Məhkəmə qərarları › İş №3(007)-1955/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1955/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1955/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.1-1-ci maddəsi tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xət haqqında protokol toplanmış materialla birlikdə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022 olan Şəxs MMC tərəfindən X3 və digər 7 nəfər işçinin istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10818/2025 nömrəli göstərişinə əməl olunmamışdır. Bununla da, protokol tərtib etmiş orqanın mövqeyinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxış edərək bildirdi ki, eyni inzibati xəta hadisəsi ilə bağlı həm hüquqi şəxs barəsində, həm də hüquqi şəxsin vəzifəli şəxsi barəsində eyni vaxtda 2 fərqli protokol tərtib olunmuş, daha sonra isə vəzifəli şəxs haqqında tərtib olunmuş protokol üzrə işə baxılarkən inzibati xəta tərkibi olmadığından xx.xx.2025-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda da protokolda göstərilən işçilər sığortalanmışdır. Bütün bunları nəzərə alaraq hüquqi şəxs barəsində də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış inzibati materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdən aydın olur ki, eyni inzibati xəta hadisəsi ilə bağlı DƏMX tərəfindən həm hüquqi şəxs barəsində, həm də vəzifəli şəxs barəsində eyni tarixdə protokol tərtib olunmuş, vəzifəli şəxs barəsində tərtib olunmuş protokolla əlaqədar xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarla əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzə icraata xitam verilmiş olduğu halda, hüquqi şəxs barəsində tərtib olunmuş protokol mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla da protokolda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması və yenidən araşdırma aparılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar