Məhkəmə qərarları › İş №3(007)-1963/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1963/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1963/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin mənasına görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Təqdim olunan materiallarla müəyyən edilir ki, iş üzrə 3 yanvar 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar, Şəxs 3 yanvar 2025-ci il tarixdə yol hərəkəti qaydaları əleyhinə olan xətanı törətməsi ilə əlaqədar qəbul olunmuşdur. Lakin qanunla müəyyən edilmiş (həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulan, eləcə də qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən onun icra edilməsi üçün nəzərdə tutulan 3 ay müddət birlikdə olmaqla) müddət tamam olmadan, 3 aprel 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə o, inzibati məsuliyyətə məruz qalmışdır. Bundan başqa, materiala əlavə edilən, şəxsin istifadəsində olan mobil telefonuna sms göndərilməsi barədə arayış formal xarakter daşıyır, smsin hansı məqsədlə göndərilməsi, məzmunu, göndərilən nömrə, smsin çatdırılmasını əks etdirən məlumat həmin arayışda öz əksini tapmamışdır, ona görə yuxarıda göstərilən tələblərə əməl edilməsi demək deyildir. Hesab edirəm ki, qanunvericiliyin tələbinə əməl edilməsini özündə əks etdirən sübutun təqdim edilməsi məqsədəuyğun olardı. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına, təqdim edilmiş material natamam olduğuna görə material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 3 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar