Məhkəmə qərarları › İş №3(007)-1973/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1973/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1973/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 07 iyul 2021-ci il tarixli 00100-1305/21 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC Çin Xalq Respublikasından 42222885 nömrəli vaqonda idxal etdiyi 4000 ədəd yemişan, qoz və alma tinglərini 09 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9147 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etmiş, qeyd olunan mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na aid olduğundan mallara dair tələb olunan gigiyenik sertifikat gömrük orqanına təqdim edilə bilməmiş, MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə müraciət edilərək çatışmayan sənədlərin təqdim edilməsi barədə 24/24/009645 qeydiyyat nömrəli 10 aprel 2021-ci il tarixli məktubla qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində öhdəlik götürüldüyündən mallar həmin öhdəlik əsasında buraxılmış, lakin gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisinin 16 may 2021-ci il tarixli raportundan, gömrük bəyannaməsindən, 10 aprel 2021-ci il tarixli öhdəlik sənədindən və işdə olan digər sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qaydada inzibati xətaya yol verilmişdir. Habelə, inzibati icraatda iştirak edən Şəxs MMC-nin nümayəndəsi izahatında inzibati xəta hadisəsini etiraf edərək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəriməni ödəməyə hazır olduqlarını göstərmişdir. 10 aprel 2021-ci il tarixli öhdəlik sənədindən görünür ki, mal sahibi Şəxs MMC (**********) öhdəsinə götürür ki, BK210123-55JY nömrəli 23 yanvar 2021-ci il tarixli invoysla, ******* nömrəli vaqonla və **********9147 nömrəli yük gömrük bəyannaməsi ilə daxil olmuş yükün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar rəyi alınanadək bu məhsulların anbardan buraxılmasına və satışına icazə verilməyəcəkdir, rüsum dərəcəsi dəyişdiyi zaman fərqinin tam ödənilməsinə zəmanət verilir. Əks təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrıayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar