Məhkəmə qərarları › İş №3(007)-1935/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1935/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1935/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 aprel 2025ci il tarixli, EQ seriyalı, 27371574 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində avtomobili saxlayarkən 14:43 radələrində polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən barəsində EQ 27371574 saylı qərarlı protokol tərtib olunmuşdur. Protokolda avtomobili guya səkidə saxladığı qeyd olunmuşdur. Bildirir ki, avtomobili saxladığı yer səki tələblərinə uyğun gəlmir, işlək avtomobil yoludur. Belə ki, həmin ərazi bordyur daşları ilə avtomobil yolundan ayrılmamışdır. Yolun səthi ilə eyni səviyyədə olub, piyadalar üçün nəzərdə tutulmuş zolaq və nişanlanma yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsi, YHQ və DST 329.1-2001 standartlarına görə səki: 1) Avtomobil yolundan ayrılmalı. 2) Piyada hərəkəti üçün xüsusi nişanlanmalı. 3) Yol səviyyəsindən fiziki olaraq hündürdə yerləşməlidir. Dövlət Şəhərsalma Norma və X2 Nəqliyyatı və X4 8.29. Səki və velosiped cığırları keçidlərin səviyyəsindən 15 sm yuxarı salınmalıdır. Beləliklə YHQ 52.1 maddəsini rəhbər tutaraq həm bu ərazi səki sayılmadığını nəzərə alaraq, bu ərazidə NV-nin saxlaması qayda pozuntusu deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu ərazinin “səki” kimi qiymətləndirilməsi hüquqi və texniki cəhətdən əsassızdır. Dövlət Şəhərsalma Norma və Qaydalarının 3.1. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikinti abadlaşdırma layihəsində Azərbaycan Respublikası qanunvericiliyinə, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikası hökumətinin qərarlarına, sərəncamlarına və digər normativ-hüquqi aktların tələblərinə əməl olunmalıdır. Səki olmadığı nəzərə alınsa, heç bir nişan yoxdur. Hansı ki, bu ərazidə saxlamağı qadağan etsin. Əlində olan foto və video materiallar da bunu sübut edir. Göstərilənlərə əsasən, EQ 27371574 sayli qərarin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə - altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. 45-ci maddəsinin İ hissəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 16 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27371574 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən - 16 aprel 2025-ci il tarixdə saat 14:43:12-də Nizami rayonu, Qara Qarayev prospekti, 38A ünvanında “BMW 528 minik” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması”ndan ibarət inzibati xəta - X3 tərəfindən mübahisələndirilmişdir. Qanunvericiliyin tələbi baxımından inzibati xəta törətmiş şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, burada sübutetmə yükü inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür, həmin orqanın nümayəndəsi isə məhkəmə araşdırmalarında iştirak etmək üçün gəlməmiş, sübutlar təqdim etməmişdir, məhkəmənin özü isə hazırki qaydada aşkar olunmuş nöqsanları araşdırmaq üçün müvafiq imkanlara (texniki resurslar və s.) malik deyildir. Nəzərə alınmalıdır ki, iş üzrə mühüm hallar araşdırılmadığı halda şəxsin Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə təqsirlilik məsələsinin yoxlanılaraq yekun nəticəyə gəlinməsi mümkün deyildir. Halbuki, yaranmış vəziyyətdə X1 şikayətində irəli sürdüyü dəlillərin yoxlanılaraq qiymətləndirilməsi baxımından xətanın qeydə alındığı yerə onun özünün iştirakı ilə baxış keçirilməli, həmin yerin piyadaların hərəkəti üçün nəzərdə tutulan yol hissəsi hesab olunub-olunmaması müəyyən edilməli və s. bu kimi hallar üzrə araşdırma aparılmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X3 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 16 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27371574 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 16 aprel 2025-ci il tarixli, EQ seriyalı, 27371574 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar