Məhkəmə qərarları › İş №3(007)-1954/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1954/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1954/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-dən daxil olmuş 13 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 07 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən 1 nömrəli binanın zirzəmisində tikilini qəsdən uçurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu yazılı vəsatətlə məhkəməyə müraciət edərək Quliyev Şükranın həmin tikintini aparmağa səlahiyyətinin yoxlanılmasını; binanın texniki şərtinin tələb olunmasını; elektrik şkafları olduğu halda əlavə tikili aparmağa zərurət olmasını müəyyən etmək üçiin mütəxəsis rəyi alınmasını; binanın 1/3 hissəsinin sahibi olduğu halda onun icazəsi olmadan qanunsuz tikinti aparılmasının nə dərəcədə mümkünlüyünün yoxlanılmasını; texniki işçilər üçün nəzərdə tutulmuş 5-ci girişin qarşısında tikilmiş tikilinin təyinatını səlahiyyəti olmayan şəxs Quliyev Şükranın dəyişməsi səlahiyyətinin olub-olmamasının müəyyən edilməsini; binanın elektrik şitinin 4-cü girişin zirzəmisində yerləşdiyi, hər girişin zirzəmisində əlavə olaraq həmin girişdə yaşayan sakinlərin elektrik sayğacları quraşdırıldığı nəzərə alınsa, əlavə tikililərin aparılması zəruriliyinin mütəxəsis rəyi ilə müəyyən edilməsini; hər girişin sahəsində yerləşən qeyri-yaşayış sahələri üçün olan sayğaclar da həmin girişin sakinlər üçün olan sayğacların yanında yerləşdirildiyini, ona görə də 4-cü girişin altında qeyri-yaşayış sahələri üçün əlavə yer tikmək lazım gəlmədiyini nəzərə alaraq, vəsatətinin təmin olunmasını, onun haqqında tərtib olunmuş inzibati xəta haqqında protokolun əsası olmadığına görə həmin protokolun ləğv olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı vəsatətinin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməklə material əlavə inzibati araşdırma aparılması üçün göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs 25-ci polis şöbəsinin rəisinə ünvanladığı 11 iyun 2021-ci il tarixli ərizədən görünür ki, 08 iyun 2021-ci il tarixdə saat 10 radələrində komendantı olduğu ünvan 2 ünvanında yerləşən yaşayış binasının zirzəmisində elektrik qutularının yerləşdirilməsi məqsədilə tikilmiş divarın naməlum şəxs tərəfindən qəsdən uçurulduğunu aşkar etmişdir. Divarı uçurmuş şəxsin şəxsiyyətinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir; - 08 iyun 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində tikilmiş divarın uçurulduğu müəyyən edilmişdir; -"xxxx" MTK-nın 14 iyun 2021-ci il tarixli 06 nömrəli məktubundan görünür ki, "xxxx" MTK 2006-cı ildən Özbəkistan küçəsi 1 ünvanında mövcud hündürmərtəbəli binanın tikintisinə başlamış, 2011-ci ildə tikinti işlərini başa çatdırmışdır. 2013-cü ildən sonra binada sakinlər yaşamağa başlamışlar. Binanın 4-cü girişində yerləşən elektrik şkafları ümumi binanı elektrik enerjisi ilə təmin edir. Sözügedən tikinti aparılan sahə MTK-nın heç bir fiziki və hüquqi şəxsinə məxsus deyildir. MTK-nın balansında olan həmin tikilməkdə olan sahədə isə əlavə elektrik şkaflarının qoyulması nəzərdə tutulmuşdur. Həmin sahənin Şəxs və yaxud başqa şəxsə heç bir aidiyyəti yoxdur. Həmin tikilmiş ərazi növbəti elektrik yeşiklərinin qoyulması üçün nəzərdə tutulmuşdur və təhlükəsizlik nöqteyi nəzərindən də hər hanşı şəxsə verilməsi yolverilməzdir. Bina 2019-cu ildən dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir. MTK tikinti işlərini başa vurduqdan sonra sakinlərə və ümumilikdə binaya xidmət etmək üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. Binada bütün işlərə nəzarəti "xxxx" MMC həyata keçirir. Hal-hazırda MMC-nin komendantı Rafiq Soltanov cərrahiyyə əməliyyatı olunduğundan, onun işlərini müvəqqəti olaraq binanın aktiv sakinlərindən olan Zərərçəkmiş şəxs həyata keçirir, yəni orada gedən bütün işlərə həmin şəxs nəzarət edir; -Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, X1 qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyinin müəyyən edilməsi, əks halda barəsində qanunauyğun qaydada tədbir görülməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nizami rayon prokuroruna və ərizəçiyə göndərilməklə, qərarın icra olunması Nizami RPİ-nin 25-ci PŞ-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Şəxs vəsatətinə əlavə olunmuş 13 fevral 2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş müqavilənin surətindən görünür ki, "xxxx" MTK-nın təsisçilərindən X2 həmin MTKda ona məxsus olan 33%-lik təsisçilik payını Şəxs bağışlamışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Şəxs inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələbinə görə, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəsdən məhv edilən və ya zədələnən əmlak özgəyə məxsus olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə təqdim etdiyi 13 fevral 2015-ci il tarixli müqaviləyə əsasən isə, "xxxx" MTK-nın təsisçilərindən X2 həmin MTK-da ona məxsus olan 33%-lik təsisçilik payını Şəxs bağışlamışdır. Belə olan halda, 33%-lik təsisçi payına sahib olan şəxsin binada müvafiq tikili hissəsini sökməklə bağlı əməlinin həmin inzibati xətanın təsiri altına düşüb-düşməməsi şübhə altında qalır, onun inzibati xətanın törədilməsinə aidiyyəti dəqiq müəyyən edilməli və təqsirliliyi sübuta yetirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın təhqiqat orqanına təqdim etdiyi 14 iyun 2021-ci il tarixli 06 nömrəli məktubda binanın 4-cü girişində yerləşən elektrik şkaflarının ümumi binanı elektrik enerjisi ilə təmin etdiyi, tikinti aparılan sahənin MTK-nın heç bir fiziki və hüquqi şəxsinə məxsus olmadığı, MTK-nın balansında olan həmin tikilməkdə olan sahədə əlavə elektrik şkaflarının qoyulmasının nəzərdə tutulduğu göstərilsə də, bu ziddiyyətli hal araşdırılmamış, binanın texniki pasportu götürülərək öyrənilməmiş, sakinlərə və ümumilikdə binaya xidmət etmək həvalə edilmiş "xxxx" MMCnin müvafiq səlahiyyətli şəxsinin izahatı alınaraq həmin məsələlərə aydınlıq gətirilməmiş, Zərərçəkmiş şəxs bina sakinlərindən biri olduğu halda, binaya xidmət edən MMC deyil, həmin şəxs zərərçəkmiş şəxs kimi qəbul edilərək onun ərizəsi əsasında araşdırma aparılmışdır. Təhqiqatın gedişi zamanı isə, ümumiyyətlə zərərçəkmiş şəxsin konkret olaraq kim olması açıq qalmış, aydınlaşdırılmamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələbinə görə, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, bu az miqdarda ziyan vurduqda-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi, həmin əməlin törədilməsi ilə özgənin əmlakı qəsdən məhv edilir və ya zədələnir, sonradan bu ziyan ödənildiyi halda və zərərçəkmiş şəxslə barışıq əldə edildikdə iş üzrə icraata xitam verilir. Bunun üçün isə, iş üzrə zərərçəkmiş şəxsin müəyyən edilərək həmin qisimdə tanınması və inzibati icraat zamanı hüquq və vəzifələrinin həyata keçirilməsi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Hazırkı iş materiallanda vurulmuş maddi ziyanın məbləği 1000 manat kimi göstərilsə də, bunun hansı qaydada hesablandığı məlum deyil, həmin məbləğə dair sübut əldə olunaraq işə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti müəyyən edilmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, qeyd olunan məsələlər üzrə yenidən araşdırma aparılması üçün material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalı, araşdırma zamanı Şəxs yazılı vəsatətində irəli sürdüyü dəlillər də yoxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs inzibati xəta törədilməsinə aidiyyəti müəyyən edilmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi üçün, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq əmələ hüquqi qiymət verilməsi məqsədilə material inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar