Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1975/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı mütəxəssisi Fərhad Yadigarov tərəfindən tərtib edilmiş 05.07.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 14650 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 21.05.2019-cu il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də 14650 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC ilə “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkəti arasında bağlanmış 30.04.2019-cu il tarixli müqavilə üzrə 21.05.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkətinin hesabına 14650 ABŞ dolları köçürülmüşdür. Həmin müqavilə əsasında 14.06.2019-cu il və 28.06.2019-cu il tarixlərdə “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkəti tərəfindən 8800 ABŞ dolları və 5850 ABŞ dolları olmaqla, cəmi 14650 ABŞ dolları dəyərində mal Şəxs MMC-yə göndərilmişdir. O, malın daxil olması barədə gömrük bəyannamələrini banka təqdim etməli olduğunu bilmədiyi üçün həmin bəyannamələri banka təqdim etməmişdir. Hazırda gömrük bəyannamələrini banka təqdim etmişdir. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-yə ünvanlanmış 21.06.2021-ci il tarixli, 16-02241-2021 nömrəli bildirişdən görünür ki, "xxxx" MMC tərəindən “Bank VTB (Azərbyacan)” ASC-dəki bank hesabından 21.05.2019-cu il tarixdə 14650.00 ABŞ dolları məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 14650.00 ABŞ dolları hissəsi ilə əlaqədar köçürülmənin aparıldığı tarixdən 2 il ərzində müvafiq malların ölkəyə idxalını (idxal olunan xidmətlərin göstərilməsini) və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilmədiyindən əməldə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin müşahidə edildiyi, göstərilən faktla bağlı cəmiyyətin əməldə inzibati xəta tərkibinin olmasını istisna edən sübutların 05.07.2021-ci il tarixədək təqdim edilmədiyi təqdirdə müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmişdir. - 20.05.2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkəti ilə Şəxs MMC arasında bağlanmış 30.04.2019-cu il tarixli, ZLS/002 nömrəli müqavilə üzrə 21.05.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkətinin hesabına 14650 ABŞ dolları köçürülmüşdür. - 14.06.2019-cu il tarixli, **********1415 nömrəli və 28.06.2019-cu il tarixli, **********5647 nömrəli gömrük bəyannamələrindən görünür ki, 30.04.2019-cu il tarixli, ZLS/002 nömrəli müqavilə üzrə 21.05.2019-cu il tarixdə ödənilmiş 14650 ABŞ dolları məbləğində vəsaitin müqabilində “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkəti tərəfindən Şəxs MMC-yə mal göndərilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 30.04.2019-cu il tarixli, ZLS/002 nömrəli müqavilə üzrə 21.05.2019-cu il tarixdə Şəxs MMC tərəfindən “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkətinin hesabına 14650 ABŞ dolları köçürülmüş və 14.06.2019-cu il və 28.06.2019-cu il tarixlərdə “ZENİTA LİFESCİENCE PVT.LTD” şirkəti tərəfindən Şəxs MMC-yə həmin məbləğdə mal göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1975/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1975/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver