Məhkəmə qərarları › İş №3(007)-1984/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1984/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1984/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 07 fevral 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 07 fevral 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gürcüstan vətəndaşıdır və məlum pandemiyadan əvvəl təxminən 2020-ci ilin əvvəllərində AR-nın ərazisinə daxil olub burada qalmışdır. İdarə etdiyi avtomobil BMV markalı, 323İ modelli, XC-957-CX dövlət qeydiyyat nişanlıdır. 07 fevral 2023-cü il tarixdə saat 14 radələrində dövlət yol polis əməkdaşı X8 idarə etdiyi avtomobili Nizami rayonu ərazisində saxlayaraq sənədlərini tələb etmiş, sənədlərə baxdıqdan sonra ona bildirmişdir ki, onun Azərbaycan Respublikası ərazisində avtomobili idarə etməyə hüququ yoxdur və əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin tərkib əlamətləri vardır və bu maddə ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirmişdir. O, polis əməkdaşına bu hüquqi mövqeyinə etiraz edib konkret qanunun normasını misal göstərərək onun belə bir hüququnun olduğunu göstərmiş, lakin inspektor onun haqlı tələblərinə heç bir əhəmiyyət verməyərək qanunsuz ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və 100 manat cərimə ediləcəyini bildirmişdir. İnspektorun paradoksal məntiqinə görə, guya o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə cərimə olunmalıdır. Qeyd edir ki, sürücülük hüququnun olmasına dair rəsmi sənədi vətəndaşı olduğu Gürcüstan Respublikası müddətsiz olaraq vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici səlahiyyətli orqan tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında AR ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququna malikdirlər. Eyni zamanda Yol hərəkəti haqqında” Qanunun 35-1.2-ci maddəsi ilə bu hüququ təsbit olunmuşdur. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protololun etibarsız hesab edilməsinə və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, quru sərhədləri bağlı olduğu üçün avtomobilini idarə edərək ölkə ərazisini tərk edə bilməmişdir, sürücülük vəsiqəsi isə ona müddətsiz verilmişdir, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara istinad edərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs hesab edildiyini bildirsə də, buna məhəl qoyulmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, bu, qanunsuz olmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, X5 “BMW” markalı XC-957-CX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, onu idarə etmək hüququ olmadan idarə etdiyinə görə 07 fevral 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında inzibati qaydada tənbeh olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2022-ci il tarixli Qərarına uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. X5 da belə icazə və sürücülük vəsiqəsinə malkik olmadığı üçün həmin qaydada inzibati tənbeh edilmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 07 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX inspektoru tərəfindən tərtib edilmiş 07 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “BMW” markalı XC-957-CX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 07 fevral 2023-cü il tarixdə saat 14:00-da Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 07 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “BMW” markalı XC-957-CX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 07 fevral 2023-cü il tarixdə saat 14:00-da “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə”, 07 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 332.2ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, X5 şikayətində inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməklə yanaşı, inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsini də xahiş etmişdir, hansı ki, hazırkı icraat inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını özündə ehtiva etdiyindən şikayət yalnız həmin hissədə yoxlanılaraq hüquqi qiymət verilir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 322.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir; 34-cü maddəsinin İ hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir; 35-1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir; 35-1-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli Qərarına əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarla gəldiyi hüquqi nəticədə qeyd olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1.2-ci maddəsinin mənasına görə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur. Həmin maddənin ikinci cümləsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Belə tənzimetmə Azərbaycan Respublikasının 29 aprel 1997-ci il tarixli Qanunla qoşulduğu “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının (bundan sonra – Konvensiya) 41-ci maddəsinin 2 və 6-cı hissələrinin müddəalarına uyğundur. Konvensiyanın 41-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, a) Razılığa gələn Tərəflər bu Konvensiyanın 6 nömrəli Əlavəsinin müddəalarına uyğun olan istənilən milli vəsiqəni və bu Konvensiyanın 7 nömrəli Əlavəsinin müddəalarına uyğun olan və müvafiq milli vəsiqə ilə birgə təqdim edilən hər hansı beynəlxalq vəsiqəni, vəsiqədə qeyd olunan kateqoriyalara uyğun olaraq nəqliyyat vasitəsini öz ərazilərində idarə etmək üçün bir şərtlə tanıyırlar ki, vəsiqə qüvvədədir və həmin vəsiqə digər Razılığa gələn Tərəf, onun ərazi bölməsi və yaxud buna səlahiyyəti olan qurumu tərəfindən verilmiş olsun; b) bir Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsi digər tərəfin ərazisində, həmin ərazi vəsiqə sahibinin yaşayış yeri olan ana qədər tanınır. Həmin maddənin 6-cı hissəsinə əsasən, bu maddənin müddəaları Razılığa gələn Tərəflər üçün aşağıdakı öhdəlikləri yaratmır: - milli vəsiqələrin verildiyi anda Razılığa gələn digər Tərəfin ərazisində adi yaşayış yeri olan və ya bu vəsiqə verildikdən sonra öz adi yaşayış yerini onun ərazisinə keçirən şəxslərə verilmiş milli vəsiqələrin etibarlığını tanımaq; - milli vəsiqələrin verildiyi anda vəsiqələrin verildiyi ərazidə adi yaşayış yeri olmayan və ya vəsiqələri verildikdən sonra öz yaşayış yerini başqa əraziyə keçirən sürücülərə verilmiş milli vəsiqələrin etibarlığını tanımaq. Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir. Qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - vəsiqə dəyişdirilənədək müvəqqəti məhdudlaşdırılmış şəxs kimi qiymətləndirilir və bu əsasla Cinayət Məcəlləsinin 263-1-ci maddəsində göstərilmiş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” kimi tanınır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqələrinin müvafiq müddət ərzində dəyişdirilməsinə dair tələb ictimai maraqların qorunmasına yönəlməklə vəsiqə sahibinin üzərinə hər hansı ağır inzibati yük qoymur. Sürücülük vəsiqəsinin dəyişdirilməsi onun sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir (“Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin Vİİ hissəsi). Burada məqsəd, sürücülük vəsiqəsinin ümumi reyestrə salınması, vəsiqədəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılması, balla qiymətləndirilən inzibati xətalara görə bal sisteminin tətbiq edilməsidir. Əks yanaşma İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların törədilməsinə görə sürücülərin bir il ərzində 20 və daha çox bal topladığı təqdirdə, inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair həmin Məcəllənin 27.4-cü maddəsinin tətbiqini qeyri-mümkün etmiş olar. Beləliklə, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrindən istifadə, yol hərəkəti sahəsində gücləndirilmiş nəzarət hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, bunun nəticəsi kimi insanların həyat və sağlamlığının, mülkiyyətinin qorunmasına yönəldiyindən, bu sahədə fərdin üzərinə qoyulan məhdudiyyətlər ictimai maraqlara tam mütənasib hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 “BMW” markalı XC-957-CX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 07 fevral 2023-cü il tarixdə saat 14:00-da “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə”, 07 fevral 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallarla bağlı məhkəmə qeyd edir ki, X1 Respublikasının vətəndaşıdır, o, 2020-ci ilin əvvəllərində idarə etdiyi “BMW” markalı XC-957-CX dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Lakin, X5 Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almamış, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməmişdir. X5 quru sərhədləri bağlı olduğu üçün avtomobilini idarə edərək ölkə ərazisini tərk edə bilmədiyi barədə dəlil irəli sürsə də, araşdırmalarla müəyyən edilmişdir ki, məlum pandemiya səbəbindən Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq qərarlarla Gürcüstanla Azərbaycan arasında gediş-gəliş 2020-ci ilin mart ayında dayandırılsa da, 2021-ci ilin iyun ayından həmin ölkə vətəndaşlarının quru sərhədlərindən keçməklə, o cümlədən özlərinə məxsus nəqliyyat vasitəsini idarə etməklə, ölkə ərazisini tərk etmələrinə icazə verilmişdir. Belə olan halda, X5 Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almalı, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ əldə etməli idi. X5 belə qaydalarla müəyyən edilmiş icazə və sürücülük vəsiqəsinə sahib olmadığı üçün Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab olunur, onun həmin xətaya görə inzibati qaydada tənbeh edilməsi qanuni və əsaslı olmuşdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə” haqqında inzibati cərimə növündə tənbeh tətbiq olunması, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşımışdır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, X2 adına olan sürücülük vəsiqəsi 19 iyun 1990cı il tarixdə verilmiş, 08 iyul 2012-ci il tarixdə yenilənmişdir, vəsiqədə onun qüvvədə olma müddəti göstərilməsə də, X2 qeyd etdiyinə görə, bu sənəd ona müddətsiz olaraq verilmişdir. Lakin, nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Gürcüstan Respublikasının qanunvericiliyində sürücülük hüququ verən sənəddə, vəsiqədə onun etibarlılıq müddəti göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135.1-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 07 fevral 2023cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar