Məhkəmə qərarları › İş №3(007)-1944/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1944/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1944/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 01 avqust 1992-ci il tarixdə Rusiya Ferasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 47, mənzil 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 10 avqust 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 avqust 2022-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsində “VAZ 21099 minik” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş və qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “VAZ 21099” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.S.Ordubadi küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən itifadə etmədiyi üçün yol polisi tərəfindən saxlanılmışdır. Sonra həkim müayinəsindən keçirilmiş, içkili olduğuna dair rəy verilmişdir. O, avtomobilindən taksi kimi istifadə etməklə ailəsini dolandırır, başqa gəlir mənbəyi yoxdur. İlk dəfə içki içərək avtomobil idarə etmişdir, bu əməlindən səmimi peşmandır. Barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 avqust 2022-ci il tarixli 2/26346 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə saat 01:33-də keçirilən tibbi müayinəsi zamanı alkoqol sərxoşluğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Həmin maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, ona görə Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar