC-nin direktoru X5 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4300 manat cərimə olunmuşdur. Yoxlama zamanı ümumi olaraq 42 nəfər şəxs yoxlanılmış, onlardan 2 nəfər şəxsin "xxxx" MMC tərəfindən əmək müqaviləsi və ya xidməti müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunduğu aşkar edilmişdir. X4 əmək bildirişi sistemə müvafiq yoxlama aparıldıqdan və pozuntu halları aşkar edildikdən dərhal sonra yerləşdirilmişdir. Qeyd olunanlara əsaslanaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən "xxxx" MMC-nin direktoru X5 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən-1, korpus 5 (MİDA YK) ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11-15-də X10 və digər 1 nəfər şəxs əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur, buna görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və şikayətçinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən-1, Korpus 5 ünvanında yerləşən tikinti obyektində keçirilən yoxlama zamanı yoxlanılan şəxslərdən X10 əmək müqaviləsi olmadan "xxxx" MMC tərəfindən əmək fəaliyyətinə cəlb olunması aşkar olunmuş, həmin şəxs də öz izahatında 3-4 aydır ki, həmin obyektdə işlədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Bu halda inzibati xətanın törədilməsi üçün əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin sayı hər hansı bir hüquqi əhəmiyyət daşımır. Belə ki, əmək müqaviləsi olmadan müəyyən işə cəlb olunmuş digər şəxsin adının qeyd edilməməsi qərarın ləğv edilməsi əsası kimi çıxış edə bilməz. Beləliklə müəyyən olunmuşdur ki, X10 və digər bir nəfər şəxs əmək müqaviləsi olmadan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Mədən-1, Korpus 5 ünvanında yerləşən tikinti obyektində əmək fəaliyyətinə cəlb edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4300 manat cərimə edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da sübut olunur ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-1930/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1930/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver