Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1949/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 11 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin DYPİ-nin 11 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11 may 2021-cı il tarixdə Qara Qarayev prospekti 56 ünvanına yaxınlıqda ona məxsus “Opel Corsa” avtomobili ilə ara məhlədən prospektə tərəf hərəkətdə olarkən (məhlənin içində), saat 18:00 radələrində YPX yolun prospektə giriş hissədə dayanaraq onu saxlamış və Bakı şəhəri BPİ-nin inspektoru X4 tərəfindən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Ondan nəyə görə saxlanıldığı soruşulmuş, o, bilmədiyini demişdir. Qara Qarayev prospekti 56 (Neftçilər metrosunun yanı) ünvanında həmin məhləyə daxil olanda “giriş qadağandır” işarəsinin tələbini pozaraq hərəkət etdiyini bildirmişlər, o da öz növbəsində tez-tez gəldiyi ünvan olduğunu deyərək yerdəki düzünə hərəkətə icazə verən işarəyə əsasən davam etdiyini demişdir. Beləliklə, ona protokol yazılmalı olduğunu demişlər, o da Qanun necə tələb edirsə, yazılmalıdırsa yazılmasını demişdir. Sonra gəlib həmin yerə baxış keçirmişdir. Yerdə düzünə hərəkətə icazə verən işarə olmuş, yolun kənarına isə giriş qadağandır işarəsi qoymuşlar. O, yola baxaraq hərəkət etmiş və ziddiyyət yaranmışdır. Çünki yerdəki işarə ilə yol kənarındakı işarə bir-birini tamamlamayaraq sürücünü çaşdırır. Protokola elə həmin gün, 11 may 2021ci il tarixdə etirazını bildirmişdir. Şikayətinə cavab olmamış, təkrar bir daha şikayət etmişdir. Təkrar Bakı şəhər BPİ-nə getmişdir. 18 iyun 2021-ci il tarixdə BPİ-də baxılmış, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” AR Qanununun 327.2-ci maddəsinin tələblərini pozmaqla 60 manat məbləğində cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Göründüyü kimi o, həmin yoldan təxminən bu yolda işarələr ziddiyyət tələb etdiyindən sürücüyə dəqiqə əvvəl keçmişdir və sonra məhlədən çıxanda qarşılamışlar onu və hətta yuxarıda qeyd etdiyi kimi 2 dəfə təkrar şikayətinə cavab olmadığından məktub gödərildiyini bildirərək və o, guya məktubu qəbul etməkdən imtina etdiyini bildirmişlər. Məktubun surətini istəmiş, ona 18 iyun tarixində məktub vermişlər ki, hansı ki, elə iyunun 20-də ora getmişdir, yəni porotokol yazılmağı doğru deyildir. www.asanpay.az portalında da heç bir görüntü yoxdur. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Beləliklə, İXP ******* nömrəli protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış 11 may 2021-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasnıı xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin DYPİ-nin 11 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, həmin tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 11 may 2021-ci il tarixdə saat 18:02-də Bakı şəhəri, Q.Qarayev prospekti 56 ünvanında “Opel Corsa D minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulmasına görə, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir; -Fotoşəkillərdən görünür ki, “Opel Corsa D minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozduğu və sürücü X1 YPX əməkdaşı tərəfindən saxlanılaraq yol hərəkəti qaydasının pozuntusu barədə ona izah edildiyi həmin fotoşəkillərdə öz əksini tapmışdır; -Bakı şəhər BPİ-nin DYPİ-nin rəisi tərəfindən X2 ünvanlanmış 18 iyun 2021-ci il tarixli 046-54294S-4221 nömrəli məktubdan görünür ki, idarə rəhbərliyinə ünvanladığı müraciəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, o, 11 may 2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə riayət etməyib idarə etdiyi “Opel Corsa” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Q.Qarayev prospektində 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasında hərəkətini davam etdirdiyinə görə YPX əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol verdiyi inzibati xətanın aşkar olunaraq sənədləşdirilməsində normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilməmişdir. Araşdırmanın nəticəsindən narazı qaldığı təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X3 11 may 2021-ci il tarixdə saat 18:02-də “Opel Corsa D minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu Bakı şəhəri, Q.Qarayev prospekti 56 ünvanında 3.1 “Giriş qadağandır” yol nişanı quraşdırılmışdır və onun tərəfindən məhz həmin yol nişanının tələbi pozulmuşdur. Bu fakt, işdə olan digər materiallarla yanaşı xəta anının və xətanın YPX əməkdaşı tərəfindən araşdırıldığı vəziyyətdə çəkilmiş fotoşəkillərlə də təsdiq olunur. X1 irəli sürdüyü dəlillərin, eləcə də şikayətin təmin olunaraq mübahisələndirilən qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Məlumdur ki, səlahiyyətli orqan tərəfindən də müvafiq araşdırma aparılmış və X1 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasında hərəkətini davam etdirdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi öz təsdiqini tapmışdır. Belə olan halda, iş üzrə təkrar araşdrıma aparılması zərurəti qalmamışdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 11 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 11 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1949/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1949/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver