Məhkəmə qərarları › İş №3(007)-1957/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1957/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1957/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş 11 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən X7 və digər 9 nəfər işçinin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı X17 Xidmətinin 06 fevral 2025-ci il tarixli, 3-17-5/2-10835/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi qüvvədə olduğu halda 10 nəfər işçinin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanması təmin edilməmişdir. Bu barədə xidmət tərəfindən müəssisəyə xx.xx.2025-ci il tarixində icrası məcburi göstəriş göndərilmişdir. Sənədlərə əsasən müəssisə tərəfindən icbari sığorta barədə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərinə aid müqavilələr təqdim olunmuşdur və həmin müqavilələrdə siyahıda adı çəkilən işçilərin adları vardır. İcbari sığorta məsələsi elədir ki, əmək müqaviləsinin bağlanmasından sonrakı dövrdə işçilərin istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanması həyata keçirilir. Dolayısı ilə protokol tərtib olunan dövrdə, həmçinin məcburi göstəriş göndərilən dövrdə həmin müqavilə qüvvədə olmamışdır. Məcburi icra barədə göstəriş MMC-yə xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Həmin tarixdən 20 gün ərzində icra olunmalı olmasına baxmayaraq icra edilməmişdir. İnzibati xətanı ilk dəfə müəyyənləşdirəndə Şəxs MMC-nin 250 nəfər aktiv əmək müqaviləli işçisi olmuşdur, onlardan 156-sı sığorta olunmuş, 94-ü isə sığorta olunmamışdır. xx.xx.2025-ci il tarixinə də 9 nəfər sığortasız işçi qalmışdır. Həmin 9 nəfərin siyahısı iş materiallarında mövcuddur. İnzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl bununla bağlı xx.xx.2025-ci il tarixində Şəxs MMC-yə dəvət məktubu ünvanlanmış, lakin MMC-tərəfindən nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, X17 tərəfindən icrası məcburi olan göstəriş onlara xx.xx.2025-ci il tarixində göndərilmiş və həmin göstərişdə kimlər olduğu bilinməyən işçilər barəsində istehsalatda bədbəxt hadisələrdən sığortalanmasının aşkar edilmədiyi bildirilərək qısa müddət ərzində bu çatışmazlıqları aradan qaldırmaları xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixdə bu məktuba cavab olaraq bildirilmişdir ki, qeyd olunan məktub xx.xx.2025-ci il tarixində müəssisəyə çatdırılmış və hazırda bütün işçilər barəsində sığortalanma aparılmışdır. Protokolda isə qeyd olunur ki, Şəxs MMC xx.xx.2025-ci il tarixli göstərişə əməl etməmiş, aprel ayında işə qəbul olunmuş işçilərin sığortalanması aparılmamışdır. Halbuki bütün işçilər sığortalanmışdır. Aprel ayında işçilərlə əmək müqavilələri bağlanan kimi həmin işçilərin məlumatlarını sığorta şirkətinə göndərmişdir. Təqdim etdiyi sənədlərdə sığortalanmaların nə zaman aparıldığı məlumdur. X17 tərəfindən icrası məcburi olan göstəriş xx.xx.2025-ci il tarixdə göndərilmiş və göstərişdə işçilərin konkret siyahısı qeyd edilməmişdir. xx.xx.2025-ci il tarixdə isə həmin göstəriş əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir, hansı ki həmin tarixdə qeyd olunan işçilərlə qüvvədə olan əmək müqaviləsi olmamışdır. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - 06 fevral 2025-ci il tarixli, 3-17-5/2-10835 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, “Əmək və məşğulluq altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması hallarının aşkar edildiyi qeyd edilmiş və 20 gün ərzində işçilərin icbari sığortalanmasının təmin edilməsi barədə göstəriş verilmişdir - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X15 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X3 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X18 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X16 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X11 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X4 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X19 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X12 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X8 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X7 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanılmışdır və müqavilə xx.xx.2025-ci il tarixədək qüvvədədir. - 11 aprel 2025-ci il tarixli Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, X18, X11, X8, X15, X7, X4 və X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi xx.xx.2025-ci il tarixdə imzalanmış və uyğun olaraq sığorta ödənişi edilmişdir, müqavilə xx.xx.2026-cı ilədək qüvvədədir. - 29 aprel 2025-ci il tarixli Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, X16, X12 və X9 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi xx.xx.2025-ci il tarixdə imzalanmış və uyğun olaraq sığorta ödənişi edilmişdir, müqavilə xx.xx.2026-cı ilədək qüvvədədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə icrası məcburi olan göstəriş xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Həmin tarixdə X18, X11, X8, X15, X7, X4, X3, X16, X12 və X19 ilə Şəxs MMC arasında əmək müqaviləsi mövcud olmamışdır. Belə olan halda həmin tarixdə adları qeyd edilən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının aparılması mümkün deyildir. Şəxs MMC ilə həmin işçilər arasında əmək müqavilələri xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində bağlanmış və əmək müqavilələrinin bağlanmasından dərhal sonra, "xxxx" ASC ilə bağlanmış müqavilələr əsasında xx.xx.2025-ci il tarixdə X18, X11, X8, X15, X7, X4, X1 və xx.xx.2025ci il tarixdə X16, X12 və X9 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMCnin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar