Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1957/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 221.3 və 445.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 06 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən, Şəxs MMC-yə aid “Elit” aptekdə 06 iyul 2021-ci il tarixdə Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə satıldığı və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamının pozulduğu müəyyən edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında yoxlama zamanı aşkar olunmuş nöqsanların işçinin səhlənkarlığı üzündən baş verdiyini göstərmiş və inzibati xətanın ağır nəticələrə səbəb olmadığını nəzərə alaraq, MMC-nin barəsində minimum həddə cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 06 iyul 2021-ci il tarixli 000026 nömrəli qərarından görünür ki, 06 iyul 2021-ci il - 07 iyul 2021-ci il tarixlərdə (2 gün) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 29 ünvanında yerləşən Şəxs MMC-də plandankənar yoxlamanın aparılması, (Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitələrinin satışının olub-olmması, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl edilib-edilməməsi) qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlanılmasının aparılması 06 iyul 2021-ci il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən Şəxs MMC-nin əczaçısı X3 iştirakı ilə tərtib etdikləri 06 iyul 2021-ci il tarixli 000032 nömrəli yoxlama aktından və fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 29 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Elit” aptekdə plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı yoxlama suallarının siyahısı və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış nümayəndəyə təqdim olunmuşdur. Yoxlama barədə müvafiq qeydlər aparılması üçün “Nəzarət kitabçası” təqdim olunmamışdır. Qərara əsasən Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti əsasında qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına nəzarət şöbəsinə uyğun olaraq, Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitələrinin satışının olub-olmadığının və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl edilib-edilməməsinin yoxlanılması tələb olunmuşdur. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitələrinin satışının olub-olmamasının yoxlanılması zamanı “Ornazar” dərman vasitəsinin (istehlakçı ölkə-Türkiyə, təsiredici maddənin adı-Losartan potassium+hydrocblorotbiazide, təsiredici maddənin dozası- (50+12.5) mq, farmasevtik forması-tablet, ticarət qablaşdırılması-blister, qablaşdırma miqdarı №28, istehlakçı şirkət “Deva Holdinq AŞ”) aptekin satış qiymətindəki (komputer) qiymətinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən (5.02 manat yuxarı qiymətə (5.25 manat) satıldığı müəyyən olundu. Eyni zamanda “Adaptol” dərman vasitəsinin (təsiredici maddənin adı “Mebicar”, təsiredici maddənin dozası-500 mq, farmasevtik forması-tablet, ticarət qablaşdırılması-blister, qablaşdırılma miqdarı №10, istehsalçı ölkə və şirkət - Olaynfarm SC, Latviya) aptekin satış sistemindən (kompyuter) qiymətinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən (9.66 manat) aşağı qiymətə (8.50 manata) satıldığı müəyyən olundu. Bununla da, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olundu. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl eidlib-edilməməsinin yoxlanılması zamanı dövlət qeydiyyatına alınmış 4 ədəd “Ateroks”, 3 ədəd “Denkap”, 6 ədəd “Rifeptid”, 6 ədəd “Ornazor” və 9 ədəd “Adaptol” adlı dərman vasitələrinin üzərində qiymətlərin göstərilmədiyi müəyyən olundu. Bununla da, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyun 2015-ci il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydaları”nın 6.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən olundu. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Şəxs MMCnin “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışı ilə məşğul olması və satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması, onların düzgün tərtib edilməməsi ilə qiymət intizamını pozması, bu inzibati xətanın isə məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilməsi məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 221.3 və 445.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 221.3 və 445.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə-səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 221.3 və 445.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, daha ciddi xəta hesab olunan İXM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 221.3 və 445.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 221.3-cü maddəsi ilə barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1957/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1957/2021
13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver