Məhkəmə qərarları › İş №3(007)-1968/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1968/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1968/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər Statistika İdarəsinin rəisi X1 iştirakı ilə, Bakı şəhər Statistika İdarəsinin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı şəhər Statistika İdarəsi istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər Statistika İdarəsinin rəisi X2 bildirmişdir ki, işdə olan xəbərnaməyə imza edən Qardaşov Cəfər adlı şəxsin kim olması aydın deyil, rəhbəri olduğu İdarədə belə işçi yoxdur, ona görə polis orqanının bildirişinin kim tərəfindən qəbul edilməsini bilmir. Ümumiyyətlə, İdarəyə belə bildiriş göndərilməsinə zərurət də olmamışdır. Belə ki, xx xxx 2019-cu il tarixdə Yasamal rayon DYP şöbəsinə rəsmi məktub ünvanlayaraq Bakı şəhər Statistika İdarəsinin balansında olan nəqliyyat vasitələri, onların sürücüləri barədə məlumat vermişlər. Lakin həmin orqan əsassız olaraq onlara bildiriş ünvanlayaraq xəta törətmiş sürücü barədə məlumat tələb etmişdir. Məlumatın verildiyi vaxtdan sonra sürücülərlə bağlı dəyişiklik olardısa, həmin məlumat tərəflərindən yenilənərdi. Buradan da görünür ki, tərəflərindən hər hansı xətaya yol verilməmişdir. Həmin əsaslarla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Bakı şəhər Statistika İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Yasamal RPİ DYPŞ-si tərəfindən Bakı şəhər Statistika İdarəsinə ünvanlanmış bildirişdən görünür ki, İdarəyə məxsus “Toyota Camry minik” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin Bakı şəhər Statistika İdarəsinə ünvanlanmış bildirişi poçt xəbərnaməsində “Qardaşov Cəfər” soyadı və adı yazılıb, imza edilərək xx xxxxxxxx 2020-ci il tarixdə alınmışdır. Bakı şəhər Statistika İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 1418 nömrəli məktubundan görünür ki, həmin X7 adlı işçisi olmamışdır, hazırda da yoxdur. Bakı şəhər Statistika İdarəsinin xx xxx 2019-cu il tarixli 556 nömrəli məktubundan görünür ki, həmin İdarənin balansında olan nəqliyyat vasitələrinin sürücüləri (X3 - Mazda 3 markalı ** AD *** dövlət qeydiyyat nişanlı; X4 - Toyota Camry markalı ** AZ *** dövlət qeydiyyat nişanlı; X5 - VAZ 21041 markalı ** AM *** dövlət qeydiyyat nişanlı) haqqında məlumat Bakı şəhəri Yasamal rayon DYP şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər Statistika İdarəsinin müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, İdarəyə daxil olması öz təsdiqini tapmır. Xəbərnamədə göstərilən, kimliyi və vəzifəsi məlum olmayan “Qardaşov Cəfər” soyad və adlı şəxs isə qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Hansı ki, Bakı şəhər Statistika İdarəsindən verilmiş rəsmi məktubda İdarənin “Qardaşov Cəfər” adlı işçisinin olmadığı, hazırda da olmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Statistika İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin sorğusunun həmin İdarəyə daxil olduğu öz təsdiqini tapmadığından, Bakı şəhər Statistika İdarəsinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Statistika İdarəsinin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar