Məhkəmə qərarları › İş №3(007)-1960/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1960/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1960/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş “X8” MMC-nin baş həkimi X5 nümayəndəsi-“Güvən” vəkil bürosunun vəkili Nümayəndə, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndələri X1 və X6 iştirakları ilə, X5 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X8” MMC-nin baş həkimi X9, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 01 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Xidmətinin Bakı şəhər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyevin MN ******* nömrəli, xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə olunmuşam. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, yuxarıda sözügedən MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə, eləcə də normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə” Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək yuxarıda göstərilən məbləğdə cərimə olunmuşdur. Qeyd edir ki, “X8” MMC-nin icraçı direktoru olaraq tərəfindən Şahid qarşı yuxarıda sözügedən inzibati cərimə olunmağına əsas olan inzibati xəta hadisəsi törədilməmişdir. Barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qeyri-qanuni, eləcə də əsassız olması ilə bağlı aşağıdakıları diqqətə çatdırır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Qeyd edilməsi zəruridir ki, “X8” MMC-nin əsas fəaliyyət növü əhaliyə yüksək keyfiyyətli tibbi xidmətlərin göstərilməsindən ibarətdir. İstinad olunan hüquq normasının tələbindən görünür ki, ümumxalq hüzn günü işçilərin işə cəlb olunmasının yolverilməzliyini ehtiva edən AR ƏM-nin 107-ci maddəsində xidmətlərin, o cümlədən tibbi xidmətlərin göstərilməsi ümumxalq hüzn günündə işçilərin işə cəlb olunmasının yol verilməməzliyi istisnalıq təşkil edir. AR ƏM-nin 164-cü maddəsinin tələbinə görə ümumxalq hüzn günü görülən işə görə əmək haqqı gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilməlidir. Şikayətə əlavə edilən 2024-cü ilin yanvar ayı üzrə tabel uçotundan görünür ki, Şahid 20 yanvar 2024-cü il tarixdə, yəni ümumxalq hüzn günündə işə cəlb olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, Şahid 20 yanvar 2024-cü il tarixdə, yəni ümumxalq hüzn günündə işə cəlb olunduğundan həmin ayda ona gündəlik tarif maaşının iki mislindən aşağı olmayan məbləğdə əmək haqqı ödənilmişdir ki, bu hal da şikayətə əlavə edilən sənədlə təsdiqini tapır. Göründüyü kimi Şahid ümumxalq hüzn günündə işə cəlb edildiyindən ona həmin günü işə cəlb edilməsi ilə əlaqədar gündəlik tarif maaşının iki mislindən aşağı olmayan məbləğdə əmək haqqının ödənilməsi təmin olunmuşdur. Yuxarıda sadalanan xüsusatlarla yanaşı, qeyd etməyi zəruri hesab edir ki, Şahid xx.xx.2024-cü il tarixdə işə cəlb olunması və bu tarixdə işə cəlb olunmasına görə ona gündəlik tarif maaşının iki mislindən az olmamaqla ödənilməməsindən şikayət etməmişdir. Şahid şikayəti üzrə tərtib olunmuş **********245385 nömrəli “Müraciət vərəqəsi”ndən görünür ki, Şahid müraciəti xx.xx.2023-cü il tarixdən “X8” MMC-də ümumi cərrah vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunması, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi və xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək ona əmək haqqının hesablanıb ödənilməməsi, eləcə də onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün ona son haqq-hesabın ödənişinin həyata keçirilməməsi ilə əlaqədar olmuşdur. Nəzərə alınması zəruridir ki, Şahid şikayətində göstərdiyi hallar təsdiqini tapmamış və bu səbəbdən də həmin hallarla bağlı inzibati xəta haqqında protokol tərtib olunmamışdır. X11 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi B.B.Rzayeva şikayətin məzmununda göstərilməyən halla bağlı protokol tərtib etmişdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, nəinki “X8” MMC-nin icraçı direktoru kimi əməlində inzibati xəta tərkibi yoxdur, hətta hazırkı halda inzibati xəta hadisəsi belə mövcud deyildir. Göstərilənlərə əsasən, iş üzrə olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 198.1.5-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş X2 ayrıca ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayəti üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X11 Xidmətinin nümayəndəsi tərəfindən bildirilmişdir ki, istirahət günləri və iş günü hesab edilməyən bayram günləri, həmçinin ümumxalq hüzn günü işçi yalnız onun razılığı və işəgötürənin bu barədə əmri olduqda həmin günlərdə işə cəlb oluna bilər. İstirahət və iş günü hesab edilməyən bayram günləri, həmçinin ümumxalq hüzn günü işçilərin işə cəlb edilməsinin hüquqi əsasları AR Əmək Məcəlləsinin 103-109-cu maddələri ilə tənzimlənir. Əmək Məcəlləsinin tələbinə əsasən yalnız əsas məzuniyyətdən geri çağırılma işçinin razılığı və işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (Əmək Məcəlləsinin 137-cü maddəsinin 2-ci hissəsi) İstirahət və iş günü hesab edilməyən bayram günləri, həmçinin ümumxalq hüzn günü işçilərin işə cəlb edilməsinin əsaslarını və qaydasını tənzimləyən Əmək Məcəlləsinin 103-109-cu maddələrində həmin günlərdə işçinin işə cəlb edilməsi üçün işçinin razılığının olması və bu halın müvafiq əmrlə rəsmiləşdirilməsinin zəruriliyi ehtiva olunmamışdır. Əmək Məcəlləsinin 107-ci maddəsində ehtiva olunmuş digər xidmət müəssisələri kateqoriyasına tibb müəssisələri də aid olunduğundan konkret halda ümumxalq hüzn günündə işçinin işə cəlb olunmasının yol verilməzliyi istisna edilir. Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən yalnız istirahət və iş günü hesab edilməyən bayram günləri, həmçinin ümumxalq hüzn günündə işə cəlb edilən işçilərin əməyinin həmin Məcəllənin 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilməsi təsbit olunmuşdur. Yuxarıda göstərilən xüsusatlarla yanaşı qeyd edir ki, Şahid öz razılığı və könüllü iradə ifadəsi əsasında xx.xx.2024-cü il tarixdə işə çıxmışdır ki, bu hal da onun özü tərəfindən təsdiq edilə bilər. Hazırkı şikayətə baxılarkən yuxarıda qeyd edilən xüsusatların və istinad olunan maddi hüquq normalarının tələblərinin nəzərə alınmasıni xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işçiyə ödəmə aparılması ilə bağlı sənəd vardır. Əmr məsələsi belədir ki, əgər müqavilə varsa, müqavilədə də həmin qeyri-iş günlərində işə çıxmaqla bağlı razılıq varsa, əmr verilmir. Ümumilikdə isə işçinin hüquqlarını pozan hərəkət və ya hərəkətsizlik olmamışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 şikayətdə qeyd olunanlarla razılaşmayıb izahatında göstərmişdir ki, “X8” MMC-də cərrah işləmiş X7 öz müraciətində onlara bildirmişdir ki, o, həmin müəssisədə heç bir istirahət günlərinə məhəl qoyulmadan işə cəlb olunmuşdur. Tərəflərindən araşdırılaraq müəyyən olunmuşdur ki, 20 yanvar 2024-cü il tarixində o, işə cəlb edilmişdir, bununla bağlı sənədlər var, sənədlər məhkəməyə təqdim edilmişdir. Əmək Məcəlləsinin 107-ci maddəsi ilə müəyyən edilmişdir ki, işçinin 20 Yanvarda işə cəlb edilməsi qadağandır. Əgər cəlb olunursa, buna razılıq olmalı, əmr verilməlidir. Həmin işçiyə pul 2 qat ödənilib, elə pulun ödənilməsi qanun pozuntusudur. O, belə suala cavab verə bilməz ki, niyə vətəndaşın əmək haqqı ödənməməsi barədə araşdırılma aparılmamışdır. Onlar müqaviləyə dəfələrlə baxmışlar, mübahisəli bu hal barədə qeyd yoxdur, əgər olsa idi onlar qərar yazmazdılar. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X12 digər nümayəndənin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, burada mübahisəli hal odur ki, işçi ümumxalq hüzn günündə işə cəlb olunarkən razılığı alınmamış, əmr verilməmişdir. Mübahisələndirilən qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, “X8” MMC-də maliyyə rəhbəri vəzifəsində işləyir. Hospitalda cərrah vəzifəsində işləmiş X7 20 yanvar 2024-cü il tarixdə öz razılığı ilə işə çıxıb, ona əmək haqqının iki misli ödəniş edilib, əlavə də mükafat verilib. Həmin gün əmr tərtib etmişlər, əmri təqdim edə bilərlər, lakin işə çıxması ilə bağlı Namiqdən ərizə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, o, 21 sentyabr 2023-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək “X8” MMC-də cərrah vəzifəsində işləmişdir. Onunla müqavilə imzalanmış, həkim-cərrah vəzifəsində işləmişdir. 19 sentyabr 2023-cü il tarixdən həkim cərrah kimi, ümumi cərrah işləmiş, müqavilələri olmuşdur. 384 manat əmək haqqı müəyyən edilmiş, lakin heç bir qəpik də almamışdır. O, müraciətində yazmışdır ki, ona heç maaş ödənməyib, bir də 20 Yanvar günü işə cəlb ediblər, bu gün də ödənməyib. Hospitalda pul xəstədən əldən alırmış, kassaya vurulmamışdır ki, vergi ödəməsin. Əldən alınan puldan belə ona ödəniş edilməmişdir. Müfəttişlikdə ona demişlər ki, əmək haqqı barədə araşdırmanı aparmaq səlahiyyəti onlardan alınıb, bu məsələni ancaq məhkəmə araşdıra bilər. Bununla bağlı pul tələbi ilə məhkəməyə müraciət etməli idi, vaxtı yox idi. Şikayət edə bilməmişdir. Həmçinin direktor Sevda xanımla qohumluq var, təzyiq olunmuş, ona görə müraciət etməmişdir. Onu 20 Yanvar günü çağırmışlar, getmiş, lakin əməliyyat baş tutmamışdır. 4 saat orada gözlədilmişdir. Onun həmin gün işə çıxması barədə ərizəsi olmayıb. Onu evdən çağırmışlar. O, həkimdir, and içib, ona görə gedib köməklik göstərməli idi. Əmək müqaviləsində bu barədə yoxdur, amma çağırıblar gedib. Xəstənin kor bağırsağında tıxanma ollmuşdur. Gedib, xəstəni müayinə etmiş, analizə göndərmişdir. Xəstə ödəniş edib, amma ona əlavə 200 manat deyil, 20 Yanvarda çıxdığı iş üçün 58 manat pul ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Əmək müqaviləsi bildirişindən və əmrdən çıxarışdan görünür ki, Şahid 20 sentyabr 2023-cü il tarixdə “X8” MMC-də ümumi cərrah vəzifəsində işə qəbul olunmuş, öz ərizəsinə əsasən 02 fevral 2024-cü il tarixdə işdən azad edilmişdir. -Şahid X11 Xidmətində qeydə alınmış müraciətindən görünür ki, o, 05 fevral 2024cü il tarixdə etdiyi şikayətində bildirmişdir ki, 20 sentyabr 2023-cü il tarixdən “X8” MMC-də ümumi cərrah vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. Şəxsin əmək müqaviləsinə 02 fevral 2024-cü il tarixdə xitam verilmişdir. Sentyabr ayından əmək müqaviləsinə xitam verilən tarixə qədər ona əmək haqqı ödənilməmişdir. Xitam verilən gün ona son haqqhesab ödənişi də həyata keçirilməmişdir. Vətəndaş bu haldan narazıdır, araşdırılmasını və müvafiq köməklik göstərilməsini xahiş edir. -“X8” MMC-nin 06 aprel 2024-cü il tarixli 46/24 nömrəli arayışından, 2024-cü ilin yanvar ayı üzrə əmək haqqı cədvəlindən və 2024-cü ilin yanvar ayı üzrə iş vaxtının uçot tabelindən çıxarışlardan görünür ki, MMC-də həkim cərrah vəzifəsində işləmiş Şahid 2024-cü ilin yanvar ayı üzrə ümumilikdə 5 gün işə çıxmışdır. Bunun da 1 günü Ümumxalq hüzn günündə, yəni 20 yanvar 2024-cü il tarixi olmuşdur. Yanvar ayı üzrə iş günlərinin sayı 23 gün təşkil edir. Şahid Ümumxalq hüzn günündə işləməsi ilə əlaqədar ona həmin gün üçün gündəlik tarif maaşı ikiqat əmək haqqı hesablanıb ödənilmişdir. Belə ki, 2024-cü ilin yanvar ayı üzrə Şahid 4 gün üçün 66,78 manat, Ümumxalq hüzn günündə işlədiyinə görə isə 33,39 manat məbləğində əmək haqqı hesablanıb ödənilmişdir. -Əmək müqaviləsi bildirişindən və əmrdən çıxarışdan görünür ki, X9 05 sentyabr 2022-ci il tarixdən “X8” MMC-nin icraçı direktoru vəzifəsinə təyin edilmişdir (işə götürən özü olmaqla). -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şahid 2024-cü ilin 20 yanvar tarixində AR Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbi pozularaq Ümumxalq hüzn günü “X8” MMC-də işə cəlb edilmiş və həmin gün üçün əmək haqqı həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq ödənilməmişdir. Nəticədə “X8” MMC-nin icraçı direktoru X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 01 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X8” MMC-nin icraçı direktoru X5 barəsində 19 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.5-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 01 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının qəbul edilməsinə, “X8” MMC-də cərrah həkim vəzifəsində işləmiş Şahid 20 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbi pozularaq ümumxalq hüzn günü “X8” MMC-də işə cəlb edilməsi və həmin gün üçün əmək haqqının həmin Məcəllənin 164-cü maddəsinin tələblərinə uyğun olaraq ödənilməməsi əsas olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 103-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir, fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir; 104-cü maddəsinin 1-ci hissəsinə əsasən, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır; 106-cı maddəsinə əsasən, hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir; 107-ci maddəsinə əsasən bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir; 101-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün. 164-cü maddəsinin 1-ci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə tibb müəssisələri ilə yanaşı, səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bəndinə əsasən, müəssisənin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “X8” MMC özəl tibb fəaliyyəti ilə məşğul olmaqla əhalinin sağlamlığının qorunması sahəsində işlər həyata keçirir. Ona görə Əmək Məcəlləsinin 107-ci maddəsində dairəsi müəyyən olunmuş digər xidmət müəssisələri kateqoriyasına tibb müəssisələri də aid olunmalıdır, hansı ki, belə müəssisələrdə ümumxalq hüzn günündə işçinin işə cəlb olunmasına yolverilməzlik yoxdur. Bundan başqa, əmək qanunvericiliyində ümumxalq hüzn günündə işçinin işə cəlb edilməsi üçün işçinin razılığının olması və bu halın müvafiq əmrlə rəsmiləşdirilməsi nəzərdə tutulmamışdır. Həkim Şahid ümumxalq hüzn günü hesab olunan 20 yanvar 2024cü il tarixində “X8” MMC-də işə cəlb olunduğundan həmin ayda ona gündəlik tarif maaşının iki mislindən aşağı olmayan məbləğdə əmək haqqı ödənilmişdir. Bu qeyd edilənlər isə “X8” MMC-nin icraçı direktoru X5 işçi Şahid əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməməsini sübut və təsdiq edir, həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X8” MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 01 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar