Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1940/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X2, Bakı şəhəri Nizami RPİnin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 201, B bloku, mənzil 134 onun anasına məxsusdur. Həmin mənzildə anası tərəfindən təmir işləri aparılır. Bununla əlaqədar 19 aprel 2025-ci il tarixdə mənzilə müəyyən qapı-pəncərə qoyularkən həmin əşyaların qutuları mənzilin blok hissəsinə qoyularaq oradan yığılıb zibil qutularına aparılacaqdı. Bu zaman sahə inspektoru Aqşin Gəncəliyev ustanın telefonu ilə ona zəng edərək onu mənzilə çağırmışdır. O gələn zaman ona bildirmişdir ki, 300 manat cərimə olunmaqla əlaqədar Polis Bölməsinə getməlidirlər. O isə bildirmişdir ki, nə onun tərəfindən, nə də ki, başqa biri tərəfindən heç bir yerə zibil tullantısı atılmamışdır. Mənzil ümumiyyətlə ona məxsus deyil, bundan əlavə təmirlə əlaqədar mənzilin blokuna qoyulmuş əşyalar onsuzda daşınaraq zibil qutusuna aparılır. Hal-hazırda da bu işlə məşğul olan şəxslər, yəni ustalar işlərini görüb yekunlaşdıraraq həmin əşyaları aparıb zibil qutularına atacaqlar. Yəni həmin məsələnin ona heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, bura heç kəs zibil tullamamışdır. Məlum məsələdir ki, təmirlə əlaqədar əşyalar həmin ərazidən zibil qutularına aparılacaqdır. Nəticədə polis inspektoru ona təzyiq edərək, onunla sanki hər hansı bir cinayəti törətmiş bir şəxs kimi rəftar edərək onu zorla öz avtomobili ilə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmaq istəmişdir. Bu zaman o, 102 xidmətinə zəng edib öz şikayətini bildirmişdir. Bundan sonra o, polis inspektoruna öz avtomobili ilə gedəcəyini bildirmişdir. Polis Bölməsində ona təzyiq edərək həmin məbləği dərhal ödəməsini tələb etmişlər. O isə etiraz etmiş və protokolu yazıb ona vermələrini istəmiş, araşdırıb lazım gələrsə sonra ödəyəcəyini bildirmişdir. Polis inspektoru ona bildirmiş ki, cəriməni ödəməsə onu Polis Bölməsində saxlayacaqlar. Məcburi şəkildə həmin cəriməni ödətdirib onu buraxmışlar. Barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Baş vermiş hadisənin mahiyyəti İXM-nin 266.3-cü maddəsinin təsiri altına düşmür. Bu sadəcə bir polis inspektorunun qanunsuz rəftarı və qanunsuz qərarıdır. İnzibati xətanın törədilməsini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd edilənləri nəzərə alaraq, barəsində 19 aprel 2025-ci il tarixdə tərtib edilmiş EXP seriyalı, ******* nömrəli protokol əsasında qəbul edilmiş 19 aprel 2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və məcburi şəkildə ödənilmiş 300 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X8 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhəri Nizami RPİnin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru X6 izahat verərək bildirmişdir ki, onlar həmin ünvana səs-küy ilə əlaqəli getmişlər ki, işi dayandırsınlar. Orada xəbərdarlıq olunmuşdur ki, istirahət günləri olduğu üçün iş görmək olmaz, səs-küylü işləməsinlər. Həmin zaman orada zibillərin olduğunu görmüşlər, ustalardan zibillərin onlara aid olduğunu soruşduqda onlar təsdiqləmişlər. Fəhlələri şöbəyə aparanda ev sahibi Əkbərli Əkbər buna etiraz etmiş və bildirmişdir ki, özü cavabdehdir. Əkbərli Əkbər orada olmasa idi onlar fəhlələri aparacaqdılar, lakin o, özünün cavabdeh olduğunu bildirmişdir. Əkbərli Əkbər özünü ev sahibi olaraq təqdim etdiyi üçün protokol onun barəsində tərtib olunmuşdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 Aqşin Qadir ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş - Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 19 aprel 2025-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 aprel 2025-ci il tarixdə yaşadığı ünvanın qarşısına urnalardan kənar yola, küçəyə məişət tullantıları atdığına görə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; - Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş 19 aprel 2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 10 may 2025-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X8 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 300 manat cərimə tənbeh növü tətbiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarla X5 İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X5 barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1940/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1940/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver